Tarix: 04-03-2024 | Saat: 11:46
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Martın 5-də Azərbaycanda olan kino ittifaqlarının – Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı baş tutacaq. Konfransın gündəliyində duran məsələlərə ittifaqların rəsmi birləşməsi, sədrinin və idarə heyətinin seçilməsi daxildir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.
İki qurum ötən il birləşmək barədə qərar qəbul ediblər. Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından birləşmiş kino ittifaqının sədri postuna namizəddir. AKİ-nin namizədi isə xalq artisti Rasim Balayevdir. O, yerli mətbuata açıqlamasında başqa namizədlərin də çıxa biləcəyini istisna etməyib.
Bəs kino ittifaqlarının birləşməsi nə vəd edir? Bu birləşmə Azərbaycan kinosuna nə verəcək?
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Xalq artisti Rasim Balayev bildirib ki, yeni yaradılan ittifaqa kimin seçiləcəyini səsvermədə iştirak edən üzvlər təyin edəcək:
“Hər iki ittifaq kino sahəsinə dəstək məqsədilə birləşib. Prezident seçkilərindən sonra keçirməyi qərarlaşdırmışdıq. Bu yaxınlarda konfrans keçiriləcək. Səsvermədir, kim istəyir iştirak edə bilər. Nələr vəd edəcəyim gələcəyin işidir. Belə bir seçim olarsa, mən seçilərəmsə, o zamana bu barədə danışa bilərəm”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu bu addımın Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə baş tutduğunu söyləyib.
“Bir neçə ay öncə birləşdirmə konfransı oldu. Hər iki ittifaq yığışdı, bəyanat qəbul olundu ki, bu iki ittifaqlar birləşsinlər. Bu addım kinonun inkişafı üçün səylərin birləşməsinə, bir ittifaqda cəmlənməsinə yönəlib. Qismət oldu ki, biz bunu martın 5-i gözəl bir vaxtda, yazın gəlişi ərəfəsində qeyd edəcəyik. Namizədlər verilib, dəqiq olaraq kimlərin namizəd olduğunu bilmirəm. Bizim namizədimiz milli kinomuzun siması, kinomuzun brendi Rasim Balayevdir. Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin iclasında onun namizədliyini yekdilliklə təsdiq etdik. Yeni ittifaqın təsis konfransına da o namizədlə gedirik. Ona da səs verəcəyik. Əlbəttə, bu ittifaqların birləşməsi inkişafa səbəb olacaq. Bir var ki, bir yerdə ikitirəlik olsun, hərə bir yana çəksin. Düzdür, ittifaqlar arasında belə ziddiyət olmayıb. Ancaq bir ölkədə iki ittifaqın olması o qədər də normal deyil. Bir ittifaq olması yaxşıdır ki, bütün kinematoqrafçılar bir yerdə cəmləşsin, bir mehriban ailə kimi olsun. Təbii ki, bu daha yaxşıdır. Biz də bu yolu tutmuşuq. Mədəniyyət Nazirliyinin də birləşmə təklifinə çox müsbət reaksiya verib. İnşallah martın 5-i bunu reallaşdıracağıq”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü rejissor, ssenarist, aktyor Rövşən İsax da məsələyə münasibət bildirib:
“Əlbəttə, ölkədə bir kino ittifaqı olar. Ona görə düşünürəm ki, ittifaqların birləşməsi yaxşı şeylər vəd edir. İstər Rasim Balayev , istər də Şəfiqə xanım sənət adamlarıdırlar. Onlar sənət adamlarını yaxşı başa düşürlər. Ümid edirəm ki, birləşmənin nəticəsi yaxşı olacaq. Yetər ki, ittifaqın sözü keçərli olsun, sözünün dəyəri olsun. İttifaqın çıxardığı qərarlar təbii ki, sənətin kinonun, xeyrinə atılan addımlardır”.
Digər xəbərlər