Saytımızı qiymətləndirin


 
 

COP29 çərcivəsində Kosmik Agentliklərin Sammitinin keçirilməsi planlaşdırılır
Tarix: 12-04-2024 | Saat: 14:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bu günlərdə biz “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İqlim dəyişikliyinə kosmosdan baxış” platformamızı geniş ictimaiyyətə təqdim etdik. Tədbirin əsas məqsədi xüsusi platformanın təqdim olunması idi. Hazırda dünya üzrə 160 peyk məhz iqlim dəyişikliyinin monitorinqi ilə məşğuldur. İqlim dəyişikliyi ilə bağlı əldə olunan məlumatların 60 faizdən çoxu kosmosdan gəlir. Biz də bu tendensiyaya qoşulmaq üçün töhfəmizi vermək qərarına gəldik. Bizim elektron platformanın məlumatlarının əsas mənbəyi “Azersky” peykidir. Ötən il “Azersky” öz missiyasını başa vurub. Ancaq fəaliyyətdə olduğu müddətdə həmin peyk Azərbaycan ərazisi üzrə çox qiymətli məlumatlar əldə edib. Bu məlumatların hamısı “Azərkosmos” tərəfindən arxivləşdirilib. Nəticə etibarilə həmin məlumatların bu gün iqlimə aid olan hissəsini yeni portalda – “climatereport.az”da paylaşırıq.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

“Ölkəmizdə Yerin müşahidəsi sahəsi, sözsüz ki, bununla bitmir. “Azersky” peyki missiyasını başa vursa da, biz bunun davamını fikirləşmişik. Hazırda İsrailin “IAI” şirkəti ilə əməkdaşlığımız davam edir. Peykin hazırlanmasına artıq başlanılıb. 2026-cı ildə bizim “Azərsky 2” peykimiz hazır olacaq və orbitə buraxılacaq. Bu işin davamı olaraq “Azərsky 2A” və “Azərsky 2B” şərti adı verdiyimiz peyklər də orbitə buraxılacaq.

Faktiki olaraq Azərbaycan regionda çox əhəmiyyətli aparıcı kosmik qüvvələrdən birinə çevrilib. Davamlılığı qorumaq məqsədilə həm Azərbaycan, həm regionumuz, həm də dünya üçün “Azərkosmos” öz fəaliyyətini zənginləşdirəcək”, – deyə Saməddin Əsədov qeyd edib.

Bu il Azərbaycanın Milanda keçiriləcək 75-ci Beynəlxalq Astronavtika Konqresinə böyük nümayəndə heyətilə qatılacağını vurğulayan Saməddin Əsədov deyib: “Ölkəmizdə ötən il keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi cəmiyyətdə kosmosa marağın artmasına səbəb oldu. Bakı Konqresinə 95 ölkədən 3600 elmi məqalə təqdim olunmuşdu. Bu, IAC tarixində ölkə sayı ilə bağlı rekord rəqəm idi.

Ötən il ölkəmizdən də ilk dəfə rekord sayda – 214 elmi məqalə Azərbaycan alimləri tərəfindən hazırlanaraq Konqresə təqdim olundu. Bu göstəriciyə görə Azərbaycan ilk beşlikdə olan ölkələr siyahısına daxil oldu. Bu sırada dünyanın ən inkişaf etmiş ölkələri – ABŞ, İtaliya, Hindistan və Çindən sonra Azərbaycan beşinci yerdə qərarlaşıb.

Milanda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ölkəmizdən daha çox sayda – 345 elmi məqalə təqdim edilib. Dünya ictimaiyyətini yenidən təəccübləndirməyi bacardıq, Azərbaycan yenidən ilk beşliyə daxil olub. Əminəm ki, bu məqalələrin böyük əksəriyyəti yüksək səviyyədə hazırlanmış keyfiyyətli materiallardır. Onların hamısı seçilərək, həm Astronavtika Konqresinin elmi proqramına daxil edilir, həm də məqalələrin müəllifi olan alimlər, gənc tələbələr Konqresdə birbaşa məqalələrini geniş ictimaiyyətə təqdim edirlər. Artıq danışıqlar gedir. Bu il Azərbaycandan Milana böyük nümayəndə heyəti yollanacaq. Bu, daha çox elmi cəmiyyətin təmsilçiləri, alimlərimiz olacaq. Onlar Milanda keçiriləcək 75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı təmsil edəcəklər”.

“Azərkosmos”un Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da tədbirləri barədə yeni məlumatlar paylaşan Saməddin Əsədov deyib: “Bir sıra yenilikləri daha sonra geniş ictimaiyyətə təqdim edəcəyik. Lakin qeyd edə bilərəm ki, “Azərkosmos” Azərbaycanda keçiriləcək COP29 tədbirində çox aktiv iştirak etməyi nəzərdə tutur. Bilirsiniz ki, hazırda kosmos iqlim dəyişikliyi ilə mübarizədə əsas vasitələrdən biridir. Son illərdə, bizdən əvvəlki illərdə keçirilən COP tədbirlərində kosmosla məşğul olan insanlar, kosmik agentliklər, kosmik sənayenin nümayəndələri aktiv təmsil olunub. Bu il Azərbaycanda keçiriləcək COP29-da bunu davam etdirməyi planlaşdırırıq. Bu işlər artıq son təsdiqlənmə mərhələsindədir. Belə ki, COP29 çərçivəsində “Azərkosmos” çox böyük tədbir keçirməyi planlaşdırır. Tədbir çərçivəsində Kosmik Agentliklərin Sammitinin keçirilməsi nəzərdə tutulur”, – deyə S.Əsədov vurğulayıb.

“Azərkosmos”un sədri AZƏRTAC-a peyk xidmətləri istiqamətində həyata keçirilən yeniliklər barədə də məlumat verib: “Hazırda qlobal səviyyədə peyk xidmətlərinin göstərilməsi bazarının konyunkturası dəyişir. Peyk qruplaşmalarının buraxılması Starlink kimi və sair konyunkturanı dəyişir. İstər kiçik operatorlar (peyklərin sayı az olan kosmik agentliklər), həmçinin böyük operatorlar fərqli xidmətlər göstərməklə bazarda rəqabətədavamlı olmağa çalışırlar. “Azərkosmos” peyk xidmətlərinin satışının genişləndirməsi istiqamətində həm yeni peyklərin orbitə buraxılmasını, həm də “Azerspace” peyklər qrupunun davamlılığının təmin edilməsini nəzərdə tutur. “Azerspace 1” peykinin istifadə müddəti bu onilliyin sonuna bitəcək. Artıq bununla bağlı yeni işlərə başlamışıq. Yeni peykdə fərqli radiotezlik qəbulediciləri və ötürücüləri quraşdırmaqla müxtəlif spektrlərdə xidmətlər göstərilməsi, həm biznesə, həm də vətəndaşlara birbaşa xidmətlərin göstərilməsi nəzərdə tutulur. Faktiki olaraq bütün peyk operatorları rəqabətədavamlı olmaq üçün çalışırlar”.



Xəbəri paylaş

192 dəfə oxunub.

Digər xəbərlər