Saytımızı qiymətləndirin


 
 

Pakistan ərazisinə zərbələrə görə İrana etiraz etdi –"Ciddi nəticələrə səbəb ola bilər"
Tarix: 17-01-2024 | Saat: 10:03
Bölmə:Karusel / Dünya | çapa göndər

İran silahlı qüvvələrinin Pakistanın hava məkanını əsassız şəkildə pozmasını və Pakistan ərazisi daxilində iki günahsız uşağın ölümü, üç qızın isə yaralanması ilə nəticələnən zərbəni qətiyyətlə pisləyirik. Pakistanın suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər.

Bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş bəyanatda deyilir.

Qeyd olunub ki, Pakistan və İran arasında bir neçə rabitə kanalının mövcudluğuna baxmayaraq, bu qanunsuz əməlin baş verməsi daha da narahatedicidir. Pakistanın sərt etirazı artıq İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksək vəzifəli rəsmisinə ünvanlanıb.

“Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin belə açıq şəkildə pozulmasını qəti şəkildə pislədiyimizi və bunun nəticələrinə görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə bəyanatda bildirilib.

Vurğulanıb ki, terrorizm koordinasiyalı fəaliyyət tələb edən bütün region ölkələri üçün ümumi təhlükədir. Bu cür birtərəfli hərəkətlər mehriban qonşuluq münasibətlərinə uyğun gəlmir və ikitərəfli etimadı ciddi şəkildə sarsıda bilər.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər