Tarix: 03-06-2024 | Saat: 16:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın milli aviadaşıyıcısı AZAL Tbilisi, Moskva, Ankara, İzmir, Aktau, Dubay, Nyu-Dehli, London, Milan, Praqa, Sankt-Peterburq və s. kimi məşhur istiqamətlər üzrə uçuşların tezliyini artırıb.
Qarabaginfo.az xəbər verir ki, bunu müsahibəsində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev deyib.
Onun sözlərinə görə, tələbatın artmasına cavab olaraq və sərnişinlərin ehtiyaclarının ödənilməsi üçün 2023-cü ilin ilk dörd ayı ilə müqayisədə 2024-cü ilin analoji dövründə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların tezliyi əhəmiyyətli dərəcədə artırılıb. Keçən ilin yanvar-aprel aylarında Naxçıvan istiqamətində orta hesabla həftədə 40 reys həyata keçirilirdisə, cari ilin eyni dövründə bu rəqəm 55-ə çatıb.
Samir Rzayev bildirib ki, Avropa istiqamətləri də daxil olmaqla aviaşirkətin məşhur marşrutları üzrə uçuşlarının tezliyinin artırılması AZAL-ın davamlı uğurlu inkişafını təcəssüm etdirir.
“2024-cü ilin yanvar-aprel ayları üzrə uçuşların vaxtında həyata keçirilməsi göstəricisi (“On-time Performance”) 87% təşkil edib ki, bu da beynəlxalq səviyyədə qəbul olunmuş standartdan 7% yüksək olub”, - Samir Rzayev qeyd edib.
O, əlavə edib ki, proaktiv tədbirlər və strateji müdaxilələr vasitəsilə hava şəraiti ilə bağlı çətinliklər və əməliyyat səmərəsizliyi də daxil olmaqla, gecikmələrə səbəb olan müxtəlif amillər uğurla həll edilib.
Samir Rzayevin sözlərinə görə, texnoloji həllərdən istifadə etməklə, əməliyyat proseslərini təkmilləşdirməklə və fövqəladə hallar planlarını həyata keçirməklə AZAL uçuşları davamlı şəkildə optimallaşdırır. Bu təkmilləşdirmə AZAL-ın yalnız etibarlılığa olan öhdəliyini əks etdirmir, həm də sərnişinlərə daha rahat və daha punktual uçuş təcrübəsi təqdim etmək hədəfini vurğulayır.
Digər xəbərlər