Tarix: 24-08-2024 | Saat: 18:43
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bakıda media nümayəndələrinin maarifləndirilməsi məqsədilə “COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib.
Qarabaginfo.az xəbər verir ki, tədbirin yerli media nümayəndələrinin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.
Eyni zamanda tədbirin əsas məqsədinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyası (COP29) ilə bağlı auditoriyanın maarifləndirilməsi məqsədinə xidmət etdiyi vurğulanıb.
Daha sonra COP29-un qlobal əhəmiyyətini təsvir edən videoçarx nümayiş etdirilib.
BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının əməkdaşı Aleksandr Saier bildirib ki, sözü gedən Konvensiyanın əsası 1992-ci ildə qoyulub. Sonradan bu konvensiyaya 197 ölkə və Avropa İttifaqı da qoşuldu. BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ofisi Almaniyanın Bonn şəhərində yerləşir.
Qeyd olunub ki, dövlətlər iqlim dəyişikliyinin qarşısının alınması üzrə Milli Fəaliyyət Planını hazırlamalı və 2025-ci ilin fevralınadək təqdim etməlidirlər: "Son illərdə iqlim dəyişikliyi daha sürətlə baş verdiyi üçün onun qarşısını almaq üçün daha çox vəsait tələb olunur. Bakıdakı konfrans zamanı bu istiqamətdə maliyyə hədəflərinin seçilməsi də diqqət mərkəzində olacaq".
Daha sonra "Qlobal və Yerli İqlim Gündəliyi" mövzusunda panel keçirilib. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, bu konfransın məqsədlərindən biri iqlim dəyişikliyi ilə mübarizə üçün 100 milyard dollarlıq yuxarı həddin müəyyənləşdirilməsidir:
"Bilirsiniz ki, COP29-un çərçivəsində iqlim dəyişikliyinin qarşısının alınması üçün məhz bu vəsait müəyyənləşdirilib. Əsas məqsəd əlbəttə ki, qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal məqsədlərə nail olmaqdan ibarətdir. Hesab edirəm ki, bu konfransda nəzərdə tutulan məqsədlərə çatacağıq. Konnfransın keçiriləcəyi tarixə qədər iştirakçı olan dövlətlərin nümayəndələrinin müxtəlif səviyyələrdə bir araya gətirmək əsas məqsədlərdən biridir. İndiyədək heç bir dövlət tərəfindən konfransa zidd olacaq hər hansı addım müşahidə olunmayıb. Müəyyən dövlətlərdə bu gün seçkilər keçirilir və ola bilsin ki, onların bəzilərində iqlim dəyişikliyi məsələsinə siyasi yanaşma dəyişsin. Onu da qeyd edim ki, COP29-a kontent hazırlığı iki əsas istiqamətdə gedir. Bu yaxınlarda irəli sürdüyümüz 14 təşəbbüs mövcuddur. Bizim COP29 irəli sürdüyümüz 14 təşəbbüsün hər birinə böyük maraq müşahidə olunur. Bu təşəbbüslərin hər biri üzrə aparılacaq iş qlobal məqsədlərə nail olmağa mühüm töhfə verəcək".
COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib ki, Azərbaycanın əsas məqsədi bu konfransda gözlənilən hədəflərə nail olunmasıdır:
"Bizim qarşımızda konkret hədəflər qoyulub və əsas məsələ bu hədəflərə çatmaq üçün gücləri səfərbər edilməsidir. Bu məqsədlə COP29 Əməliyyat Şirkətinə peşəkar kadrlar cəlb olunub. Mən ümid edirəm ki, bu konfransda qlobal səviyyədə narahatlıq yaradan iqlim dəyişikliyi problemi ilə effektiv mübarizə yolları tapılacaq. Mən sizi əmin etmək istəyirəm ki, hazırda bütün işlərin vaxtında tamamlanması üçün intensiv işlər həyata keçirilir. Biz bu konfransın təşkilinin nə qədər böyük məsuliyyət olduğunu anlayırıq. Bizim hazırlıq üçün 11 aydan da az vaxtımız var idi, halbuki digər ölkələr azı iki il öncədən hazırlıq işlərinə başlayır. Biz artıq Bakı Olimpiya Stadionunda da hazırlıq işlərinə başlanılıb. Konfransda hər kəsin iştirakını təmin edəcək və bütün prosesləri tənzimləyəcək hazırlıq işləri görülür və uğurla davam etdirilir. Bu konfransın keçiriləcəyi məkan "mavi zona" adlanır. Əsas məqsəd bu ərazini konfrans başlamadan bir neçə gün əvvəl BMT-nin istifadəsinə təhvil verməkdən ibarətdir. Bu konfransdakı zonalar "A, B, C, D, E" zonalarına bölünüb. Media əməliyyatları "D" zonasında həyata keçiriləcək. Bir də "V.I.P" ərazisi olacaq. Burada da müxtəlif ölkələrin dövlət və hökumət başçıları üçün nəzərdə tutulub. Bu konfransın Azərbaycan üçün geniş mənfəəti olacaq. İlk növbədə mən bu mənfəəti onun qazandıracağı insan kapitalında görürəm. Bunu da nəzərə almaq lazımdır ki, bu regionda ilk iqlim konfransı məhz Azərbaycanda keçiriləcək".
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andeeva bildirib ki, bütün iştirakçılar iqlim dəyişikliyinin mühüm məsələ olduğunu tərəflərə çatdırmalıdır:
"BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyasının Bakıda keçirilməsi çox mühüm məsələdir. Bu konfransın konkret məqsədləri var və istər təşkilatçı ölkə kimi Azərbaycan, istərsə də digər tərəflər bu məqsədlərə nail olmağın yollarını məhz bu mühüm beynəlxalq tədbir çərçivəsində müzakirə edib real nəticələrə nail olacaqlar. Biz düşünürük ki, COP29-un keçirilməsi böyük bir məsuliyyətdir. Əsas məqsədimiz də bu tədbirin uğurla keçirilməsidir. Substantiv məsələlərə gəlincə, 35 qlobal institut bir araya gəlmişdi ki, iqlim dəyişikliyi ilə mübarizə üzrə məqsədləri müəyyənləşdirərək, onların icrasına nəzarət etsinlər. Mən bu konfransın təşkilində iştirak edən hər kəsə təşəkkür edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, BMT iqlim dəyişikliyinin qarşısını almağa yönələn bütün təşəbbüsləri dəstəkləyir. Biz həmçinin təmsil etdiyim qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlıyıq".
Media seminarında həmçinin COP29 üzrə qlobal məqsədlərə nail olunmasının vacibliyinin auditoriyaya çatdırılmasında medianın rolu xüsusilə qeyd edilib.
Qeyd olunub ki, Azərbaycan və BMT-nin müxtəlif qurumlarının birgə ərsəyə gətirdiyi 14 təşəbbüsün təşviqi COP29 başa çatdıqdan sonra da davam etdiriləcək.
Konfranda həmçinin BMT ilə media arasında əməkdaşlığın inkişafının vacibliyinə toxunulub.(Apa)
Digər xəbərlər