Fransanın tanınmış simaları Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.
Yüzə yaxın tanınmış şəxs Emmanuel Makrona müraciət edərək Fransa Silahlı Qüvvələrini Ermənistana göndərməyə çağırıblar.
Onlar guya Azərbaycan tərəfindən Ermənistana hər hansı təhlükənin olduğuna dair absurd ittihamla çıxış ediblər.
Müraciəti ünvanlayanlar “bir çox fransızı və hüquq müdafiəçilərini narahat edən çox mühüm bir vəziyyətə – Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi” Makrondan xahiş ediblər.
Onlar Fransa hərbçilərinin “sülhməramlı kontingent” şəklində Ermənistana göndərilməsinə çağırış ediblər.
Müraciəti Parisin meri Ann Hidalqo, filosof Elizabet Badinter, keçmiş xarici işlər naziri Bernard Kuşner, İle-de-Frans regionunun prezidenti Valeri Pekres, Avropa Parlamentinin deputatları Fransua Xavier Bellamy, Natali Luizs, Jan-Marc Germain, Monpellier meri Maykl Delafosse və başqaları imzalayıblar.