Saytımızı qiymətləndirin


 
 

“Mən yeyəcəkdim, sən ac qalacaqdın?” - Polkovniklə işçisi yeyintini bölə bilməyiblər
Tarix: 24-02-2024 | Saat: 12:26
Bölmə:Karusel / Kriminal | çapa göndər

men-yeyecekdim-sen-ac-qalacaqdin

Müdafiə Nazirliyində 143 milyonluq korrupsiya cinayəti ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilən zabitlərdən dördü birlikdə mühakimə edilir.

Bunlar Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadədir.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılan iş şahidlərin dindirilməsi ilə davam edir.

Onlardan biri Hərbi Akademiyada maliyyə-xidmət rəisi işləmiş polkovnik-leytenant Tərlan Əliyevdir.

Şahid öz epizodu üzrə danışarkən etiraf edib ki, işlədiyi vaxt akademiyada təftiş nəticəsində 1 milyon 500 min manat mənimsəmə aşkar edilib. Həmin pulun 1 milyonunu təftişçilərə verib, 500 min manatı özünə götürüb. Cinayət əməlinin üstü açılandan sonra 500 min manatı dövlətə geri ödəyib.

Şahidin dediyinə görə, təftiş yoxlamasından əlavə Maliyyə-Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin rəisi Rafael Xələfova 4 dəfəyə ümumilikdə 120 min manat pul verib:

“Hər dəfə 30 min manat olmaqla 4 dəfəyə vermişəm. Bir dəfə Xələfovun özünə, üç dəfə adamına vermişəm. Amma istintaq vaxtı üzləşmədə hamısını boynuna almadı. Dedi ki, cəmi iki dəfə ona pul vermişəm, onu da Nizami Məmmədova verib”.

General Məmmədov şahidin son cümləsinə münasibət bildirərək Rafael Xələfovun şahiddən aldığı pulu ona vermədiyini deyib:

“Rafael mənimlə üzləşməsində belə danışmır.  Amma başqaları ilə üzləşmədə pulu mənə verdiyini deyir”, - təqsirləndirilən general əlavə edib.

Şahid Əliyevlə bağlı digər epizod onun Hərbi Akademiyada qohumlarının adına plastik kartlar açıb pul köçürməsi ilə bağlıdır.

İttihamda deyilir ki, şahid qardaşı, qaynı, bacanağı və digər qohumlarının adına kartlar açıb. Mütəmadi olaraq həmin hesablara pullar köçürülüb. O bu epizod üzrə də ittihamda yazılanları təsdiq edib.

Prosesin davamında hadisə vaxtı Hərbi Hava Qüvvələrinin maliyyə-xidmət rəisi köməkçisi işləmiş Fariz Nəbiyev şahid ifadəsi vermək üçün hakim qarşısına çıxıb.

İttihama görə, hazırda təqaüddə olan Nəbiyevin fəaliyyəti təftiş edilərkən xeyli yeyinti ortaya çıxıb. Həmin pulun 33 mini isə onun özünə qalıb. O, üzərinə düşən ziyanı tezlikə dövlətə ödəyəcəyini deyib.

Nəbiyevin vaxtında Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin rəisi müttəhimlər kürsüsündə əyləşən polkovnik Cəlal Kazımov olub.

Şahidin dediyinə görə, hərbi hisələrin birində yoxlama sonrası Cəlal Kazımova 43 min manat  verib. O, həmçinin nazirliyin təftiş şöbəsinin rəisi Rafael Xələfova da pul verdiyini deyib.

Cəlal Kazımov keçmiş işçisinin ona 43 min manat verdiyini qəbul etmir, əksinə hər yoxlamadan sonra Nəbiyevə 4 min manat  pul verdiyini bildirir:

“Mən yeyəcəkdim, sən ac qalacaqdın?.. Yoxlamadan mənə nə qalırdısa, sənə də verirdim”, - Kazımov şüşə qəfəs arxasından şahidə deyib.

Kazımovun izzahından o da məlum olub ki, işlədiyi dövrdə şahidlə onun arasında pul mübahisəsi olub. Sonradan idarə rəisi Nizami Məmmədov da işə qarışıb.

N.Məmmədov bu haqda danışarkən deyib ki, Nəbiyev onun yanına gələrək pul bölgüsünə görə narazılıq edib.  Bundan sonra general Məmmədov məsələni həll etmək üçün Cəlal Kazımov və Rafael Xələfova göstəriş verib. 

Kazımov generalın tapşırığından sonra şahidə çatdırması üçün Rafael Xələfova 70 min manat verdiyini desə də, şahid bunun yalan olduğunu bildirib.

Şahid Elçin Mustafazadə də Hərbi Hava Qüvvələrinə daxil olan hərbi hissədə maliyyə-xidmət rəisi işləyib.  Təftiş zamanı hərbi hissədə 528 min manat yeyinti üzə çıxıb. Həmin pulun 170 min manatı şahidə qalıb. 170 minin 25 min manatını dövlətə geri ödəyib, qalan məbləği də ödəyəcəyini bildirib.

Mustafazadə etiraf edib ki, “ölü canlar” adlanan sahibsiz kart hesablarına 15 min manat pul köçürüb. Onun da 13 minini Cəlal Kazımov götürüb.

Kazımov şahidin işlədiyi hərbi hissədəki yoxlamadan götürülən pulun 20 faizini təftiş şöbəsinin əməkdaşı Nəriman Cabbarova, bir hissəsini isə şöbənin rəisi Rafael Xələfova verdiyini deyib.

Prosesdə müxtəlif hərbi hissələrdə maliyyə-xidmət rəisi işləmiş daha bir neçə şahid ifadə verib. Onların da dövründə yoxlama zamanı yeyintilər aşkar edilib. Şahidlər hər biri öz üzərlərinə düşən ziyanı qısa müddətdə  dövlətə ödəyəcəklərinə söz veriblər.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 2 il əvvəl həbs ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər