Tarix: 02-04-2022 | Saat: 20:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
2 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəfəq” Ekoturizm İctimai Birliyinin icra etdiyi “Ekoturların təşkili üzrə bələdçilərin hazırlanması” layihəsi çərçivəsində Astara rayonunun Sım kəndində 3 günlük (2, 3, 4 aprel 2022-ci il) təlim-təcrübə proqramı start götürüb.
Qarabaginfo.az xəbər verir ki, tədbir İB-in prezidenti və layihə rəhbəri Vamiq Babayevin iştirakçılara layihəni maliyyələşdirən donor, təmsil etdiyi təşkilat, layihə və layihə çərçivəsində təşkil edilən təlim-təcrübə proqramı haqqında məlumat verməsi ilə başlayıb.
Tədbir İB-nin vitse-prezidenti və layihənin eksperti Rafət Şirəliyevin “Ekoturizm fəaliyyəti üçün yaradılan imkanlar”, “Turizm sahəsində qanunvericilik”, “Ekoturizm sahəsində mövcud problemlər və inkişaf prespektivləri” mövzularında fikirlərini bölüşməsi ilə davam edib.
Daha sonra təlim-təcrübə proqramı İB-nin idarə heyəti üzvü, layihə üzrə təlimçi Samir Salayevin “Turizmin növləri”, “Ekskursiyaların təsnifatı”, “Tur proqramının tərtib edilməsi”, “Ekskursiya rəhbərinin xüsusiyyətləri (sənəti, şəxsiyyəti, peşəkarlığı, nitqi və s.) mövzusunda təcrübələrini bölüşməsi ilə öz tempində davam edib.
Təlim-təcrübə proqramında təşkilatın əvvəlcədən elan etdiyi onlayn müraciət forması əsasında müəyyən edilmiş ölkənin 15 regionunu (Bakı, Lənkəran, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Gəncə, Şəki, Quba, Xaçmaz, Şuşa, Zəngilan, Göyçay, Ağstafa) təmsil edən ümumilikdə 22 gənc iştirak edir.
Qeyd edək ki, layihənin məqsədi ölkəmizin ekoturizm imkanlarını turistlər, eyni zamanda yerli əhali arasında təbliğ və təşviq etmək üçün hazırlıqlı və bacarıqlı bələdçilərin fəaliyyətini stimullaşdırmaqdır. (seyahetchi.az)
Digər xəbərlər