Saytımızı qiymətləndirin


 
 

“Paşinyan erməniləri başa salır ki, “Böyük Ermənistan” nağılı bitdi” –ZƏRDÜŞT ƏLİZADƏ
Tarix: 02-11-2023 | Saat: 12:12
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Azərbaycanla sülhün üç əsas prinsipinin razılaşdırıldığını, rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kvadrat kilometrdə tanıdığını bəyan etməsi erməni müxalifətini yenidən hərəkətə gətirib. Ermənistanın müxalifət partiyalarının nümayəndələri Paşinyanı bu fikirlərinə qarşıdır. Müxalif kəsimin ümumi fikri budur ki, Ermənistanın hakim “Vəqəndaş müqaviləsi” Partiyasının apardığı siyasət ölkəni parçalayır.

Erməni cəmiyyətinin müxalif qüvvələri Paşinyanın Ermənistanı tənəzzülə yuvarladığını, Ermənistanı “türklərə satdığını”, bunun qarşısının alınması üçün müxalifətin hərəkətə keçməli olduğunu bildirir.

Ermənistan müxalifətinin bu çağırışları ilə yenidən Paşinyana qarşı etiraz dalğasının başlayacağı ehtimalı da artır.

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı siyasi şərhçi Zərdüşt Əlizadə Azpost.info-ya deyib ki, erməni müxalifəti aksiyalara başlaya bilər, amma müsbət nəticələr əldə etmələri mümkünsüz görünür.

Onun sözlərinə görə, bundan əvvəl də Paşinyanın hakimiyyətinə qarşı müxalifətin etirazları olub: “44 günlük müharibədən sonra dəfələrlə Ermənistan hakimiyyətinə qarşı ayaqlanmalar müşahidə edildi. İkinci Qarabağ müharibəsindən sonra həmin vaxt güclü sayılan müxalif qüvvələr etirazlara başladılar, hətta günlərlə oturaq aksiyalar keçirdilər. Tələb etdilər ki, yenidən seçkilər keçirilsin, Paşinyan da bunu qəbul etdi, seçki keçirdi. Nəticə də bu oldu ki, Paşinyanın rəhbəri olduğu partiya 70 faizdən çox səs toplayıb hakimiyyətini qorudu. Demək ki, qanlı müharibəyə, uduzmağa baxmayaraq, erməni cəmiyyətinin 70 faizi Paşinyanın siyasətini dəstəkləyir. Həmin müxalif qüvvələr də getdilər işinin dalınca”.

“Sonra Rusiyaya bağlı müxalif qüvvələr baş qaldırdılar, yürüşlər etdilər, yüz oyundan çıxdılar. Amma dəstək qazana bilmədilər. Cəmi 3-4 min adam onlara qoşuldu ki, bununla seçkilərdə 70 faizdən çox səs almış hakim qüvvəni devirmək praktik cəhətdən mümkün deyil. İndi yenə də hansısa qüvvənin, ola bilsin ki, yenə də Rusiyanın göstərişi ilə etirazlara başlamaq istəyirlər. İnanmıram ki, bu dəfə də erməni müxalifəti uğur qazansın. Çünki erməni cəmiyyəti yorulub, bezib. Ermənilər indiki müxalifətin öz maraqları üçün mübarizə apardığını anlayır və bilir ki, bunların istəyi Ermənistanın inkişafı, firəvanlığı yox, öz ciblərini doldurmaqdır. Ona görə də erməni cəmiyyətinin də qanını sovurmuş zəli tayfasına – Köçəryana, Sarkisyana, onun şinelindən çıxmış müxalif qüvvələrə inanmırlar”, – Z.Əlizadə əlavə edib.

Politoloq qeyd edib ki, əslində erməni cəmiyyətinin Paşinyanın rəhbəri olduğu partiyaya dəstəyi Paşinyanın şəxsinə deyil, müharibənin olmamasınadır: “Dediyim kimi, erməni cəmiyyəti səfalətdən, ac qarına vətənpərvərlikdən, Köçəryan, Sarkisyan kimi əclafların qaniçənliyindən yorulub. Paşinyan erməni cəmiyyətinin bu yorğunluğunu hiss edir, dəqiq bilir ki, müxalifətin dəstəyi yoxdur. Əslində Nikol erməni cəmiyyətini başa salır ki, qatar getdi, “Böyük Ermənistan” nağılı bitdi, “Miatsum” taxrixin zibilliyinə atıldı. Paşinyan indi öz xalqına deyir ki, “gəlin adam kimi yaşayaq, bunun üçün Azərbaycanla sülhdən, Türkiyə ilə münasibətlərin normallaşmasından başqa çarəmiz yoxdur”. Erməni cəmiyyəti də yəqin ki, ona edilən müraciəti anlayacaq, səfalətdən qurtulmaq üçün müxaliflərə dəstək verməyəcək”.

“Paşinyanı devirmək erməni müxalifəti üçün çətindir. Birincisi, cəmiyyətdə müxalifətin dəstəyi və resursu yoxdur. İkincisi, müxalifətə göstəriş verən Rusiyaya cəmiyyətdə inam yoxdur. Üçüncüsü, Rusiyanın Ermənistana əvvəlki, 20-25 il əvvəlki güclü təsiri yoxdur. Nəhayət, dördüncüsü, Paşinyan hakimiyyətinə dəstək verən Qərb onun devrilməsinə imkan verməz”, – analitik fikrini tamamlayıb.

 



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər