Xatirələrimin əsiriyəm mən - Rəna İbrahimova yazır
Tarix: 08-08-2023 | Saat: 11:30
Bölmə:Karusel / Yazar | çapa göndər
11 320 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-08-2023 | Saat: 11:30
Bölmə:Karusel / Yazar | çapa göndər
Xatirələrimin əsiriyəm mən. Nə qədər ki, yazmıram, danışmıram, paylaşmıram onların arasından dəmir barmaqlıqlar arxasından baxmış kimiyəm. Onlar çırpınır, yada düşür, xatırlanır ki, azad olsunlar, qanadlanıb uçsunlar. Düşünürəm, mən nə qədər sağamsa, onlar da sağdırlar, canlıdırlar. Mən necə nəfəs alıramsa, onlar da eynilə nəfəs alıb yaşayır. Bəlkə elə ona görə də çırpınırlar, beyinin yaddaş qabığında o baş bu başa gedib-gəlirlər, o divara bu divara dəyirlər ki, xatırlansınlar, yaşasınlar, ölməsinlər.
Bu yay əksər laçınlılarımız öz dədə-baba yurduna gedir, şəkillər, videolar çəkib bölüşürlər. Bu yurdlardan, kəndlərdən biri də Hacısamlı kəndidir. Bütün laçınlılar bu kəndi “Zavod” deyə adlandırırdılar. Burada Taxta zavodu olduğundan elə belə də kənd ikinci adını alaraq dillərə düşmüşdü. Sənədlərdə Hacısamlı yazılırdı. Bu kənd mənim üçün doğma, çox gözəl təbiəti ilə o qədər əziz olub ki, elə bil öz doğma kəndimdir. Fikirləşəcəksiniz, sən hara, Hacısamlı (Zavod) hara? Hə, əzizlərim, mən o kənddə yaşamışam.
Dayımın yoldaşı M. F. Axundov adına İnstitutda (indiki BSU) qiyabi şöbədə oxuyurdu. Oxuya-oxuya işləyirdi. Təyinatını Hacısamlı kənd məktəbinə vermişdilər. Dayım Rusiya ilə Azərbaycan arasında yaşayırdı. Mövsimi işlə əlaqədar ailəsinin yanında daimi qala bilmirdi. Körpə övladları da vardı artıq. Gəlin tək qalmamaq üçün və körpəyə də kömək etmək üçün məsləhət görüldü ki, mən gedib onun yanında qalım.
Dayımın həyat yoldaşı öz qohumumuzun evində qalırdı. Ev iki mərtəbədən ibarət idi. Birinci mərtəbəni ona vermişdilər. İkinci mərtəbə isə ev sahiblərinin tam ixtiyarında idi.
Hansı ay olduğu yadımda deyil amma bilirəm ki, payız ayları idi. Necə getdiyim, hansı formada o kəndə köçdüyüm yadımda deyil.
Dayım yoldaşına maşın sürməyi öyrətmişdi. Alıqulu ilə Hacısamlı arasında sükan arxasında gənc müəlliməni görmək olardı. Dayım çox yenilikçi insan idi.
Mən Hacısamlıda bir dərs ilini yaşadım, orada oxudum. Artıq kəndin sakini kimi hesb edilirdim. Hamı məni yəqin ki, tanıyırdı. Mən də çox adamları tanımağa başladım. Məktəbi çox sevdim. Müəllimləri indiyədək xatırlayıram. Bütün il ərzində olan toylara gedirdim. Ev sahibinin qızıyla eyni sinifdə oxuyurduq. Bəxtim gətirmişdi. Hər yerə birgə gedirdik.
Kənd böyük deyildi. Gözəl mənzərəsi vardı. Biz kəndin lap girişində yaşayırdıq. Məktəblə çəpər-çəpərə idik. Evin üzü qatı bir meşəliyə baxırdı. Hündür dağ kimi yadımda qalıb. Gecələr o qalın meşənin içərisiylə hərdən maşın işığı gələrdi. Pəncərənin qabağında dayanıb uzun yollara həsrətlə baxırdıq . Xüsusən də işıqlar sönəndə. Böyüklər bizi evdə qoyub qonum-qonşuya gedərdilər. Tək qalanda qorxulu nağıllar aləminə səyahətimiz başlayardı. Naməlum maşının işığı bizə ümid kimi görünərdi.
Qışda dayım kəndin məşhur ovçuları ilə ova gedirdi. Ova xüsusi hazırlaşırdılar. Qaban vurduqları yadıma gəlir. Dyəsən, dovşan ovu da varıydı. Ov planlarını danışdıqca biz də eşidirdik. Ən məşhur ovçulardan dayımla Abbas dayıdan başqa Qırmıxan yadımda qalıb.
Kəndin ortası ilə çay axırdı. Bu çay kəndi daha mənzərəli edirdi. Çay da bizə yaxın idi. Məncə, evlər çayboyu yerləşirdi. Ona görə də yəqin hər evə yaxın idi bu çay. Çay yuxarı getdikcə Qurdhacı kəndinə doğru yol uzanırdı.
Kənd balaca olduğundan məktəb də balaca idi. Yəqin ki, 8 illik idi. Siniflərdə şagird az idi deyə daim siniflər birləşib paralel dərslər aparılırdı. Mən beşinci sinifdə oxuyurdum. Altıncı siniflə daim paralel olurduq. Sinifdə oxuduğum uşaqları bəlkə də tam yadda saxlaya bilməmişəm amma az idik. Mən olsun ki, elə hamını xatırlayıram, elə yuxarı sinfi də.
