Tarix: 19-10-2023 | Saat: 10:01
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
"Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır".
Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, vətəndaş məmnunluğunun təmin edilməsi, məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması, vətəndaş müraciətlərinə daha operativ baxılması məqsədilə yaradılan Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi bu işin təşkili üçün hər cür şəraitə malikdir.
PA-nın şöbə müdiri qeyd edib ki, Prezident İlham Əliyevə hər gün xeyli sayda minnətdarlıq məktubu ünvanlanır: "İnsanların dərin minnətdarlıq duyğularını, həyata keçirilən siyasətdən razılığını əks etdirən səmimi ürək sözləri - məktubları vətəndaş məmnunluğunun əsas göstəricilərindən biri sayıla bilər. Vətəndaşlar Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi, problemlərin həlli üçün görülən işlərə görə razılıq və sevinc hisslərini minnətdarlıq məktubları vasitəsilə dövlət başçısına çatdırmağı öz mənəvi borcları hesab edirlər. Çoxsaylı məktublar həm də ölkə rəhbərinin Azərbaycanın hərtərəfli inkişafı yolunda böyük inamla, qətiyyətlə və əzmkarlıqla həyata keçirdiyi genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərə vətəndaşlar tərəfindən verilən ən yüksək qiymətdir".
S.İsmayılov bildirib ki, sosial sahədəki digər mühüm barometr isə "ASAN xidmət", DOST mərkəzləri kimi innovativ təsisatlarda vətəndaşlara göstərilən nümunəvi xidmətdir: "Şəbəkəsi getdikcə genişlənərək paytaxtla yanaşı, bölgələri də əhatə edən bu mərkəzlər vətəndaş məmnunluğunun yüksəldilməsində önəmli rol oynayır, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkanda, daha keyfiyyətli, rahat şəkildə həyata keçirilməsinə imkan yaradır. Əslində isə bu qurumların missiyası daşıdıqları funksiyadan daha genişdir. "ASAN xidmət" həm də sosial-mənəvi məzmun kəsb etməklə, ictimai münasibətlərdə mahiyyətcə yeni fəlsəfənin tətbiqi və ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baxımından diqqət çəkir. Hazırda görünən odur ki, sosial inqilab xarakteri daşıyan, hədəfi ictimai intibah olan bu təşəbbüs real nəticəsini verib və hədəfə çatmaq mümkün olub. Vətəndaşların xidmətdən razılığı ideal səviyyəyə yüksələrək 99 faizi keçib. Bu sistem bürokratik maneələri və stereotipləri istisna etməklə, dövlət-vətəndaş münasibətlərində ahəngdarlıq yaradır, dövlətçiliyin ictimai dayaqlarını möhkəmləndirir, vətəndaş məmnunluğunun ən yüksək səviyyəsini təmin edir".
Digər xəbərlər