Saytımızı qiymətləndirin


 
 

Kamran Əliyev çinli həmkarı ilə görüşdü - Foto
Tarix: 19-10-2023 | Saat: 14:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

kamran-eliyev-cinli-hemkari-ile-gorusdu

 

Xəbər verdiyimiz kimi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pekində işgüzar səfərdədir.

Qarabaginfo.az xəbər verir ki, bu gün Çin Xalq Respublikasının Baş prokuroru Yinq Yonq ilə ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini səmimi salamlayan Yinq Azərbaycan və Çinin dost dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb. Yinq Yonq ötən ilin sentyabr ayında Səmərqənddə dövlət başçılarının görüşünü xatırladaraq, bu dialoqun ölkələrimizin müxtəlif dövlət qurumları, o cümlədən prokurorluqlarımız arasında əlaqələrin inkişafına yeni təkan verdiyini bildirib. Bu ilin mart ayında isə Baş prokuror vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik məktubuna görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.

Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkələrimiz arasında əsrlər boyu mövcud olan ikitərəfli əlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, müasir zamanımızda isə Prezident cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyi vurğulanıb.

Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, bir ay öncə isə Azərbaycan Ordusu tərəfindən aparılmış lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu barədə həmkarını məlumatlandırıb.

Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq bərpa işlərinin aparıldığı bildirilərək, bu proseslərdə Çin şirkətlərinin rolu xüsusi vurğulanıb.

Daha sonra tərəflər prokurorluqlarımız arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması, qarşılıqlı peşəkar səfərlər və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılığa gəlinib.

Yinq Yonq həmkarını növbəti ilin aprel ayında Makauda keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasına, Kamran Əliyev isə həmkarını 2024-cü ilin sentyabr ayında ölkəmizdə keçiriləcək ümumdünya prokurorlarının illik konfransına işgüzar səfərə dəvət edib. Həmçinin, cinayətkarlıqla mübarizə sahəsində tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.

 



 



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər