Tarix: 22-10-2025 | Saat: 15:02
Bölmə:Karusel / Region | çapa göndər
Azərbaycan İranla sərhədyanı ərazilərdə 700/800 MHz tezlik zolaqlarında televiziya yayımının boşaldılması istiqamətində işlər görür.
Bu barədə Qarabaginfo.az-ı n sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Məlumata görə, 10-12 iyun tarixində Bakıda İran tərəfi ilə keçirilən görüşlərdə televiziya və radio yayımları sahəsi üzrə razılaşmalar əldə olunub.
Nazirlikdən bildirilib ki, razılaşmaların əsas məqsədi televiziya və radio yayımlarının texniki tənzimlənməsidir. Bu, yayım siqnalları arasında qarşılıqlı maneələrin yaranmasının qarşısını almağa xidmət edir.
Razılaşmalar çərçivəsində İranla sərhədyanı ərazilərdə 700/800 MHz tezlik zolaqlarında televiziya yayımının boşaldılması yeni nəsil mobil rabitə şəbəkələrinin tətbiqi və inkişafı məqsədi daşıyır.
Qeyd edək ki, 700 MHz və 800 MHz tezlik diapazonları uzun illər əsasən televiziya və FM radio yayımı üçün istifadə olunub. Dünyada artıq çoxdan 700 MHz və 800 MHz tezlikləri mobil operatorlara ayrılıb. Avropa İttifaqı və ITU (Beynəlxalq Telekommunikasiya İttifaqı) ölkələri bu zolaqları əsasən 4G/5G üçün istifadəyə veriblər.
Digər xəbərlər