Saytımızı qiymətləndirin


 
 

Tofiq Hüseynov - 70
Tarix: 23-04-2024 | Saat: 14:45
Bölmə:Karusel / Qarabağ / Cəmiyyət | çapa göndər

 

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Tofiq Mirsiyab oğlu Hüseynovun 70 illik yubileyi münasibətilə anım tədbiri keçirildi.

Belə tədbirlərdə iştirak etmək ağır olduğu qədər xoş olur. İllərlə görüşməyən xocalılar bir araya gələrək, Xocalı ilə bağlı xatirələrini bölüşürlər. Xocalı faciəsi həm də xocalıları Azərbaycanın 58 rayonunda məskunlaşmasına səbəb olub. Məhz bu səbəbdən belə tədbirlər 32 il ərzində görüşməyən insanlar üçün fürsət olur. Hətta bir-birini tanımayan xocalılar belə bu tədbirlərdə tanış olurlar. Bu illər ərzində Xocalı camaatı o qədər ağır günlər yaşadılar ki, nəinki kəndçilərini, heç doğmalarını belə illərlə görə bilmədilər...

Tofiq Hüseynovun xatirəsinə həsr olunmuş tədbirin moderatoru Ayna Novruzova qonaqları salamlayıb, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan himni səsləndi.

İlk söz tədbirin təşkilatçısı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ceyran Əzizovaya verildi. Ceyran xanım Tofiq Hüseynov haqqında bir-birindən gözəl xatirələrini ürək yanğısı ilə danışdı. Tofiq Hüseynovun şəxsi keyfiyyətlərindən və Xocalı Özünmüdafiə Dəstəsini yaratması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Qəhrəmanımızın qonşusu və dostu olmuş, professor Mübariz Allahverdiyev Tofiq Hüseynov və ailə üzvləri ilə bağlı bir-birindən maraqlı xatirələrini bölüşüb, Xocalıya həsr etdiyi bir neçə şeirini oxudu.

Daha sonra sözü Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı, Tofiq Hüseynovun şagirdi Fiqurə Rüstəmova müəllimi Tofiq Hüseynov haqqında ətraflı danışaraq, onlara silahlarla necə davranmağın lazım olduğunu tədris etməsindən danışdı.   

Tofiq Hüseynovu tanımadan, onun haqqında araşdırma apararaq, bir neçə kitab yazan Səkinə Turabqızı, Müharibə Veteranları Qadınlarna Dəstək İctimai Birliyinin rəhbəri, müharibə veteranı Rada Abbasova, jurnalist, müharibə veteranı Şamil Sabiroğlu Tofiq Hüseynov haqqında maraqlı xatirələrini bölüşdülər. Tədbirdə iştirak edən Tofiq Hüseynovun dayısı qızı, həm də qardaşı Akif Hüseynovun həyat yoldaşı Şəfiqə müəllimə göz yaşlarına sahib ola bilmədiyi üçün çıxış edə bilmədi. Tədbirdə öyrəndim ki, Tofiq Hüseynovun üç yadigarını Akif Hüseynov və həyat yoldaşı Şəfiqə müəllimə böyüdüb, ali təhsil almalarına dəstək olublar. Xatırladım ki, Tofiq Hüseynovun üç övladı var və üçü də gözəl ailə sahibidirlər.

Tədbir başa çatdıqdan sonra Xocalı Soyqırımı Tanıtım İctimai Birliyi tərəfindən şəhidin xatirəsinə ehsan süfrəsi açıldı.

Sonda iştirakçılar Şəhidlər Xiyabanında Tofiq Hüseynovun məzarını ziyarət etdilər. Şəhidin məzarı başında quran oxundu və çiçəklər qoyuldu.

Tofiq Hüseynovun qızı – Əfsanə Ələkbərova atası ilə bağlı xatirələrini danışıb, iştirakçılara təşəkkür etdi. 

