Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür, 75 yaşı tamam olur.
1979-cu ildə, 30 yaşında Şeyxülislam seçilən A.Paşazadə istər sovet, istərsə də müstəqillik dövründə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib.
Şeyxulislamın ictimai-siyasi bioqrafiyası kifayət qədər zəngin irsi daşıyır. Ona qədər Azərbaycanda SSRİ zamanında mükəmməl dini təhsil ala bilmiş rəhbər olmayıb. A.Paşazadədən əvvəlki son üç Şeyxulislamın ikisi Rusiya İmperiyası zamanında dini təhsil alıb, sabiq milis işçisi olan sonuncu rəhbər isə fərdi biliklər qazanması sayəsində bu postu tutub.
QMİ sədri sovetdən qalma ənənəvi dini passivliyi dağıdaraq ona yeni nəfəs verməyi bacarıb. 30 yaşında Şeyxülislam seçilən A.Paşazadə sovet məkanında ən gənc dini rəhbər idi. Bu seçim SSRİ-nin dini cameəsində böyük rezonans yaratdı. Çünki SSRİ-də adətən müsəlman din rəhbərləri çox yaşlı olur və cəmiyyətdən təcrid olunmuş halda fəaliyyət göstərirdilər.
Allahşükür Paşazadə sovet vaxtı Daşkənddə ali təhsil almaqla Azərbaycanda azsaylı savadlı dindar kəsiminin ilk pionerlərindən olub. İslamı cəhalətin və dini xürafatın qucağında görən ateist sovet rejimi üçün savadlı din xadimi arzuolunan sayılmırdı. Məhz bu savadlı, elmə açıq, müasir düşüncə tərzi ilə seçilən Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinə etimadı yaradan, xalqı inanc birliyinə təşviq edə bilən rəhbər kimi yadda qaldı.
Allahşükür Paşazadə hələ sovet dövründən dini məsələlərdə prinsipiallıq və cəsarətli addımları ilə fərqlənməyə başlamışdı.
Onun 80-ci illərdə yerli kommunistlərin müraciəti ilə Moskvanın qəbul etdiyi Gəncə İmamzadəsini partlatmaq qərarının qarşısını ala bilməsi dövrünün inanılmaz hadisəsi sayıla bilər. O zaman respublikanın rəhbəri olan ulu öndər Heydər Əliyevə yol taparaq bu sərsəm qərardan onu xəbərdar edə bildi. Bununla da Gəncənin bu gün bütün müsəlman dünyasında xüsusi ehtiram göstərilən dini ocağını vəhşi hucumdan xilas edə bilmişdi.
Gənc Şeyxülislamın kommunist rəhbərliyi qarşısında dağıdılmış Bibiheybət məscidinin bərpası ilə bağlı qaldırdığı təklif bu qəbildəndir. Sərt ateist prinsiplərinin hökm sürdüyü ölkədə yaşayan dini lider üçün bu təklif kifayət qədər riskli addım idi. A.Paşazadəyə qədər Azərbaycanın dini rəhbərləri bu məsələni açıq şəkildə dilə gətirməkdən çəkinmişdilər.
1986-cı ildə ABŞ Dövlət Departamentinin QMİ sədri haqqında hazırladığı təhlil xarakterli hesabatında Allahşükür Paşazadənin digər sovet din xadimlərinə xas olmayan bir sıra qeyri-adi cəhətləri ilə fərqləndiyini xüsusi qeyd etmişdi.
1986-cı ilin oktyabrında Azərbaycanda ilk dəfə İslam Konfransı Təşkilatının himayəsi altında təşkil olunan “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans QMİ sədrinin təşkilatçılığı ilə keçirilmişdi. Dünyanın 30-dan çox dövlətini təmsil edən 600-dən çox din xadiminin iştirak etdiyi bu beynəlxalq konfrans Azərbaycanın dünya müsəlmanlarının yeni əməkdaşlıq mərkəzi kimi təqdimatı oldu.
Buna qədər SSRİ üçün çox nadir hadisə olan belə beynəlxalq tədbirlər yalnız Orta Asiyada – Daşkənddə baş tuturdu.
Bakıda keçirilən bu konfrans Azərbaycanın müsəlman dünyası ilə yaxın əlaqələr qurmasında bir vəsilə oldu. Üstündən 5 il ötəndən sonra –1991-ci ildə Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İslam Konfransı Təşkilatının (hazırkı adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.
