Saytımızı qiymətləndirin


 
 

Londonsayağı boşanma: Fərhad Əhmədov çəkişməyə nöqtə qoydu
Tarix: 17-07-2021 | Saat: 15:30
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Azərbaycan əsilli rusiyalı biznesmen, eks Rusiya senatoru Fərhad Əhmədov Böyük Britaniyada illərdir davam edən qalmaqallı boşanma işini yekunlaşdırıb. Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, biznesmen keçmiş arvadı Tatyana Əhmədovaya London məhkəməsinin çıxardığı hökmdə göstərilən məbləğdən 3 dəfə aşağı-cəmi 186 milyon dollar təzminat ödəməyə razılaşıb, bununla da təzminat üstündə gedən mübahisəyə son qoyub.

Bildirilir ki, Tatyana Əhmədova həmin məbləği nəğd və incəsənət əsərləri qismində qəbul edib. Əhmədovun nümayəndəsi agentliyə deyib ki, ödənilən təzminat London məhkəməsinin 2016-cı ildə çıxardığı hökmdə göstərilən məbləğin təxminən üçdə biridir. London məhkəməsi həmin il qərara almışdı ki, F.Əhmədov öz sərvətinin təxminən 40 faizini, az qala 600 milyon dolları keçmiş arvadına ödəməlidir.

T.Əhmədovanın nümayəndəsi “Bloomberg”in telefon zənginə cavab verməyib və anlaşmanı şərh etməyib.

Xatırladaq ki, Fərhad Əhmədov London məhkəməsinin çıxardığı hökmü tanımırdı və ondan tələb edilən fantastik məbləği ödəməkdən birmənalı imtina etmişdi. Tatyana Əhmədova isə qalmaqallı imici ilə tanınan “Burford Capital” adlı məhkəmə brokeri ilə anlaşaraq azərbaycanlı biznesmenin aktivlərini ələ keçirmək üçün bütün dünya boyu ova çıxmışdı. Lakin F.Əhmədov öz aktivlərini Böyük Britaniya yuridiksiyasından çıxardığı üçün “Burford Capital” şirkətinin dəllalları onun sərvətini heç cür ələ keçirə bilmirdi.

Nəhayət bir neçə il əvvəl onlar biznesmenin həmin vaxt dəyəri yarım milyard dollara yaxın olan “Luna” adlı yaxtasına Dubayın Beynəlxalq Maliyyə Məhkəməsinin (DİFC, ingilis yuridiksiyası altında işləyir,-red.) qərarı ilə həbs qoyulmasına nail oldular. F.Əhmədov isə geri çəkilmədi və Dubay məhkəmələrində mübarizə apararaq qərarın qanunsuz olduğunu sübuta yetirə bildi, yaxtanın üzərindən həbsin götürülməsinə nail oldu.

Bu, F.Əhmədovun aktivlərinin “ovuna” milyonlarla dollar xərcləmiş “Burford Capital” şirkəti üçün ciddi məğlubiyyət oldu və şirkətin səhmləri 30 faizə qədər ucuzlaşdı. Bu isə yüz milyonlarla dolların itirilməsi demək idi.

Daha sonra “Burford Capital” dəllalları Tatyana Əhmədovanın öz oğlu Teymura qarşı London məhkəməsində iddia qaldırmasına nail oldular. Bu, misli görünməmiş rəzillik idi-ana öz oğlunu atasının aktivlərini gizlətməkdə yardımçı olmaqda günahlandırırdı. Bu ilin aprelində məhkəmə həmin iddia əsasında qərara almışdı ki, Teymur Əhmədov anasına 100 milyon dollar ödəməlidir. Lakin bu qərardan yuxarı instansiyaya şikayət verildi. İşə baxan hakim belə ananın öz oğlunu məhkəməyə verməsindən təsirlənmişdi və bildirmişdi ki, bu məhkəmə zalında ilk dəfədir belə bədbəxt ailə görür.

Nəhayət F.Əhmədovun aktivlərini ələ keçirmək üçün göstərilən səylərin nəticə vermədiyini görən “Burford Capital” dəllalları bir neçə ay əvvəl yeni fəndə əl atdılar. Böyük Britaniyanın tabloidlərindən birinə belə məlumat sızdırıldı ki, guya SAS dəniz komandoslarının veteranlarından ibarət silahlı dəstə London məhkəməsinin qərarını icra etmək üçün Dubay limanında lövbər salmış “Luna” yaxtasına basqın edəcək. Bu məlumat ciddi qəbul olunmadı, çünki biznesmenin yaxtasında peşəkar mühafizəçilər və silahlı heyət üzvləri yer alırdı. Və üstəlik başqa ölkənin ərazisində yaxtaya britaniyalı xüsusi təyinatlıların veteranlarının silahlı hücumu əlbətdə ki, real deyildi. Bu, ciddi beynəlxalq qalmaqala səbəb olardı.

“Tatyana və “Burford Capital” yaxtanı ələ keçirmək müxtəlif yuridiksiyalarda bahalı qlobal turneyə illərlə vaxt və milyonlarla dollar sərf etdilər. Lakin bütün bu cəhdlər uğursuz oldu və “Luna” Fərhadın və onun ailə investisiya fondunun mülkiyyəti olaraq qalır”,-azərbaycanlı biznesmenin nümayəndəsinin “Bloomberg”ə təqdim edilmiş bəyanatında bildirilir.

Agentlik qeyd edir ki, Əhmədovun aktivləri uğrunda mübarizə ən azı 9 yuridiksiyanı əhatə etmişdi. Bu kampaniyanı “Burford Capital” maliyyələşdirirdi və indi şirkət Tatyanaya ödənilən təzminatın 103 milyon dollarını özünə götürəcək. Yəni Tatyana ən yaxşı halda 80 milyon dollar əldə edə biləcək.

Hansı ki, məhkəmə mübahisəsindən əvvəl F.Əhmədov boşandığı keçmiş arvadına daha sərfəli anlaşma və bundan daha yüksək məbləğdə təzminat təklif etmişdi. Lakin qadın hərislik edərək F.Əhmədovun Rusiyanın neft-qaz sektorundan qazandığı pulların yarısını ələ keçirməyə çalışırdı. Nəticədə isə əvvəldən ona təklif ediləndən daha az məbləğ əldə etdi, üstəlik illərlə apardığı mübarizə hədər getmiş oldu və üstəlik öz oğlu ilə məhkəmə çəkişməsinə girən ana imicini qazandı...

Virtualaz.org



Xəbəri paylaş

1387 dəfə oxunub.

Digər xəbərlər