Saytımızı qiymətləndirin


 
 

Bakıda skuterlərdən gələn TƏHLÜKƏ: Həll yolları varmı...
Tarix: 09-08-2023 | Saat: 10:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda skuterlərdən gələn TƏHLÜKƏ: Həll yolları varmı...

Dünyanın bir çox ölkəsində olduğu kimi, Bakıda da skuter sürənlərin sayının çoxaldığı müşahidə olunur. Skuterlərin sürətli və riskli manevrlərlə sürülməsi nəticəsində insanların həyatı üçün təhlükə yaranır. Son günlərdə skuterlərin bir-biri ilə və insanlarla toqquşması nəticəsində yaranmış qəzaları tez-tez eşidirik. 

 

Bu ilin iyun ayının əvvəlində isə bulvar ərazisində skuterlərin hərəkətinə məhdudiyyət gətirildiyi açıqlanmışdı. Yeni qaydalara əsasən, Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddinin maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb.

 

Ekoloji cəhətdən əlverişli hesab edilsə də, bu vasitələrin hərəkətinin tənzimlənməsi çətindir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, "Yol hərkəti haqqında" qanunun 1-ci maddəsinin 26-cı bəndinə uyğun olaraq, skuterlər mopedlərlə oxşar xüsusiyyətlərə malikdir, yəni bu növ nəqliyyat vasitəsini idarə edənlər qanunun 46-cı maddəsinə uyğun olaraq nəzərdə tutulan tələblərə cavab verməlidir.

 

Amma bulvar ərazisində və insanların sıx olduğu digər yerlərdə hələ də skuterlər qəzalara səbəb olur.

 

Belə xoşagəlməz halların  qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev skuterlərin yaratdığı problemlərin qarşısını almaq üçün həll yollarının ola biləcəyini vurğulayıb.

 

“Nəzərə almaq lazımdır ki, parklar, bulvarlar insanların, piyadaların istirahəti və rahatlığı üçün yaradılmışdır. Bəzi ərazilərdə xüsusi yerlər ayırmaq, yol boyu xüsusi zolaqlar ayırmaq, skuterlər üçün hərəkəti təmin etmək olar. Həmin ərazilərdə skuterlərin sürülməsinə icazə vermək lazımdır. Tutaq ki, parkda xüsusi sarı və ya qırmızı zolaq çəkilir, işarə qoyulur ki, bu yol skuterlər üçündür. Bu halda piyadalar öz yolu ilə gedir, skuterlər də öz yolu ilə sürürlər”.

 

Nəqliyyat eksperti Eldəniz Cəfərli isə bildirir ki, bu vasitələrə məhdudiyyət qoyulması düzgün deyil.

 

“Şəhərdə skuterlərin sayı artdıqca onların iştirakı ilə baş verən  qəzaların sayı da artacaq. Bu qaçılmaz məsələdir. Mən mikromobil vasitələrinin mənfi tərəfini görmürəm. Şəhərdə hərəkət etmək üçün olduqca əlverişli nəqliyyat növüdür. Yaxınlarda bulvarda da olmuşam, orada həqiqətən skuterlərin hərəkətinə məhdudiyyət var. Xüsusi yerlərdə skuter sürməyə icazə verilir. Bulvarda və ya digər parklarda fərdi mikromobillik vasitələrinin vətəndaşlar tərəfindən sürülməsinin əleyhinə deyiləm. Normaldır. Velosiped sürülən yerdə skuterlər də sürülə bilər. Sadəcə müəyyən təhlükəsizlik qaydalarına əməl etmək lazımdır”.

 

Ekspert həmçinin, deyir ki, müəyyən təhlükəsizlik qaydalarına əməl edərək yaranacaq problemlərin qarşısını ala bilərik.

 

“Skuterlərin yaratdığı problemlərin qarşısını almaq üçün ilk olaraq vətəndaşlar özləri təhlükəsizlikləri haqqında düşünməlidir. Skuteri yolda sürən vətəndaşlar mütləq dəbilqədən istifadə etməlidir. Əgər axşam saatlarında sürürlərsə, skuterin ön və arxa fənərləri olmalıdır. Skuterin sürəti isə 25 km/saatdan artıq olmamalıdır. Belə olan halda qəza baş versə də, ağır xəsarətlər olmaz. Amma düşünürəm ki, ümumilikdə skuterlərin şəhərdə hərəkətinə məhdudiyyət qoymaq doğru deyil. Onlar da fərdi mobillik vasitələridir”.

 



Xəbəri paylaş

1171 dəfə oxunub.

Digər xəbərlər