Rusiya Federal Təhlükəsizlik Xidməti keçmiş müdafiə nazirinin müavini ordu generalı Dmitri Bulqakovu korrupsiya ittihamı ilə saxlayıb.
Qarabaginfo.az xəbər verir ki, Bulqakov aprelin sonundan bəri saxlanılan 5-ci general olub.
Müdafiə nazirinin müavini Timur İvanov 1,185 milyard rubl dəyərində rüşvət işi ilə bağlı saxlanılıb və həbs edilib.
Bundan sonra Putin 12 il hərbi idarəyə rəhbərlik etmiş müdafiə naziri Sergey Şoyqunu vəzifəsindən azad edib. Sonrakı iki həftə ərzində üç yüksək rütbəli rus ordusu generalı həbs edilib.
Mayın 23-də məhkəmə Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarinin həbsinə qərar verib. İstintaq Komitəsi onu 36 milyon rubl məbləğində rüşvət almaqda ittiham edir.
Mayın ortalarında Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılıb. O, 30,5 milyon rubl məbləğində rüşvətdə ittiham olunur. Bundan başqa, Cənub Hərbi Dairəsinin 58-ci Ordusunun keçmiş komandiri, general İvan Popov (dələduzluqda ittiham olunur) və Müdafiə Nazirliyinin dövlət satınalmaları şöbəsinin rəisi, polkovnik Vladimir Verteletski həbs edilib.