Tarix: 10-07-2024 | Saat: 14:17
Bölmə:Karusel / Sosial | çapa göndər
2024-cü ildə Daxili İşlər Nazirliyinin “E-Polis” mobil tətbiqi yaradılaraq vətəndaşların istifadəsinə verilib. Tətbiqin əsas məqsədi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması, eləcə də vətəndaşyönümlü xidmətləri təkmilləşdirərək Nazirliyin göstərdiyi elektron xidmətləri daha da əlçatan etməkdir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, hazırda vətəndaşlar polis idarəsinə getmədən “E-Polis” mobil tətbiqində və ya “e-xidmet.mia.gov.az” portalında Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlanırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 2024-cü ilin 6 ayında "E-Polis" tətbiqi üzərindən qeydiyyatdan keçmiş ümumi istifadəçi sayı 149.322 nəfər təşkil edib. Qeyd edilən dövr ərzində vətəndaşlar tərəfindən "E-Polis" tətbiqinə 8.040.348 müraciət olunub.
İstifadəçilər tərəfindən ünvanlanmış - şəxsin özü haqqında ətraflı məlumat üzrə - 685.000, yeniliklər və xəbərlərlə bağlı – 521.000, etibarnamə üzrə - 371.000, sürücülük vəsiqəsi üzrə - 304.600, şəxsiyyət vəsiqəsi üzrə - 279.000, pasport məlumatları üzrə - 243.497, məhkumluğa dair arayış üzrə ümumi – 10.342, avtomobilin yüklü olub-olmamasına dair arayış üzrə ümumi – 1445, "Virtual-102” bölməsi üzrə - 1008, müvəqqəti yerləşmə bölməsi üzrə - 616, avtomobilin zədələnməsinə dair arayış üzrə ümumi – 82 sorğu cavablandırılıb.
Qeyd edək ki, “E-Polis” tətbiqini “App Store” və ya “Google Play”dən yükləyə bilərsiniz. Mobil tətbiqə daxil olarkən 6 müxtəlif xana açılır. Buraya “İnformativ məlumatlar”, “Cərimələr”, “Sənədlərim”, “Etibarnamələr”, “Yeni müraciətlər” və “Digər” bölməsi daxildir. Burada informativ məlumatlar əldə edə, sənədlərinizi nəzərdən keçirə və cərimələrinizi onlayn qaydada ödəyə bilərsiniz.
Digər xəbərlər