Tarix: 03-11-2023 | Saat: 16:15
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Səmərqənddə keçirilən XVI Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli işçi qruplarının nəqliyyat əlaqələrinin açılması və sərhədlərin delimitasiyası üzrə fəaliyyətini şərh edib.
Qarabaqinfo.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Overçuk deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ikitərəfli məsələdir.
“Delimitasiya komissiyalarının həmsədrləri isə Ermənistan və Azərbaycan hökumətlərinin baş nazirlərinin müavinləridir. Rusiya Federasiyasının bu prosesdə iştirakına və roluna gəlincə, biz hər zaman dəstək verməyə hazırıq. Biz həmişə dəstək verməyə və Rusiyada tarixən mövcud olan kartoqrafik sənədləri təqdim etməyə hazırıq.
Kommunikasiyaların açılmasına gəlincə, rəsmi olaraq işçi qrupu mövcuddur. Sonuncu dəfə iyunun 2-də toplaşmışdıq. Meğridən keçən dəmir yolunun (Zəngəzur dəhlizi-red.) tikintisinə başlanılması ilə bağlı əhəmiyyətli birgə bəyanatın mətni - o da böyük ölçüdə hazırdır.
O ki qaldı yolun tikintisinə, bilirsiniz ki, Azərbaycan artıq Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən çəkilən avtomobil yolunun tikintisinə başlayıb. Bildiyimizə görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum da imzalanıb”, - deyə Overçuk vurğulayıb.
O, Şimal-Cənub magistralının Ermənistanda tikintisinə və onun ümumi Şimal-Cənub dəhlizinin bir hissəsi kimi Rusiya üçün əhəmiyyətinə də münasibət bildirib.
“Bu, İrandan Ermənistan ərazisi vasitəsilə Gürcüstana keçəcək çox mühüm infrastruktur layihəsidir. Və təbii ki, Yuxarı Larsı nəzərə alsaq, o, bizim Şimal-Cənub dəhlizimizdə də çox mühüm rol oynayacaq. Biz buna əminik”, - Rusiya baş nazirinin müavini qeyd edib.
Digər xəbərlər