Tarix: 23-10-2020 | Saat: 12:42
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Televiziyası radionun yaranmasından 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb. Həmin dövrdə Azərbaycanda televiziyanın fəaliyyət göstərməsi nadir hadisə sayılsa da, Dövlət Televiziyası Azərbaycanda yeganə TV deyildi. Bölgə televiziyası olaraq, Şuşa televiziyası da fəaliyyət göstərirdi.
1961-ci ildə Gəncədə, Göyçayda və Şuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Xanlar, Goranboy, Yevlax, Mingəçevir, Ağcabədi və Dağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan vermişdi.
Bir neçə il öncə Modern.az saytının təşəbbüsü ilə Şuşa televiziyasının bərpası gündəmə gətirildi. Televiziyanın Şuşadan kənarda belə olsa, fəaliyyət göstərməsinin önəmi vurğulandı. Bu təşəbbüs reallaşmasa da, gələcək üçün daha fərqli planların, təkliflərin səsləndirilməsinə zəmin rolunu oynadı.
Lakin indi vəziyyət tamam fərqlidir. Bu il sentyabrın 27-dən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı, Qarabağ uğrunda döyüşlərin şiddətlənməsi tarixi torpaqlarımızın azad olunması ilə nəticələndi. Hələ müharibənin 27-ci günü olsa da, artıq işğal altında olan 100-dən çox kəndimiz azad olunub. Azərbaycan xalqı Şuşa, Xankəndi, Laçın və Kəlbəcərin tezliklə azad olunacağına o qədər əmindir ki, artıq doğma torpaqlarımıza qayıdacağımız günlə bağlı planlar qururuq. Bu məqamda Şuşa Televiziyasının bərpası da yenidən gündəmə gəlir və bununla bağlı indidən planlar qurulması yerinə düşərdi.
Bu barədə danışan Şuşanın icra başçısı Bayram Səfərov da Şuşa Televiziyasının yenidən fəaliyyət göstərməsini zəruri hesab edir. İcra başçısı qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşanı və işğaldan azad olunan bütün ərazilərimizi daha gözəl şəkildə bərpa edəcək:
“Doğma torpaqlarımızda əvvəlki kimi gözəl şəhərlər, qəsəbələr salınacaq. İş yerləri açılacaq, təhsil, səhiyyə sıfırdan qurulacaq. Əvvəlkindən qat-qat yaxşı şəraitin olacağına əmin ola bilərsiniz. Doğma şəhərim Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz qarabağlılar da bütün quruculuq işlərində var gücümüzlə çalışacağıq.
Şuşada bütün infrastruktur obyektlərinin fəaliyyəti üçün imkan var. Mən hesab edirəm ki, vaxtilə böyük maraqla izlənən Şuşa Televiziyasının da bərpası mütləqdir. Azad olunandan sonra Qarabağ bölgəsi hər kəsin diqqət mərkəzində olacaq. Burada baş verən hadisələrin, görülən işlərin, yeni xəbərlərin bütün dünyaya duyurulması üçün televiziyanın olması vacibdir. Televiziyanın işə başlaması yeni iş yeri kimi də böyük diqqət cəlb edəcək. Düzünü desəm, Şuşa Televiziyasında çalışan jurnalistləri, əməkdaşları o qədər də xatırlamıram. Kimlər həyatdadır, bilmirəm. Çünki hazırda heç kimlə yaxın əlaqəm yoxdur. Amma bizim çox gözəl aparıcılarımız, jurnalistlərimiz, operatorlarımız var idi. Hətta 20 Yanvar faciəsi zamanı hamı AzTV-nin dağıdılması xəbərini Şuşa Televiziyasından almışdı. İndiki məqamda televiziyanın əməkdaşları da yenidən ora qayıdanda öz işlərini davam etdirə bilərlər. Güman edirəm ki, Şuşa Televiziyası yenidən bərpa olunacaq”.
Bayram Səfərov Şuşanın açıq bir muzey şəhəri olduğunu hesab edir:
“Orada 270-dən çox obyekt mədəniyyət abidəsi kimi qeydə alınıb. Ermənilər torpaqlarımızdan tariximizi, izlərimizi silmək üçün hər şeyi talan ediblər. Fikrimcə, bütün tarixi abidələrimiz, muzeylər, qəbiristanlıqlar, məscidlər, tarixi əhəmiyyətli binalar, xatirə niyyətinə salınan bulaqlar – hər şey bərpa olunacaq”.
Digər xəbərlər