Saytımızı qiymətləndirin


 
 

Koroğlu NMM-dən hərəkət edən 300-dən çox avtobus Heydər Əliyev prospektinə daxil olmayacaq
Tarix: 30-07-2024 | Saat: 16:10
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Koroğlu NMM-dən hərəkət edən 300-dən çox avtobus Heydər Əliyev prospektinə daxil olmayacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində icrası nəzərdə tutulan 7 layihədən biri artıq yekunlaşıb.

Bu barədə qarabaginfo.az-a Nazirlikdən bildirilib.

Belə ki, bu gündən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev prospekti, Qara Qarayev və Zabrat yoluna istiqamətlənir.

Nəticədə Nəqliyyat Mübadilə Mərkəzindən Heydər Əliyev prospekti, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə düşüb. Sözügedən istiqamət üzrə 31 marşrut üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir.

Həyata keçirilən dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradır.

Qeyd edək ki, əvvəllər avtobuslar Heydər Əliyev prospektindən “Atletlər kəndi” boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirdi. Avtobuslar Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1800 metrdən çox məsafə qət edirdi.

Layihənin icrası nəticəsində 300-dən çox avtobusun Heydər Əliyev prospektinə daxil olmasının qarşısı alınacaq. Bu da öz növbəsində ərazidə sıxlığın azalmasına öz töhfəsini verəcək.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər