Tarix: 11-01-2024 | Saat: 11:04
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ tarixində ilk dəfə azotdan istifadə edilərək edam prosesi həyata keçiriləcək.
Qarabaginfo.az “NBC News”a istinadən xəbər verir ki, bu barədə məlumatı Alabama ştatının məhkəməsi yayıb.
Məlumata görə, 1988-ci ildə bir qadını qətlə yetirməyə görə mühakimə edilən 58 yaşlı Kennet Yucin Smit yanvarın 25-i azot verilərək edam ediləcək. Bildirilir ki, sözügedən qadının qətlini onun həyat yoldaşı keşiş Çarlz Sennet sifariş edib. Onun məqsədi sığorta pulu əldə etmək və bununla borclarını ödəmək olub. İstintaq məlumatına görə, Smit şəriki ilə bu cinayətə görə 1000 dollar əldə edib.
Smit ilk olaraq 1989-cu ildə mühakimə edilsə də, apellyasiya şikayətindən sonra məhkəmənin qərarı ləğv edilib. O, daha sonradan 1996-cı ildə yenidən sözügedən işlə bağlı mühakimə edilib və edam cəzasına məhkum edilib. Edam prosesi 2022-ci ildə inyeksiya yolu ilə baş tutmalı olsa da, iynə üçün uyğun damar tapılmadığından proses təxirə salınıb. Kennet Yucin Smit və vəkilləri məhkəməyə müraciət edərək edamın keçirilməməsinə çalışıb. Lakin məhkəmə vəsatəti təmin etməyib və azotla edam cəzası qeyd olunan tarixdə baş tutacaq. Smitin vəkilləri bu edam növünü qəddar adlandırıb.
Qeyd olunur ki, azotla edam cəzasına Alabama, Oklahoma və Missisipidə icazə verilsə də, bu günə qədər istifadə edilməyib. Bu üsulun ağrısız olacağı bildirilir. ABŞ-də edam əsas olaraq barbiturat preparatından istifadə edilərək həyata keçirilir.
Digər xəbərlər