Saytımızı qiymətləndirin


 
 

Separatçılar Rusiyanın yardımını niyə qəbul etmir... - Ermənilər Moskvadan üz döndəriblər
Tarix: 11-09-2023 | Saat: 13:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Separatçılar Rusiyanın yardımını niyə qəbul etmir... - Ermənilər Moskvadan üz döndəriblər

Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları 1 ədəd TIR tipli nəqliyyat vasitəsinə yüklənərək göndərilib.

 

TIR-da Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan ermənilərə yardım məqsədi ilə göndərilən ərzaq və qeyri-ərzaq məhsulları var.

 

Lakin yardım hələ də Bərdədə gözləyir. Ermənilər "humanitar böhran"dan danışmaqlarına baxmayaraq, Rusiyanın da yardımını qəbul etmirlər. 

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin göndərdiyi yardımın Bərdədə gözləməsi və Ağdam-Xankəndi yolu ilə buraxılmaması Xankəndində heç bir humanitar böhranın olmadığının göstəricidir:

 

"Hətta separatçılar Ağdam-Xankəndi yolu vasitəsilə Rusiyadan gələn yardımı buraxmayacaqlarını deyirlər. Bununla onlar Laçın-Xankəndi yolunun açılışına nail olacaqlarını düşünürlər. Bu, separatçıların hələ də köhnə əhval-ruhiyyədə qaldığını və qondarma qurumu yaşatmaq istədiyini göstərir. Azərbaycan Ermənistana və onun havadarlarına Laçın yolu ilə bağlı öz sözünü deyib. Mövqeyimiz dəyişilməzdir və separatçıların nəyi istəməyindən asılı olmayaraq Xankəndinin sərbəst təminatı, ancaq Azərbaycanın daxili yolları ilə mümkün olacaq. Humanitar yardımlarla bağlı isə ermənilər mədəsi ac olanda çörəyin hardan gələcəyini soruşmayacaq. Xankəndində və onun ətrafındakı ərazilərdə yaşayan erməni əsilli sakinlərimizin humanitar ehtiyacılarını ödəmək üçün nə vaxtsa, yardıma ehtiyacı olarsa, biz öz əlimizi uzatmağa hər zaman hazırıq".

Deputat vurğulayıb ki, Xankəndində separatçılıq həmişəlik davam edə bilməz:

 

"Hesab edirəm ki, Xankəndidəki erməni sakinlərimiz separatçıların girovluğundan azad edilməsinin zamanı gəlib çatıb. Azərbaycan birmənalı şəkildə öz suverən ərazilərində erməni separatçılığının mövcudluğunu aradan qaldırmalıdır".

 

Milli Məclisin deputatı Naqif Həmzəyev isə vurğulayıb ki, görünür, separatçılar və Ermənistan Rusiyadan üz döndərib:

 

"Rusiya Qırmızı Xaç Komitəsi tərəfindən Ağdam-Xankəndi yolu ilə göndərilən ərzaq yardımı hələ də Bərdədə gözləyir. Bu yardımın Bərdədə gözləməsi separatçıların, onlara uzadılan kömək əlini qəbul etmək niyyətində olmadıqlarını ortaya qoyur. Bundan öncə Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən məhz Ağdam-Xankəndi yolu vasitəsilə yardım göndərilmişdi.O yardım da uzun müddətdir ki, həmin yolun üzərində gözləyir. Yardımın Xankənidyə daxil olmasına icazə verilmir. Görünən odur ki, separatçılar və Ermənistan artıq Rusiyadan üz döndəriblər. Bu gündən Ermənistanda başlayacaq hərbi təlimlərdə ABŞ hərbçilərinin iştirakı da açıq formada Rusiyaya meydan oxumaqdır. Bütün bunlarla yanaşı, Ermənistan tərəfi üçtərəfli bəyanatların müddəalarına da əməl etməkdən boyun qaçırırlar. Onlar faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını desələr də, yardımları qəbul etməməklə separatçıların, Azərbaycan ərazisində yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının qarşısını almaq istəyirlər. Faktiki olaraq onlar sülh danışıqlarına kölgə salırlar".

Deputat söyləyib ki, Ermənistanın və separatçı qüvvələrin ömrü o qədər də uzun deyil:

 

"Ermənistan da bu cür yanaşmalarını davam etdirəcəyi təqdirdə, mərhələli şəkildə onu dəstəkləyən qüvvələrin də sayı azalacaq. Ermənistana ən yaxın müttəfiq hesab olunan Rusiyaya Paşinyan hökumətinin  belə  münasibət bəsləməsi və  açıq şəkildə Rusiyaya etiraz etməsi Rusiya tərəfindən ağır cəzalandırıla bilər. Bu baxımdan biz prosesləri  izləyirik. Ümid edirik ki, Ermənistan yalnış addımlar atmaqdan əl çəkəcək və Azərbaycanla sülh danışıqlarına qayıdacaq. Ən qısa zamanda öz öhdəliklərini yerinə yetirərək sülh anlaşmasını imzalayacaq. Ən əsası üçtərəfli  bəyanatın müddəalarına uyğun olaraq, Qarabağdan qeyri-qanuni erməni silahlı birləşmələri qeyri-şərtsiz çıxarılacaq. Erməniəsilli əhali əsarətdən xilas olacaq və  Azərbaycan qanunları Xankəndi və onun ətraflarında da işlək vəziyyətə gətiriləcək".

 

N.Həmzəyev ermənilərin bu addımlarının onların əsl simalarını dünya ictimaiyyətinə göstərməyə xidmət edəcəyini düşünür:

 

"Bu humanitar yardımları qəbul etməməklə ermənilərin humanitar yardım şousu ifşa olunur. Əgər,həqiqətən, onların yardıma, ərzaqa ehtiyacı olsaydı, istənilən halda bu yardımları qəbul edərdilər. Artıq onların heç bir bəhanəsi yoxdur. BMT-də Ermənistan tərəfindən qaldırılan iddialar əsasında aparılan müzakirələrdə də Azərbaycan nümayəndə heyətinin rəhbəri,əslində, ermənilərin heç bir sıxıntı çəkmədiklərini, şad-xürrəm xeyir işləri keçirdiklərini qeyd etmişdi. Bu humanitar yardımların qəbul edilməməsi ilə dünya ictmaiyyəti və mediası bir daha gördü ki, əslində Qarabağdakı ermənilərin heç bir sıxıntısı yoxdur. Düşünürəm ki, mərhələli şəkildə ermənilərin iç üzü açılacaq. Hər kəs ermənilərin əsl simalarına bələd olacaq. Ən qısa zamanda Azərbaycan Ermənistanı sülhə məcburetmə siyasətini uğurla nəticələndirəcək. Uzunmüddətli və dayanıqlı sülhə biz nail ola biləcəyik".



Xəbəri paylaş

183 dəfə oxunub.

Digər xəbərlər