Saytımızı qiymətləndirin


 
 

Koronavirusun yeni variantından qorxmalıyıqmı... - Gerçəklik və şayiələr
Tarix: 29-08-2023 | Saat: 17:42
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Koronavirusun yeni variantından qorxmalıyıqmı... - Gerçəklik və şayiələr

Məlum olduğu kimi, bu yaxınlarda COVID-19-un yeni ştamı olan Eris (EG.5) variantının yayılması ilə bağlı informasiyalar media məkanını bürüdü. Pandemiyanın ləğv olunmasından sonra ortalığa çıxan bu ştam dünya əhalisi tərəfindən biganəliklə qarşılandı.

 

Bəs görəsən yenidən koronavirusla bağlı yayılan məlumatlara həssas yanaşmaq nə qədər vacibdir? Bu məlumatlar səhihdirmi, yoxsa sadəcə şayiə və ajiotaj yaratmağa hesablanmış bilgi axınıdır?

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni Eris variantı haqqında "müşahidə altında olan variant"dan "izlənməli variant" statusuna keçirilməsi qərarını verdikdən sonra ştamın yayılmasının bütün dünyada davamlı surətdə artması barədə həyəcan təbili çaldı.

 

Əvvəlcə onu qeyd edək ki, Eris Omikron variantının alt növüdür və bütün dünyada yayılan digər variantlarla sıx bağlıdır. Mutasiyaya uğramış virus iyunun sonunda COVID-19-a yoluxmaların 7.6 faizini təşkil edirdisə, iyulun sonunda müvafiq rəqəm 17.4 faizə yüksəlib. Ötən ayın statistikasına əsasən, 51 ölkədən 7000-ə qədər Erisə yoluxma faktı aşkar olunub. 

 
Bu ştamın yaratdığı ictimai sağlamlıq riskinə gəlincə, mövcud sübutlara əsasən, yoluxuculuğuna görə Eris digər ştamlardan kəskin surətdə fərqlənmir. Cons Hopkins Universitetinin Molekulyar Mikrobiologiya və İmmunologiya Departamentinin araşdırmasına görə, Eris simptomlarda da digər variantlara bənzəyir. Qızdırma, öskürək və yorğunluq, həmçinin burun axması, baş ağrısı və əzələ ağrıları simptomlara daxildir.

 

Yaxşı xəbər ondan ibarətdir ki, artıq bir neçə ştamla qarşılaşmış dünya əhalisinin virusa qarşı immuniteti yüksəkdir və bu, Erisin işini "çətinləşdirən" amil kimi çıxış edir. Ölkələr üzrə statistikaya nəzər yetirsək, Fransada COVID-19-a yoluxanların 26 faizi, Böyük Britaniyada 14 faizi, ABŞ-da 17 faizi məhz Eris ştamına yoluxublar. Eris özünü əsasən, Qərbi Avropa və Şimali Amerikada daha qabarıq göstərir.

 

Variant üçün risk qiymətləndirməsi ilə bağlı ÜST qeyd edib ki, hazırda birbaşa olaraq xəstəliyin şiddətinin artmasına dair heç bir dəlil yoxdur.

 

Bəs COVID-19-un yeni ştamının nəzəri olaraq yarada biləcəyi yeni dalğanın hansı siyasi və sosial-iqtisadi təsirləri ola bilər?

 

Bu suala cavab tapmaq üçün əvvəlcə koronavirusun pandemiya olduğu dövrdə müvafiq sferalara təsirini nəzərdən keçirməyə ehtiyac var. 2019-cu ilin dekabrında Çinin Uhan əyalətində rast gəlinmiş, daha sonra bütün dünyaya yayılaraq pandemiya statusu alan COVID-19 dünya tarixinə düşəcək miqyasda qlobal dəyişikliklər yaradıb.

