Tarix: 30-11-2023 | Saat: 11:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Azərbaycan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümündə bütün insan hüquqlarına sadiq qalır".
Qarabaqinfo.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Ermənistan- Azərbaycan münaqişəsindən sonra bölgədə bir sıra çağırışlar var, bu da insan hüquqları baxımından böyük əhəmiyyət kəsb edir: "Buraya etnik təmizləməyə məruz qalmış qərbi azərbaycanlıların geri qayıdış prosesinə maneələrin törədilməsini, müharibə zaman 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinin hələ də bəlli olmaması kimi problemlər daxildir".
Nazir müavini bildirib ki, Azərbaycan beynəlxalq insan hüquqları sisteminə də öz töhfəsini verməkdədir: "Azərbaycan 2006-cı ildə yaradılmış BMT İnsan Haqları Şurasının ilk üzvlərindəndir. Azərbaycan onun büdcəsinə mütəmadi könüllü əsasda maliyyə yardımları həyata keçirir. Bir neçə gün əvvəl Azərbaycan insan hüquqları və azadlıqları istiqamətində görülən işlərin hesabatını təqdim etdi. Bu hesabat hər beş ildən bir təqdim olunur. COVID-19 dövründə məhz Azərbaycanın təşəbbüsü ilə məhz peyvəndlər ədalətli bölgüsü ilə bağlı BMT qətnaməsi qəbul edilib".
Digər xəbərlər