Saytımızı qiymətləndirin


 
 

Tanınmış Ukrayna yazıçısı: Dağlıq Qarabağ üzərində yenə də Azərbaycan bayrağının ucaldılacağına inanıram
Tarix: 30-09-2020 | Saat: 17:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Tanınmış Ukrayna yazıçısı: Dağlıq Qarabağ üzərində yenə də Azərbaycan bayrağının ucaldılacağına inanıram
Qriqori Hüseynov

Ukraynanın tanınmış yazıçılarından olan Qriqori Camal oğlu Hüseynov Ukrayna Taras Şevçenko Milli Mükafatının laureatıdır. Bu yaxınlarda 70 yaşını qeyd etmiş soydaşımız nəşrə hazırladığı yeni kitabında uşaqlıq, o cümlədən Azərbaycanın Gəncə şəhərindən olan atası haqqında xatirələrini təqdim edib.

 Qarabaginfo.az xəbər verir ki, "Report"a verdiyi müsahibədə Qriqori Hüseynov yaradıcılıq planlarından daha ətraflı söhbət açıb.

- 70 yaşınız tamam oldu. Bir çox insan Sizi təbrik edib xoş arzularını çatdırdı. Bu arzular arasında Sizin üçün ən dəyərlisi hansıdır?

- Yetmiş yaşına çatan bir adam üçün ən birinci məsələ sağlamlıqdır. Əlbəttə ki, yaxınların, doğmaların səndən bezməmələridir. Ancaq çoxumuz eqoist olduğumuzdan belə mətləbləri o qədər də anlamırıq. Bizə elə gəlir ki, diqqət və qayğını bizdən əsirgəyirlər. Şükür ki, mən hələ saatlarla yazı masası arxasında otura bilirəm, eynək taxmıram, hafizəm də yerindədir, üstəlik, süjet sarıdan da korluq çəkmirəm. Heyf ki, bu koronavirus üzündən nəşriyyatların iş ahəngi pozuldu. İndi əlimdə nəşrə tam hazır dörd kitab var, beşincisini də bitirmək üzrəyəm. “Stansiya əhvalatları” adlı povestimin birinci nəşrindən üç dəfə böyük olan üçüncü nəşridir. Orada bütün hadisələr çöldəki bir dəmir yolu stansiyasında yaşayan birinci sinif şagirdinin ömrünün bircə gününə sığışır. Yəni səhər uşaq məktəbə getməyə hazırlaşması ilə hekayə başlayıb gecə vaxtı başa çatır. Bu əsər ilk dəfə otuz il bundan əvvəl işıq üzü görəndə geniş şöhrət tapdım. İkinci nəşrinin rəssamı olan bir xanım eynilə mənim kimi ata tərəfdən azərbaycanlı, ana tərəfdən ukraynalıdır.

 

 

- Yeni hazırladığınız kitabların xüsusiyyəti, mövzusu nədir?

- Yazı üzərində işləyirsənsə, ilk növbədə, gələcək əsərin, kitabın ahəngini tutmalısan. Yoxsa heç bir şey çıxmaz. O ahəng səni ilk cümlədən son nöqtəyədək müşayiət etməli, səni kökləməlidir. Mənim üçün onu vaxtında sezmək, eşitmək vacibdir. Buna bəzən illərlə vaxt gedir. Ən yeni kitablarıma gəlincə, Litva ilə bağlı iki povestdir. Vaxtilə biz Avropanın vahid, böyük dövləti olmuşuq, sonradan ayrılaraq Ukrayna, Litva, Polşa, Belarus olduq. Tarixin geri dönüşü yoxdur, bunu dərk etmək bəzən çətin olur. Məncə, o böyük dövlətin dörd parçasının hər biri üçün itkilər qazancdan çox olub. Mən Vilnüsə gedərkən hər dəfə Ukrayna, Belarus əlamətləri ilə rastlaşıram. Həmin iki kiçik povest Ukraynanın iki dahisi olan Taras Şevçenko və Lesya Ukrainkanın taleyində Litvanın yeri mövzusuna həsr edilir.

 - Deyilənə görə yazdığınız “Stansiya əhvalatları. Uşaqlıq hekayəsi” povestinizin üçüncü nəşrində xeyli Azərbaycan, Qarabağ çalarları da var. Bu barədə bir qədər ətraflı danışardınız.

 

 

- Bəli, “Stansiya əhvalatları”nın üçüncü nəşrində müsəlman çalarları diqqəti cəlb edəcək. Mən bunu atamdan, kiçik əmim Nəbidən əxz edib həyatım boyu içimdə yaşatmışam. Ata yurduna ailəliklə getdiyimizdən sonra da eyni izlər şüuraltımda qalıb. Atam vəfat etdikdən sonra Kiyevdə özüm üçün bir növ “Azərbaycan ensiklopediyası” toplamağa başlamışdım. Azərbaycanla bağlı kitablar, materiallar, o cümlədən azərbaycanlı şairlərdən Ukrayna dilinə tərcümələri kitabxanalardan, bukinist dükanlarından axtarıb tapırdım. Görünür, uşaq vaxtı atamla Azərbaycana getdiyimizdən qalan xatirələrim indi ukraynalı oxucularımda da təəssürat yaradıb. Bunu oxucu məktubları, ədəbi tənqid yazıları göstərir. Bu kitab mənə həm ədəbi mükafat gətirdi, həm də əslində ədəbiyyata gəlməyimə vəsilə oldu.

- Azərbaycan xalqına nələr arzulayardınız?

- Bu gün hər birimizə sülh, əmin-amanlıq arzulayıram. Əfsuslar ki, bunlar gündən-günə qəhətə çəkilir. Amma həm azərbaycanlılar, həm də ukraynalılar çox səbrlidirlər, bunu vaxtilə Aleksandr Düma da heyranlıqla qeyd edib. O, azərbaycanlıların təhsilli, təmkinli, çox tolerant xalq olaraq Qafqazda tayı-bərabəri olmadığını qeyd edib. Hamınıza can sağlığı, bərəkət, sülh arzulayıram!

Bu gün dünyanın müxtəlif yerlərində yaşayan hər bir azərbaycanlı kimi Azərbaycan üçün, ölkənin ərazi bütövlüyünün bərpası üçün, vətənin müdafiəsinə qalxan bütün azərbaycanlılar üçün dua edirəm. Azərbaycanın şanlı diyarı olan Dağlıq Qarabağ üzərində yenə də Azərbaycan bayrağının ucaldılacağına inanıram. Özüm Ukraynada doğulmuşam, Azərbaycana bir dəfə atamla getmişəm, amma Qarabağ haqqında atamın necə həssaslıqla, həyəcanla söhbət etdiyi yaxşı yadımdadır. Həmçinin bu yaxınlarda tamamladığım "Uşaqlıq hekayəsi"nin son variantında Qarabağın son hakimi Mehdiqulu xanın qızı, Azərbaycanın gözəl şairəsi Xurşidbanu Natəvan haqqında da yazmışam. Həmin əsərin son variantında Qarabağla bağlı məqamlar çoxdur, ona görə də bu kitabı oxuyan ukraynalıların tarixi həqiqətlərdən də agah olacaqlarını güman edirəm. 



Xəbəri paylaş

417 dəfə oxunub.

Digər xəbərlər