Tarix: 02-04-2024 | Saat: 13:01
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York məhkəməsinin dələduzluq işi üzrə çıxardığı qərardan apellyasiya şikayəti vermək hüququ qazanmaq üçün 175 milyon dollar girov qoyub.
Qarabaqinfo.az xəbər verir ki, məhkəmə sənədlərinə əsasən, girov Tramp tərəfindən Kaliforniyada yerləşən "Knight Specialty" sığorta şirkəti vasitəsilə verilib.
Bu ilin fevralında Nyu-York məhkəməsi Donald Trampı maliyyə məlumatlarını saxtalaşdırmaqda təqsirli bilib. Məhkəmə onun daha sərfəli kredit şərtləri əldə etmək üçün şirkətinin fəaliyyətini 10 il ərzində şişirtdiyinə qərar verib. Eyni zamanda məhkəmə 354,9 milyon dollar məbləğində cərimə kəsib, sonradan onun məbləği 454 milyon dollara çatdırılıb.
Trampın vəkilləri məhkəmənin bu qərarından apellyasiya şikayəti verərək bildiriblər ki, hazırda yenidən ABŞ prezidentliyinə namizəd olan Ağ Evin keçmiş rəhbəri bu qədər böyük məbləğdə girov ödəyə bilməyəcək. Məhkəmə girov məbləğini 175 milyon dollara endirib və 10 gün vaxt verib.
Girov ödənildiyi üçün apellyasiya məhkəməsinə gedəcək. Aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılsa, keçmiş prezident bütün cəriməni ödəməli olacaq.
Digər xəbərlər