Saytımızı qiymətləndirin


 
 

Rusiyanın emissarı Qafqaza niyə gəlib: Səfərin nəticələrini tezliklə görəcəyik..
Tarix: 05-09-2023 | Saat: 17:53
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Rusiyanın emissarı Qafqaza niyə gəlib: Səfərin nəticələrini tezliklə görəcəyik...

 

Bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gəlib. O, səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. 

 

Görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb. Xovayev bundan əvvəl İrəvanda olub və orada müəyyən görüşlər keçirib. Rusiya XİN-nin nümayəndəsi daha əvvəl iyul ayında regionda olub.

 

İqor Xovayevin qısa müddət ərzində iki dəfə cənubi Qafqaza gəlişinin pərdəarxası məqamları maraq doğurur. Xovayevin hansı təklifləri verdiyi də diqqətçəkən məqamlar sırasındadır. 

 

Rusiya emissarının İrəvana və Bakıya gəlməsinin səbəbi nədir? 

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli İqor Xovayevin Prezident İlham Əliyevlə görüşü zamanı humanitar yollarla bağlı müzakirələrin aparıldığını bildirib:

 

“Ağdam-Xankəndi yolunun açılması və buna paralel olaraq Laçın sərhəd buraxılış məntəqəsindən də müəyyən yüklərin buraxılması məsələlərinin müzakirə edildiyi istisna deyil. Xovayev humanitar yolların paralel açılması istiqamətində səylərini göstərir. Görək, bunu bacaracaqmı? Əsasən Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yüklərin Xankəndiyə çatdırılması məsələsi, eyni zamanda Laçın sərhəd-buraxılış məntəqəsində dayanan “TIR”lardan ikisinin-üçünün Xankəndiyə çatdırılması məsələsi gündəmdə ola bilər. Hər halda vəziyyət gərgindir. Onlar ayın 9-u “seçkilər”ə hazırlaşırlar. Azərbaycan tərəfi də buna qarşı müəyyən tədbirlər görmək istəyir. Görünür, ruslar bu məsələ ilə əlaqədar Azərbaycanla məsləhətləşmə aparırlar. Hər halda sentyabr ayının əvvəlki günləri gərgin olacaq".

Politoloq vuğulayıb ki, Xovayev Ermənistana səfəri zamanı onlara Azərbaycanla razılaşdırılmış məsələləri çatdırıb:

 

"Ermənistana səfəri zamanı İ.Xovayev Azərbaycanla razılaşdırılmış məlumatları çatdırmalıdır. Ermənistan tərəfi bizə reinteqrasiya məsələləri, eləcə də Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınması ilə bağlı vədlər verməlidir. Biz də buna müvafiq olaraq Laçın sərhəd-buraxılış məntəqəsindən yoxlamaq şərtilə müəyyən yüklərin buraxılmasına təminat verə bilərik".

 

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov vurğulayıb ki, Rusiya Azərbaycanla Ermənistan arasında genişmiqyaslı müharibənin olmasında maraqlı deyil:

 

"Hazırda Rusiyanın iştirakı ilə Azərbaycan və Qarabağ erməniləri arasında mühüm məqamlar müzakirə predmetidir. Bu məqamlar çərçivəsində reinteqrasiyanın gələcək mənzərəsinin nədən ibarət olacağı, Ağdam-Xankəndi yolu, eyni zamanda Laçın yolunun gələcəyi kimi məsələlər dayanır. Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın ilk tələbidir. Bundan sonra Laçın yolunda yeni prosedurlar, qaydalar müəyyən edilə bilər. Bu da Azərbaycanın mövqeyinin güclənməsinə, eyni zamanda orada separatçılığın baş qaldırmasının əleyhinə yönəlib. Yəni hər bir erməni Azərbaycan ərazisinə daxil olarkən Azərbaycan bayrağına və manatına hörmət etməlidir. Əgər onlar Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq istəyirlərsə, vergi uçotuna dayanmalıdırlar. Söhbət elektrikdən, təbii qazdan gedirsə, burada da əlbəttə ki, dialoqa ehtiyac var. Buna görə də, mütləq reinteqrasiya ilə bağlı görüş olmalıdır. Ermənilər bundan qaçır və hələki görüşmək fikrində deyil. Bu özlüyündə yeni proseslərin qarşını alır. Yolun açılmaması və ermənilərin bugün dünya ictimaiyyətinə Laçın yolu və Qarabağ məsələsində blokada ifadəsini işlətməsi yeni müharibənin yaranmasına səbəb ola bilər. Bunu Rusiya tərəfi anlayır. Rusiya tərəfi Qarabağda Azərbaycan tərəfinin antiterror əməliyyatı keçirməsini, Azərbaycanla  Ermənistan arasında böyük müharibənin başlanmasını istəmir. Bunda maraqlı deyil. Elə olan təqdirdə həm sülhməramlılar, həm də  Rusiyanın Xarici İşlər Nazirliyi xətti ilə Cənubi Qafqaz siyasəti ilə əlaqədar müxtəlif gedişatlar hazırda tərəfimizdən izlənilir".

 

Z.Məmmədov Xovayevin səfərinin yaxın vaxtlarda Azərbaycan üçün müsbət nəticələrinin olacağını söyləyib:

 

"İ.Xovayevi Azərbaycan Prezidenti qəbul etdi və lazımi sözləri ona dedi. Əlbəttə ki, daha vacib hissə qapalı görüş zamanı baş tutdu. Səfərin nəticəsi kimi Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında konsultasiyanı göstərə bilərik. Xovayevin rəsmi Bakının fikrindən agah olmasından sonra həm separatçıların, həm də Ermənistanın məlumatlandırılmasına da şahidlik edə bilərik. Ermənistanın vaxtı çox azdır. Ya onlar görüş keçirəcəklər, ya da yeni prosesə biz qədəm qoyacağıq. Ya da bölgə yeni müharibə ocağına çevrilə bilər. Çünki Ermənistan dünyada artan xətt üzrə Azərbaycana qarşı təzyiqi davam etdirir. Azərbaycanın isə Ağdam-Xankəndi yolundan öncə Laçın yolunu açmaq fikri yoxdur. Belə olan halda vəziyyət daha da gərginləşir və daralır. Ümumilikdə götürdükdə düşünürəm  ki, Xoveyevin səfəri rəsmi Bakı və Moskva arasında baxış bucaqlarının daha da dərinləşdirilməsi üçün vacib idi. Yaxın vaxtlarda biz bu görüşün hər mənada Azərbaycan üçün müsbət nəticələrini görəcəyik".

 



Xəbəri paylaş

1128 dəfə oxunub.

Digər xəbərlər