ABŞ Milli Təhlükəsizlik Şurası Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini dəstəkləyib.
Qarabaginfo.az bildirir ki, bu barədə Bloomberg TŞ-nin noyabr memorandumuna istinadən yazır. Təhlükəsizlik Şurası Ağ Evin məsləhətçi orqanıdır. Şura dondurulmuş aktivlərin müsadirə edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
“Qanun layihəsi icra hakimiyyətinə Ukraynanın maraqları naminə Rusiyanın suveren aktivlərini ələ keçirmək üçün lazım olan səlahiyyətləri verəcək”, – sənəddə deyilir.
Adı açıqlanmayan yüksək vəzifəli məmur Bloomberg-ə bu məlumatı təsdiqləyib. Digər mötəbər mənbə bildirib ki, Rusiya aktivlərinin müsadirəsi və ya başqa formada istifadə məsələsi müharibənin başlamasının ikinci ildönümünə az qalmış G7-nin iclasında müzakirə olunacaq.
Dekabrda “The New York Times” yazıb ki, ABŞ maliyyə dəstəyinin zəifləməsi fonunda Ukraynaya kömək etmək üçün Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən istifadə etmək barədə müttəfiqləri ilə təcili danışıqlara başlayıb.
Rusiyanın dondurulmuş aktivləri təxminən 300 milyard dollar həcmindədir.