80-ci illərdə SSRİ-də başlanmış yenidənqurma prosesi xalqların dini inanclarna qayıdışa rəvac verdi. Müsəlman respublikalarının dini liderləri arasında dövrün yeni çağırışlarına cavab verəcək azsaylı din xadimləri sırasında A.Paşazadə də var idi.
1989-cu ildə SSRİ xalq deputatı mandatını alan Şeyxülislam SSRİ-də dindarlara ilk dəfə hüquq verən “Vicdan azadlığı haqqında” qanun layihəsini hazırlayan işçi qrupun tərkibinə daxil edildi.
1988-ci ildə Azərbaycanda Qarabağda separatçı hərəkata etiraz başlananda QMİ sədri hakimiyyət “qapıları” arxasında gizlənən din xadimlərindən olmadı. O, tribunadan milyonluq etiraz mitinqinin iştirakçılarını Qarabağ uğrunda, Azərbaycanın haqq işi uğrunda mübarizəyə səsləyərək xalqla bir sırada oldğunu bəyan etdi. Öz dövrü üçün gözlənilməz görünən bu addım Allahşükür Paşazadəni ictimai-siyasi proseslərin mərkəzinə gətirdi.
1990-cı ilin 20 yanvar qırğını Azərbaycanda prosesləri dəyişdirən məhək daşı oldu.
Bakıya sovet ordusunun yeridilməsi, Azərbaycan xalqına qanlı divan tutulması ölkəmizdə başlanmış azadlıq hərəkatını dağıtmaq məqsədi daşıyırdı. Bütün siyasi təşkilatların, ictimai qurumların, sovet idarələrinin qorxudan susduğu, gizləndiyi bir vaxtda meydanda tək qalmış Azərbaycan xalqı Moskvadan Heydər Əliyevin səsini, Bakıda Şeyxulislam Allahşükür Paşazadənin bu qanlı qırğına görə SSRİ Prezidenti Mixail Qorbaçovu lənətləyən Bəyanatını eşitdi. Bu, sovet tarixində din xadiminin sovet rəhbərini lənətləyən ilk bəyanatı oldu.
Bu bəyanat dünyada böyük rezonans doğurdu və onu ittifaq məkanında tanınmış ictimai xadimə çevirdi.
Yaranmış ağır siyasi böhranda A.Paşazadə Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsini “islam fundamentalizmi” damğasından xilas edə bildi. SSRİ rəhbərlərindən olan Yevgeni Primakovun A.Paşazadəyə hakimiyyəti götürəcəyi təqdirdə ordunun Bakıya girməyəcəyi barədə provakativ təklifini rədd edən, kabinetdə onunla dalaşan Şeyxulislam sovetin müti dindarı kimi yox, xalqının mənafeyini, azadlığını hər şeydən uca tutan açıq fikirli ictimai xadimi kimi adını tarixə yazdı.
Bu gün Şəhidlər Xiyabanı kimi hamının and yeri olan məkan 34 il əvvəl -1990-cı ilin yanvarında bütün SSRİ-ni titrədən etiraz yürüşünün bir lövhəsidir. Fövqəladə vəziyyətdə milyonluq dəfnə rəhbərilk edən A.Paşazadə bu mərasimi SSRİ-yə qarşı etiraz aksiyasına çevirdi. Bir milyon insanı öz arxasınca aparmaq üçün isə gərək ictimai etimada, xalqın sənə olan inamına müvəffəq ola biləsən.
1990-cı il martın 14-də Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz olaraq Şeyxülislam Allahşükür Paşazadə SSRİ Xalq deputatı mandatından imtina etdi.
Azərbaycanın müstəqilliyi uğrunda gedən hərəkatın fəal iştirakçısına çevrilmiş A.Paşazadə bu illər ərzində bir sıra yeni təşəbbüsləri ilə tolerantlıq və birgəyaşayış prinsiplərinin möhkəm təməlini yarada bilib.
1991-ci ilin dekabrında QMİ sədrinin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İslam Konfransı Təşkilatının (indiki adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.
Bu, 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi. Həmin toplantıda Pakistanın Baş naziri Nəvaz Şərif ölkəsinin Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.
Həmin dövrdə ölkəmizin mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi.
Azərbaycanın üzləşdiyi Qarabağ probleminin həlli üçün ilk gündən səyini əsirgəməyən Şeyxülislam dünyanın din xadimləri ilə apardığı danışıqlar nəticəsində münaqişənin dini çalar daşıması barədə erməni iddialarını darmadağın edə bilmişdi. 1995-ci ildə Moskvada Rusiya patriarxının təşəbbüsü ilə keçirilmiş Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli danışıqlarının yekun bəyanatında münaqişənin dini motivli olmadığı dünyaya rəsmən bəyan olundu.
