Tarix: 02-04-2024 | Saat: 14:06
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Nazirlər Kabinetinin bir neçə gün əvvəl təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən, Azərbaycanda dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyətində ən çox istifadə olunan avtomobil modellərindən biri "Toyota Prius"dur. Ölkədə taksilərin təxminən 12%-i bu modeldir. Avtomobilin ilk buraxılışlarının istehsal ili əsasən 2005-2009-ci illər arasındadır. Yeni qərara əsasən, onların əksəriyyəti taksi fəaliyyətində istifadə oluna bilməyəcək.
Taksilərlə bağlı qərarın açıqlanmasından sonra avtomobil bazarında "Prius" markalı maşınlarla bağlı ajiotaj yaradıb. Bəzi sürücülər avtomobillərini daha ucuz qiymətə satışa çıxarıb, bəziləri satmağa tələsmir.
Maraqlıdır ki, taksilərlə bağlı qərar "Prius”ların qiymətinə necə təsir göstərəcək? Qərarın avtomobil bazarına təsirini necə dəyərləndirmək olar?
Məsələ ilə bağlı modern.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiyasiyasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinin ili ilə bağlı qərardan sonra “Prius” markalı avtomobillərin qiymətlərində enmələr müşahidə edilir:
“13-14 minə satılan maşınlar hazırda 10 min, 10 min 500 manata satılır. Qərarın icrasının vaxtı yaxınlaşdıqca bu avtomobillərin qiyməti bir qədər də aşağı düşəcək".
İcraçı direktor qərarın müsbət tərəflərinin də mövcud olduğunu qeyd edib:
"Məsələn, bundan sonra yeni avtomobillərə biraz da yol açılır. Rəsmi idxalçıların 0 kilometrlə avtomobil satma şansı artır. Naxçıvanda, Neftçala və Hacıqabulda yerli istehallarımız da var. Onların da bazarının genişlənməsi istiqamətində imkanlar yaranır. Bir sıra adamlar qərarla bağlı mənfi düşünsələr də, müsbət amillər mövcuddur. Qərar müsbət tərəfləri ilə yadımızda qalacaq".
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə "Prius"ların qiymətinin kəskin ucuzlaşmadığınını söyəyib:
"Bu maşınlar taksi fəaliyyətində istifadə olunmayacaq. Amma bu o demək deyil ki, ümumiyyətlə bu marka dövriyyədən çıxarılır. Ölkədə yenə də, bu maşınlardan istifadə olunacaq. “Prius”ların qiymətinin kəskin ucuzlaşması ilə bağlı məsələ də ajiotajdır. Maşınların qiyməti kəskin enməyib".
Ekspertin fikrincə, qərardan sonra sahibkarlar istismarda olan nəqliyyat vasitələrini yeniləməyə çalışırlar:
"Bu da normaldır. Həmin nəqliyyat vasitələrinin avtomobil bazarına xüsusi təsiri olmayacaq. Hazırda avtomobil bazarımız olduqca aktivdir. Qiymət də bazar tərəfindən tənzimlənir. Alternativ həmişə var. Bir nəqliyyat vasitəsini satb, əvəzinə başqasını almaq problem deyil. Yenə də deyirəm ki, avtomobil bazarımız olduqca fəaldır.Dünyanın müxtəlif ölkələrindən avtomobillər gətirilir və daxildə də istehsal var. Ona görə də sahibkarlar hər hansı problem yaşanmayacaq".
Digər xəbərlər