Saytımızı qiymətləndirin


 
 

Hərbi sahədə cinayətlər azalıb
Tarix: 17-07-2024 | Saat: 17:38
Bölmə:Karusel / Kriminal | çapa göndər

Hərbi sahədə cinayətlər azalıb

İyulun 17-də Hərbi Prokurorluqda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2024-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Respublika Hərbi Prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, iclasda hesabat məruzəsi ilə çıxış edən hərbi prokuror vəzifəsini müvəqqəti icra edən hərbi prokurorun müavini ədliyyə general-mayoru Şəfahət İmranov Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildən artıq müddət ərzində ölkəmizdə əldə olunmuş böyük uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edib. Əldə olunan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Məruzədə qeyd edilib ki, ötən dövrlərdə olduğu kimi, bu ilin birinci yarısında da Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 98,6 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizinin üstünün açılması təmin edilib.

İnsan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış əlaqələrin çox böyük əhəmiyyəti olduğu bildirilib.

Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 28,2, hərbi xidmət əleyhinə olan cinayətlər 25,2, qeyri-hərbi cinayətlər isə 31,2 faiz azalıb.

İclasda qeyd olunub ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 75, özünü öldürmə həddinə çatdırma cinayətləri 80, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 3,2, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkət cinayətləri 23,2, hərbi xidmətdən yayınma cinayətləri 31,4, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 90,9, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 və rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri 58,6 faiz azalıb.

Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və işin səmərəliliyinin daim artırılması tələb edilib.

İclasın yekununda ədliyyə general-mayoru Şəfahət İmranov bildirib ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi sahəsindəki fəaliyyətin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.



Xəbəri paylaş

1126 dəfə oxunub.

Digər xəbərlər