Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda inflyasiya gözləntiləri: Bu il bahalaşma olacaq?
Tarix: 02-02-2024 | Saat: 16:57
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda inflyasiya gözləntiləri: Bu il bahalaşma olacaq?

Azərbaycan iqtisadiyyatı ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri də inflyasiyadır. İnflyasiya iqtisadiyyatda mal və xidmətlərin ümumi qiymət səviyyəsinin zamanla artımını ifadə edən makroiqtisadi göstəricidir.

 

İnflyasiya adətən iqtisadiyyatda mal və xidmətlərin tələbi və təklifi arasındakı olan münasibətlərdən qaynaqlanır. Mal və xidmətlərə tələb təklifi üstələdikdə, qiymətlər yüksəlməyə başlayır. Pul kütləsinin dəyişməsi, istehsal xərclərinin artması, dövlət siyasətində və ya vergilərdə dəyişikliklər habelə beynəlxalq əmtəə qiymətlərindəki dalğalanmalar kimi inflyasiyaya səbəb ola biləcək müxtəlif amillər mövcuddur.

 

Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə inflyasiya həddindən artıq yüksək olub. 1995-ci ildə bu göstərici 411.8 faiz təşkil edib. Həmin ildən başlayaraq inflyasiyada kəskin enmə qeydə alınıb.

 

Ölkəmizdə son illərdə inflyasiyada ən yüksək göstərici 2008-ci il qlobal iqtisadi böhran zamanı müşahidə edilib. Bütün dünyanı bürüyən iqtisadi böhran Azərbaycanda da yan keçməyib. Həmin Azərbaycanda inflyasiya 20.8% olub.

 

2020-ci ildə koronavirus pandemiyasının təsiri nəticəsində inflyasiyada yenidən artım qeydə alınıb. Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərib.

 

Qrafik: Son 20 ildə Azərbaycanda inflyasiya

 

Keçən il inflyasiya səviyyəsində azalma müşahidə edilib. 2022-ci ildə 13.9% olan inflyasiya ötən il 8.8% olub. Hökumət 2023-cü ildə ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi Qrup yaradıb. Qrupun sədri Nazirlər Kabinetinin aparat rəhbəridir.

 

2023-cü ilin sonunda Baş nazir Əli Əsədov parlamentin iclasında bildirib ki, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması, habelə fiskal və monetar siyasətin koordinasiyası istiqamətində zəruri tədbirlər davam etdiriləcək.

 

Azərbaycanda inflyasiya ilə bağlı ən problemli məsələlərdən biri ərzaq inflyasiyasıdır. 2023-cü ildə ölkədə inflyasiya 8.8% olsa da, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 9,6 %, qeyri-ərzaq məhsulları üzrə 8,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2 % təşkil edib.

 

Dekabr ayında ayrı-ayrı ərzaq məhsullarından daha çox artım yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətində artım qeydə alınıb.

 

Ötən ilin sonunda Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib ki, 2024-cü ildə ölkədə illik inflyasiyanın 5-5,5 % civarında olacağını gözlənilir. Ancaq Yaxın Şərqdə baş verən hadisələr dünyanın bütün ölkələrinin iqtisadiyyatına təsir edə bilər.

 

Bankın bu yaxınlardan verilən açıqlamasında deyilir ki, geosiyasi gərginliklərin davam etməsi dünya bazarında müxtəlif əmtəələr üzrə qiymətlərin yenidən artmasına səbəb ola bilər. Belə ki, son vaxtlar Qırmızı dəniz ətrafında yaranmış vəziyyət qlobal təchizat zəncirinə ciddi təsir göstərir. Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlayırlar.

 

Buna baxmayaraq Mərkəzi Bank proqnozunu dəyişməyib. Bank deyir ki, qlobal iqtisadi aktivliyin zəifliyi və əksər iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması qlobal inflyasiya proseslərinə azaldıcı təsir göstərə bilər... modern.az



Xəbəri paylaş

1112 dəfə oxunub.

Digər xəbərlər