İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Tehran Times” yazıb.
Telefon danışığı zamanı Pezeşkian İsrailin Livana qarşı müharibəsinin böyük səhv olacağını və ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Pezeşkian Makrona deyib ki, İsrail iyulun 27-də Livan ərazisindən İsrailin futbol meydançasına hücuma cavab olaraq Livanı parça-parça etməklə hədələyib.
Pezeşkian Fransa prezidenti ilə söhbətində Qəzza zolağındakı çətin humanitar vəziyyətə də diqqət çəkib: “İran Qəzza zolağında böhranın həlli, eləcə də regionda sülh və sabitliyin bərqərar olması üçün hər cür səy göstərəcək”.
Tərəflər ikitərəfli münasibətləri də müzakirə ediblər. İran prezidenti Makrona Fransa ilə dürüstlük və qarşılıqlı hörmətə əsaslanacaq münasibətləri yaxşılaşdırmağa hazır olduğunu bildirib. Pezeşkian həmçinin İranla nüvə sazişinin bərpasına yönəlmiş danışıqları bərpa etməyə hazır olduğunu bildirib.