Müxtəlif dini konfessiyaların yaşadığı Azərbaycanı xaricdən dini qarşıdurma məkanına çevriməkdə maraqlı olan qüvvələrə qarşı QMİ sədrinin dövlətçilik mövqeyində durması bu xəbis planları alt-üst etdi. QMİ sədri müsəlman dünyası üçün çox nadir olan bir ilkə nail olmaqla tolerantlığın yaxşı nümunəsini yarada bilib. İslam dünyasının iki böyük məzhəbinin – şiə və sünni məzhəblərinin vahid ibadəti Azərbaycan bütün dünyaya nümunə ola biləcək növbəti addımı oldu. Məscidlərdə müxtəlif məzhəblərin nümayəndələri birgə Vəhdət namazı qıldılar.
QMİ sədrinin atdığı mühüm addımlardan biri də Aşura mərasimlərində qanvermə aksiyasıdır. Şeyxülislam yüzillərlə davam edən müqəddəs gündə başyarma kimi mövhumatçı adəti xəstələrə qanvermə aksiyasına çevirməklə islam dininin xeyrixah əməllərə çağırış mesajını bir daha praktik subut etdi.
QMİ sədri islam dini və dünyəvi elmlər arasında münasibətləri əlaqələndirən bir alim kimi də tanınır. Allahşükür Paşazadənin hələ SSRİ dönəmində yazdığı, elmi redaktoru akademik Ziya Bünyadovun olduğu “Qafqazda İslam” əsəri Azərbaycan elmi tarixində öz layiqli yerini tutur.
Kitab həmin dövrə qədər Azərbaycanda islam və onun tarixinə dair sovet ideoloji platformasından kənar yazılan ilk araşdırmadır. Onun əsərləri islamşünaslığa dair tədqiqatlara böyük təsir göstərib. Bu əsərləri ilə Şeyxülislam Allahşükür Paşazadə özünü təkcə din xadimi kimi deyil, həm də istedadlı tarixçi kimi tanıda bilib.
QMİ sədri bütün fəaliyyətində Azərbaycan dövlətinin maraqlarının, Prezident İlham Əliyevin yürütdüyü siyasətin ardıcıl müdafiəçisi olub.
QMİ dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələr saxlayır. Şeyxülislam Vatikandan tutmuş müqəddəs Sinoda, katolik dünyasından pravoslav məbədlərinə qədər uzanan bu əməkdaşlıq platformasını Azərbaycan həqiqətlərini çatdırmaq üçün uğurulu məkana çevirə bilib.
İstər Vətən müharibədən əvvəl, və ya ondan sonra QMİ-nin beynəlxalq təmasları birbaşa Azərbaycanın haqlı mövqeyinin ardıcıl müdafiəsinə yönəlib. Şeyxülislamın rəhbərliyində təmsil olunduğu nufuzlu təşkilatlar daim Azərbaycanın haqq səsinin eşidildiyi tribuna olub. A.Paşazadə bu yöndə fəaliyyəti ilə beynəlxalq tərəfdaşlığın etibarlı müstəvisini yarada bilib.
44 günlük müharibədən sonra Rusiya Patriarxı Kirillin vasitəçiliyi ilə Erməni katolikosu Qareginlə baş tutan 3 tərəfli görüşdə Cənubi Qafqazda sülhün və sabitiliyin təmin olunmasında, dialoq çağırışlarının ardıcıllığında Qafqaz Müsəlmanları İdarəsinin məsul rolu bir daha etiraf olundu. Katolikos Qaregin Azərbaycanın haqlı tələbləri qarşısında susmalı oldu.
Bu ötən dövrdə QMİ sədrinin Avropada, Qazaxıstanda, Türkiyədə iştirak etdiyi mötəbər toplantılar ölkəmizin haqlı siyasətinə dəstək qazandırdı. Elə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlər Şurasının yaradılması ideyasınının Şeyxülislam tərəfindən İstanbul toplantısında təqdim etməsi, bununla bağlı hazırılıq işləri QMİ sədrinə olan etimadı göstərir.
Özünün məhsuldar fəaliyyəti ilə Azərbaycanı Qafqazda dini əməkdaşlıq mərkəzinə çevirməklə A.Paşazadə bununla Prezident İlham Əliyevin yürütdüyü multkultural siyasətin dünyada və MDB məkanında təbliğatçısı olaraq bu gün də məhsuldar fəaliyyətini davam etdirir.(Azpost.info)