Saytımızı qiymətləndirin


 
 

Pezeşkian İranda ilk dəfə sünni siyasətçini özünə müavin təyin edib-FOTO
Tarix: 27-08-2024 | Saat: 19:54
Bölmə:Karusel / Region | çapa göndər

İranın islahatpərəst prezidenti Məsud Pezeşkian deputat Əbdülkərim Hüseynzadəni özünün kəndlərin və az imtiyazlı ərazilərin inkişafı üzrə müavini təyin edib.

Bu təyinat avqustun 26-da elan edilib. Hüseynzadə 1979-cu il islam inqilabından bəri İran hökumətinə təyin olunan ilk sünni siyasətçidir. Pezeşkian sərəncamında Hüseynzadəni sədaqəti və dəyərli təcrübəsinə görə bu vəzifəyə seçdiyini qeyd edib.

Hüseynzadə kəndlərdə həyat şəraitinin yaxşılaşdırılması və kəndlərin inkişaf göstəricilərinin təkmilləşdirilməsi üzrə çalışacaq. 44 yaşlı Hüseynzadə 2012-ci ildən şimal-qərbi Nəqədə və Oşnevie şəhərlərini parlamentdə təmsil edib.

Hökumətin dəyərləndirməsinə görə, sünni müsəlmanlar İranın şiə çoxluqlu əhalisinin 5-10 faizini təşkil edirlər. 1979-cu il islam inqilabından üzü bəri onlar nadir hallarda əsas vəzifələrdə olublar.

İyulun 5-də prezident seçkisinin ikinci turunu qazanan Pezeşkian milli birlik hökuməti quracağını deyib. Onun komandasının üzvləri bununla İranın etnik və dini fərqliliyini təmsil edəcək nisbətən gənc kabinetin nəzərdə tutulduğunu deyiblər.

Ancaq Pezeşkian bu ayın əvvəlində nazir postlarına namizədlər siyahısına sünni müsəlmanlar kimi az təmsil olunan qruplardan namizəd salmadığına görə tənqid olunmuşdu.

Ötən həftə mühafizəkarların nəzarətində olan parlament 19 nazir postuna namizədləri bir dəfəyə təsdiqləyib. 2001-ci ildən belə bir addım görülməmişdi. Hökumətə etimad səsverməsindən öncə Pezeşkian deputatlara deyib ki, o, üzvləri Ali dini lider Əli Xamenei ilə koordinasiyalı şəkildə seçib. Bu zaman çoxları belə bir qənaətə gəldi ki, Pezeşkian hökumətinin üzvlərini ali dini lider seçib və bunu İranda prezidentin səlahiyyətinin necə məhdud olmasının göstəricisi adlandırdılar.

Pezeşkian hökumətində üç qadın da var. Yollar naziri Fərzanə Sadiq islam respublikası tarixində nazir təyin olunan ikinci qadındır. Digər qadınlar isə Pezeşkianın qadınlar və ailə məsələləri üzrə köməkçisi Zəhra Bəhruz-Azar və prezidentin köməkçisi, Ətraf Mühitin Mühafizəsi Təşkilatının başçısı Şina Ənsaridir.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər