Saytımızı qiymətləndirin


 
 

Avropa İttifaqının ayırdığı yarım milyona yaxın qrant mənimsənilib
Tarix: 11-01-2024 | Saat: 17:03
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

avropa-ittifaqinin-ayirdigi-yarim-milyona-yaxin-qrant-menimsenilib

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və “Kənd inkişafına dəstək” İctimai Birliyinə qarşı külli miqdarda mənimsəmədə ittiham olunan Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.

İttihamda deyilir ki, müttəhim Məmmədov regionlarda kənd təsərrüfatının inkişafına dəstək göstərmək adı ilə Avropa İttifaqının qrant layihəsinə müraciət edib. İttifaq layihəni reallaşdırmaq üçün ona 423 min avro qrant ayırıb. Həmin məbləğlə Goranboy, Tovuz, Ağstafa, Şəmkir rayonlarında kənd təsərrüfatının inkişafı üçün təlimlərin keçilməsi və bu yöndə başqa addımların atılması nəzərdə tutulub. Lakin təqsirləndirilən şəxs təlimlərin keçirilməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Məsələ burasındadır ki, R.Məmmədov qrant üçün müraciət edərkən özünü adıçəkilən birliyin vəzifəli şəxsi kimi təqdim edib. Halbuki o, sadəcə 2007-ci ildə-birlik yaradılarkən onun təsisçilərindən biri olub və sonra oradakı işindən kənarlaşdırılıb. Beləliklə, ittiham edilən şəxs İctimai Birliyin nüfuzuna xələl gətirməklə ona əmanət edilən vəsaitin 364 min manatı mənimsəyib.

Müttəhim elan olunan ittihama münasibətdə özünü təqsirli bilməyib. İclasın davamında zərərçəkmiş qismində tanınmış birliyin nümayəndəsi çıxış edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

R.Məmmədovun vəkili ilk olaraq zərərçəkmişlərin və şahidlərin, daha sonra isə müvəkkilinin dindirilməsini xahiş edib.

Proses fevralın 6-da davam edəcək.

Qeyd edək ki, Ramin Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilib.



Xəbəri paylaş

163 dəfə oxunub.

Digər xəbərlər