Ən başlıca təsir olaraq, ərzaq tədarükü zəncirlərində yaranan qırılmalar xüsusən, az inkişaf etmiş qlobal cənub ölkələrini təhdid edən, aclıq təhlükəsi riski formalaşdıran, krizis yaratmaq potensialı daşıyan faktor kimi özünü göstərdi. Daha sonra bütün təchizat zəncirlərinə yayılan qırılmalar dünya iqtisadiyyatına böyük zərbə oldu. Müəyyən sahələrdə COVID-19-un yaratdığı böhranın fəsadları hələ də tam aradan qaldırıla bilməyib.

 

Sosial müstəvidə təsirlərə gəldikdə, koronavirusun özünün yaratdığı fəsadlardan daha çox onunla mübarizə tədbirləri çərçivəsində qapanmalar, sosial təcrid və lokdaun addımları böyük problemlər yaradıb. İnsanlararası münasibətlərdə dəyişikliklər, psixoloji və mənəvi sarsınıtlardan doğan fərdi iztirablar yekun nəticədə ictimai və sosial məzmun daşıyan, bütün cəmiyyəti əhatə edən pozulmalarla müşayiət olundu.

 

Xüsusilə, vaksinlərin tətbiqinə qədər olan dövrdə bir çox insanlarda ölüm qorxusu və digər bu kimi amillər patoloji hallara gətirib çıxarmışdı. Vaksinasiya isə başqa problemləri ortalığa çıxardı. Burada siyasi təsirlərə toxunmaq yerinə düşər. Yəni qlobal miqyasda "vaksin millətçiliyi"nin yayılması yoxsul ölkələrin əhalisi üçün, eləcə də bütün dünya üçün təhdidə çevrilmiş oldu.

 

Bundan başqa, skeptik yanaşma sərgiləyən cərəyanlar və vaksindən imtina dalğasını da müşahidə etmək mümkün idi. Sonradan onların bir sıra iddialarında həqiqət payı olduğu da ortalığa çıxdı. Belə ki, vaksin ticarəti ilə məşğul olan bir sıra dairələr insanların sağlamlığını yox, öz maddi marağını güdürdülər. COVID-19 üzərindən varlanan, külli miqdarda varidata sahib olan insanlar meydana gəldi...

 

Müxtəlif analitiklərin fikrincə, koronavirusun yayılması dünya miqyasında demokratiyanın geriləməsinə, siyasi baxımdan insanların çarəsizlikdən doğan depressiv vəziyyətə düşməsinə gətirib çıxardı. Lakin bunun əksini düşünənlər də kifayət qədərdir. Əks tərəfin arqumentinə görə, sərt karantin dönəmlərində müxtəlif cəmiyyətlərdə toplanmış protest enerji sonradan ilk fürsətdə fontan vurmağa başladı. İkincilər son illərdə bir sıra ölkələri bürüyən iğtişaşları da bununla əlaqələndirirlər.

 

COVID-19-un yaratdığı sosial gərginlik danılmazdır. Təsadüfi deyil ki, pandemiya dövründə dövlətlər bu gərginliyin doğura biləcəyi siyasi təlatümləri önləmək üçün müxtəlif iqtisadi tədbirlərə əl atmışdılar. İşsizlərə və sosial baxımdan məhdud dərəcədə təmin olunmuş təbəqələrə birbaşa maddi yardımlar, biznes qurumlarına, sahibkarlara, istehsal və xidmət sferasında fəaliyyət göstərən müəssisələrə maliyyə dəstəyi, güzəştli kreditlər, bank borclarının ertələnməsi, faizlərin hesablanmasının dondurulması və sair addımlar bunlara misal ola bilər.

 

Yeni ştamın - Eris variantının nələrə səbəb olacağını proqnozlaşdırmaq isə hələ tezdir. Pessimist ssenarilərə görə, ştamın yayılması və yoluxma sayının kəskin artması elə pandemiyanın ziyan vurduğu və hələ də toparlana bilməyən sahələri tamamilə çökdürə bilər. Lakin bədbin olmağa dəyməz. Hələlik Eris ştamı ilə bağlı əldə olan bütün məlumatlar onun ciddi fəsadlar törədə biləcəyini istisna edir.



Xəbəri paylaş

1471 dəfə oxunub.

Digər xəbərlər