Tarix: 14-12-2023 | Saat: 10:14
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Mədəniyyət Nazirliyi Xalq artisti Ramiz Məlikin vəfatı ilə bağlı nekroloq yayıb.
Qarabaginfo.az-ın məlumatına görə, mətndə deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Ramiz Məlik dekabrın 14-də vəfat edib.
Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakı şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən taleyini Akademik Milli Dram Teatrına bağlayıb, aparıcı səhnə ustası kimi tanınıb. Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib.
Marsel ("Hamlet", V. Şekspir), Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı", İ.Əfəndiyev), Valter ("Yad adam", L.Frank), Arif ("İblis", H.Cavid ), Jan ("Dəfn edilməmiş ölülər", J.P.Sartr), Toğrul ("Atabəylər", N.Həsənzadə), Antoni ("Kölgələrin oyunu", Y.Edlis), Katib ("Gecə döyülən qapılar", N.Xəzri), Dulu Xaqan ("Özümüzü kəsən qılınc", B.Vahabzadə), Vilyams ("Kəllə", N.Hikmət), Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İ.Şıxlı), Mayor Metkaf (“Tələ” A.Kristi) Aqşin ("Od gəlini", C.Cabbarlı) və s. yaddaqalan səhnə obrazları yaradıb. R.Məlikin yaradıcılıq məharəti televiziya və kino sahəsində də diqqət çəkib. Aktyorun rol aldığı "Mehman", "Bir cənub şəhərində", "O qızı tapın", "Sevinc buxtası", "Babək", "Qəm pəncərəsi", "Qara gölün cəngavərləri" və s. bədii, "Şərqin səhəri", "Günahsız Abdulla", "Kimin sualı var?" və s. televiziya filmləri onun kino sahəsində də sənətkar məharətini ortaya çıxarıb.
Milli teatr və kino sənəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilən sənətkar 1982-ci ildə "Əməkdar artist", 1998-ci ildə "Xalq artisti" fəxri adlarına, 1984-cü ildə respublikanın Dövlət mükafatına, 2019-cu ildə "Şöhrət" ordeninə, 2023-cü ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Görkəmli sənət fədaisi, səmimi insan Ramiz Məlikin əziz xatirəsi sənət dostarı və tamaşaçılarının qəlbində yaşayacaq. Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!"
Digər xəbərlər