Tarix: 01-12-2023 | Saat: 17:20
Bölmə:Karusel / Siyasət | çapa göndər
Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonları üzrə ümumilikdə 151479 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib, bu şəhər və rayonlar üzrə 71 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq Milli Məclisə təqdim edilib.
Qarabaginfo.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbərinə görə, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə keçirilən zona müşavirəsində məlumat verilib.
Tədbirdə dövlət əmlakının idarə edilməsi, istifadəsi və mühafizəsinə nəzarət olunması, bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri və digər məsələlər, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib.
Bundan başqa, zona müşavirəsində Gəncə şəhəri üzrə torpaqların elektron kadastr uçotu işlərin nəticələri nümayiş olunub. Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, ciddi tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.
Xatırladaq ki, ötən il və cari ilin yanvar-oktyabr ayları ərzində qeyd olunan rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınan məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və ya zəbt edilir.
Ümumilikdə, 2022-ci il və 2023-cü ilin 10 ayı ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd edilən rayonlarda monitorinqlər zamanı torpaq qanunvericiliyinin pozulması ilə bağlı 371 fakt aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 146 inzibati protokol tərtib edilib.
Digər xəbərlər