Saytımızı qiymətləndirin


 
 

Ölkəmizə niyə az pul gəlir... - Əhalinin vəziyyətinə mənfi təsir edəcək
Tarix: 11-09-2023 | Saat: 17:11
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Ölkəmizə niyə az pul gəlir... - Əhalinin vəziyyətinə mənfi təsir edəcək

İlin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən pul köçürmələrində ciddi azalma müşahidə edilib. Belə ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 509.1 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 367.6 milyon manata bərabər olub.

 

Ötən ilin yanvar-iyul aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 2.1 dəfə və ya 1 milyard 705.9 milyon manat, banklardan xaricə köçürmələr isə 39% və ya 235.6 milyon manat azalıb.

 

Maraqlıdır, bunun səbəbi nədir? Pul köçürmələrinin azalmasının iqtisadiyyatımıza hansı təsirləri olacaq?

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, Azərbaycana xaricdən pul köçürmələrinin azalmasının əsas səbəbi Rusiyadakı iqtisadi böhrandır:

 

“Xaricdən Azərbaycana pul köçürülmələrinin azalması Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində şimal qonşumuzun iqtisadiyyatının üzləşdiyi vəziyyətlə əlaqədardır. Rusiya rublunun dəyərdən düşməsi əsas səbəblərdəndir. Ümumiyyətlə, Azərbaycana ən çox pul köçürmələri Rusiyadan olur. Digər ölkələrdən də Azərbaycana pul köçürmələri olur və olacaq. Lakin başqa ölkələrdən köçürülən vəsaitin həcmi Rusiyadan köçürülən pul vəsaiti qədər deyil. Heç vaxt Rusiyadan çox pul vəsaiti başqa ölkədən gəlməyib. Çünki Azərbaycan vətəndaşlarından ibarət işçi axını əsasən Rusiya istiqamətində olub. Orada çalışan Azərbaycan vətəndaşları hesabına ölkəmizə ən çox pul axını bu ölkədən olurdu. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra sanksiyalar tətbiq olunmağa başladı. Ona görə də Rusiyadan ölkəmizə köçürülən vəsaitin həcminin azalacağı məlum idi. Belə bir tendensiyaya da diqqət yetirmək olar. Ötən il Rusiya-Ukrayna müharibəsi başlayana kimi birdən-birə bu ölkələrdən pul köçürmələri gözlənilmədən artdı. Rusiya və Ukraynada çalışan azərbaycanlılar dərhal əllərində olan bütün vəsaitlərini təcili şəkildə Azərbaycana  göndərməyə başladılar. Bununla əlaqədar pul axını artdı. Amma bu müvəqqəti xarakter daşıyırdı. Belə tendensiya dayanmalıydı və dayandı. Bundan sonrakı prosesdə Rusiyadan ölkəmizə pul axını əvvəlki kimi olmayacaq".

Pərviz Heydərov pul köçürmələrinin azalmasının iqtisadiyyatımıza ola biləcək təsirlərindən də söz açıb:

 

"Nə qədər ki müharibə davam edir, Rusiya sanksiyalara məruz qalır və rus rublu ucuzlaşırsa, bu ölkədən  Azərbaycana pul axını getdikcə azalacaq. Ona görə də, hazırkı proses, Mərkəzi Bankın açıqladığı statistika  başadüşüləndir. Bu tendensiya qabaqcadan da planlaşdırılırdı. Proses uzun müddət davam edəcək. Bunun iqtisadiyyatımıza təsiri, əlbəttə, olacaq. Hər hansı ölkə üçün pul axını həcminin böyük olması tədiyə balansı, iqtisadiyyat, daxili istehlak bazarında alış-veriş və ölkə əhalisinin dolanışığı üçün müsbət xarakter daşıyırdı. Pul köçürmələri az olan, tədiyə balansı müsbət xarakter kəsb etməyən ölkələrdə qeyd edilən cəhətlər baxımından əlbəttə ki, ciddi çətinliklər olur. Hazırda ölkəyə pul axını, pul çıxışı ilə müqayisədə üstünlük təşkil edir.Ölkəyə daha çox pul daxil olur. Bu isə neftin hesabınadır. Amma pul köçürmələrinin tədiyə balansımızın  müsbət xarakter kəsb etməsində rolu mühüm sayıldığından kənar ölkələrdən bizə pul köçürmələrinin azalması davamlı xarakter daşımamalıdır.Prosesin davamlı xarakter daşıması ölkə iqtisadiyyatı üçün bir sıra mənfi cəhətləri doğura bilər. Ölkə iqtisadiyyatının inkişafında, daxili ticarətin böyüyüb, genişlənməsində və ölkə əhalisinin yaşayış səviyyəsində bir sıra mənfi nəticələr doğura bilər".

 

İqtisadçı ekspert Natiq Cəfərli isə vurğulayıb ki, pul köçürmələrinin həcminin daha da aşağı düşməsi gözlənilir:

 

"Valyuta köçürmələrinin aşağı düşməsi təbii ki, Rusiyadakı proseslərlə bağlıdır. Çünki ənənəvi olaraq, xarici valyutanın 70-80 faizi həmişə Azərbaycana Rusiyadan  daxil olub. Son aylarda rus rublunun dəyərinin aşağı düşməsi, iş həcminin, gəlirliliyin azalması, infliyasiya kimi məsələlər orada çalışan soydaşlarımızın rublla gəlirlərinə mənfi təsir göstərir. Rublla gəlirləri azalanda təbii ki, onlar daha az valyuta ala bilirlər. Çünki valyuta da bahalaşıb. Azərbaycana göndərilən valyutanın azalmasının səbəbi də budur. Açığı bu gözlənilən idi.Təəssüf ki, valyuta köçürmələrinin getdikcə daha çox azalacağı gözlənilir. Çünki Rusiya iqtisadiyyatında hələ çox dalğalanmalar, problemlər gözlənilir".

Natiq Cəfərli söyləyib ki, bunun iqtisadiyyatımıza mənfi təsirləri olacaq:

 

"Azərbaycanın elə bölgələri, rayonları var ki, orada yaşayan əhalinin böyük bir qismi Rusiyadan gələn vəsaitin hesabına öz güzəranını təmin edir. Vəsaitin azalması sosial problemləri artıracaq. Əsasən də Rusiyadan gələn vəsaitdən asılı olan regionlarda əhalinin dolanışığına və sosial durumuna mənfi təsir göstərəcək. Bu məsələni daim diqqətdə saxlamaq lazımdır ki, sosial gərginlik, narahatlıq artmasın. Çünki  uzun illər insanlar Rusiyadan gələn gəlir hesabına dolanırdısa, vəsaitin azalması əlbəttə ki, bunların dolanışığına ciddi mənfi təsir göstərəcək. Rusiyadan gələn vəsait həmişə Azərbaycanın daşınmaz əmlak bazarında mühüm rol oynayıb. Orada çalışan və pul qazananan soydaşlarımız əsasən Bakından daşınmaz əmlak alırdılar. Regionlarda, yəni belə demək mümükündürsə, dədə-baba yurdlarında ev tikirdilər və ya köhnə evlərini təmir etdirirdilər. Pul köçürmələrinin azalması bu seqmentə də ciddi mənfi təsir göstərəcək".



Xəbəri paylaş

1154 dəfə oxunub.

Digər xəbərlər