 

P.S. Xocalı faciəsi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi bəllidir. Xocalı faciəsi soyqırımdır və dünya tərəfindən buna siyasi qiymət verilməlidir...

Bundan başqa Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində faciənin dünyada Soyqırım kimi tanınması üçün gördüyü işlər göz önündədir və müsbət nəticələri də var.

Deməli siyasi iradə və istək var, elə isə problem nədədir?!  

Hər dəfə Xocalı ilə bağlı tədbirdə iştirak etdikdən sonra mənə elə gəlir ki, nələrsə yerində deyil, nəyisə düz etmirik və ya ümumiyyətlə etmirik.

Xocalı soyqırımının şahidlərinin sayı azaldıqca faciə ilə bağlı qəhrəmanlarımız və şəhidlərimiz haqqında düzgün olmayan məlumatlar artan xəttlə davam edir. Belə tədbirlərdə çıxış edən şəxslər ya onlardan əvvəl çıxış edən şəxslərin danışıqlarına diqqətlə qulaq asmır, ya da danışdıqları sözün  məsuliyyətini dərk etmirlər. Belə ki, dəfələrlə çıxış edən şəxslərin səsləndirdiyi məlumatların bir-birini təkzib etdiyinin şahidi olmuşam, bu, məni çox narahat edir. Unutmamalıyıq ki, haqqında danışdığımız şəxs qəhrəmandır, şəhiddir, qazidir. Bu insanlar vətən yolunda canlarını qurban veriblər. Biz onlara görə həyatdayıq və rahat yaşayırıq. Əgər şəxs haqqında müfəssəl məlumatın yoxdursa, məcbur deyilsən ki, danışasan, qulaq asıb öyrənə də bilərsən. Axı tədbirdə onların ailə üzvləri də iştirak edir. Biz hansı haqla bu insanları incidə bilərik?  

 

Bu kimi halların olmaması üçün nə etməliyik.

Qeyd etdiyim kimi ən üst səviyyədə dövlətin bu sahəyə diqqəti olduğuna görə, deməli problem alt qurumlardadır.      

Xocalı faciəsinin şahidlərinin sayı durmadan azalır. Bundan istifadə edən bəzi fürsətçilər bilmədikləri hadisələri bəzəyib danışaraq, gündəmə gəlməyə çalışırlar.

Odur ki, bu halların aradan qaldırılması üçün bəzi işlərin görülməsi şərtdir:

     

     1. Xocalı sakinlərindən ibarət təşkilat komitəsini yaradılmalıdır,

  1. Xocalı faciəsi ilə bağlı vahid baza hazırlanmalıdır, bu bazaya faciə ilə bağlı bütün məlumatlar yoxlanılaraq, dəqiqləşdirilib bazaya yerləşdirilməlidir,
  2. Bu faciə ilə bağlı işləyən Qeyri Hökumət Təşkilatları (QHT) bir masa ətrafında əyləşib, planlı şəkildə fəaliyyətlərini qurmalıdırlar. Yəni hər təşkilat bir sahə üzrə layihə təqdim etməlidir ki, təkrarçılıq olmasın,
  3. Xocalı faciəsi ilə bağlı araşdırma aparan, xüsusən Xocalı sakinlərinin rəhbərlik etdiyi QHT-lərə üstünlük verilməlidir. Bu məsələ ilə bağlı vəsait də əsasən bu QHT-ə ayrılmalıdır,
  4. Layihəni başa çatdıran QHT gördüyü işlə bağlı təşkilat komitəsinə hesabat verməlidir. Əgər araşdırmaları düzgün aparılmayıbsa, vəsaitin geri qaytarılması üçün işlər görülməli və növbəti dəfə həmin QHT-yə vəsait ayrılmamalıdır.

Bunlar mənim subyektiv fikirlərimdir.

Hələlik bu qədər...

 

Mübariz Hacılı

21. 04. 2024



Xəbəri paylaş

1341 dəfə oxunub.

Digər xəbərlər