Müəllimlərimi çox yaxşı xatırlayıram. Dayımın yoldaşı Rus dili fənnini tədris edirdi. Bəzən öz dərsindən mənə ya icazə verər ya evə göndərərdi ki, gedib körpəyə baş çəkim gəlim. Oyaq olardısa onun gəlməyini gözləyərdim. Beləcə, növbə ilə məktəbə gedirdik. Dərsi mənə evdə başa salırdı.
Sinfimizdə oğlanlardan birinin adı Rokfeller idi. Adı qədər özü də ciddi həm də qaraqabaq oğlan idi. Qapqara saçları həmişə uzun olurdu. Gözlərinin üstünə tökülürdü. Başını arxaya edərək saçlarını hərdən gözünün üstündən atardı. Digəri Siyavuş idi. Deyəsən sarşın, qıvrım saçlı idi. Uzun saçlı balaca boylu qızın adı Zülfiyyə idi. Hətta atasının adını da xatırlayıram. Əfkar idi. Az-az rast gəlinən ad. İki hörük hörürdü. Hörükləri az qala özündən uzun idi. Bir söhbət də gəzirdi ki, oğlanlardan birinin nəslində kimsə adam öldürmüşdü. Həm də neçəsə qardaş idilər. Bu söhbət indiyə qədər yadımda məni üşüdən bir söhbət kimi qalıb. Bəlkə də uşaq olmuşuq, elə ona görə qorxulu yuxu kimi qalıb yadımda. O vaxtlar belə hallar çox az idi. Heç də hər şey adi deyildi. Zeynəb isə bizim evində qaldığımız qohumumuz Abbas dayının qızı idi. Uzun, qıvrım saçlı, ərköyün bir qız idi. Gözəl, badamı gözləri, sıx, yuxarı qatlanan kirpikləri vardı. Abbas dayı olduqca nurlu bir insan idi. Daim gülürdü üzü. Qırmızı yanaqları hələ də yadımdadı. Həyətində alma ağaclarıyla bərabər arı pətəkləri də vardı. Heç onlarda bal yediyimi xatırlamıram. Amma ən çox yadımda qalan zoğal mürəbbəsidir. Bizə yaşamaq üçün verilən otaq çox da balaca deyildi. Otaq ayaq tərəfdən pərdə vasitəsilə iki yerə bölünmüşdü. Pərdənin arxasında çox güman ki, ərzaq, palaz-paltar vardı. Ayaqaltı adlanan yerdə ayaqqabı çıxarılan yer olmaqla bərabər həm də ev sahiblərinin ərzalarının saxlandığı yer idi. Orada taxtadan masa düzəldilmişdi. Üzəri örtüklə örtülərək aşağısında məncə rəflər vardı. Amma...amma o masanın üstündə vedrəylə zoğal mürəbbəsi olurdu. Xarlamış, dadlı, ləzzətli meşə zoğalından.
Bu vedrə ümumu idi. Belə ki, kim nə qədər istəsəydi götürüb istifadə edə bilirdi. O vedrənin qapağını gündə neçə dəfə açıb-örtərdik.
Həyətdə ikinci mərtəbədən aşağı enən pilləkənlərin ayağında bulaq vardı. Bu bulağın üstündə qocaman bir ağac vardı. Kəndin bəzi qız-gəlinləri gəlib səhənglə su aparırdılar. Ən çox Nailə xala yadımdadır. O, ev sahibəsi Anya xala ilə bacılıq idi. Suya gələndə o ağaca söykənib saatlarca söhbət edirdilər. Nailə xala həm də qulağındakı “səbət” sırğalarla da yadımda qalıb. Deyəsən dişləri də qızıl idi. Yoldaşı ya baytar idi ya da aptekdə işləyirdi. Bəlkə də yaddaşım məni yanıldır. Onun qızı Zöhrə bizimlə paralel sinifdə oxuyurdu. Çox gözəl, sarışın, zərif bir qız idi. Həkim olmaq istəyirdi. Onun xalası da Tibb Universtetində oxuyurdu. Nədənsə hamı onu “Moruq” deyə çağırırdı. Qış tətilinə gələndə görmüşdüm.
Anya xala o qədər mehriban, canyanan insan idi. Hər zaman bir ailə olmuşuq. Mən özümü o ailənin qızı kimi hiss edirdim. Günümün çoxu yuxarı evdə keçirdi.
Abbas dayı isə elə öz dayım qədər istəkli idi. Mən sakit idim xaraktrcə həm də üzüyola idim. Məni hər hansı buyruğa göndərsələr boyun qaçırmazdım. Bir dəfə nəsə oldu. Abbas dayı məni Zeynəbə misal çəkdi. Hələ bir əlavə də elədi, “Zeynəb, bax Rənanı görürsən? Rənanın qadası sənin ürəyinə”. Zeynəb sözəgəzməz, hazırcavab olduğundan, düşünmədən “Papa, mənim də qadam sənin ürəyinə” dedi.
Bu evdə ən çox mənim yadımda qalan insan Vaqif idi. O, Anya xalanın qardaşı idi. Asəf Zeynallı adına musiqi məktəbində oxuyurdu. Çox gözəl səsi vardı. Gənc, gənc olduğu qədər də ədalı idi. Paltosunu çiyninə atıb gəzərdi. O qədər həzin, gözəl səsi vardı. Bacısıgilə gələndə daim evdə zümzümə edirdi. Kənddə toylara da gedirdi. Ən çox zümzümə edib oxuduğu mahnı isə “Laylay bala, laylay” xalq mahnısı idi. Uşaq olduğumdan ilk dəfə elə Vaqifin dilindən eşitmişdim bu mahnını. İndiyə qədər o mahnını eşidəndə ilk ağlıma Vaqif, onun zümzüməsi gəlir. Çox heyif ki, ömrü çox qısa oldu. Tələbə yataqxanasında ürəktutmasından yuxuda qalmışdı. Bu vaxtsız ölüm hamını hətta onu yaxından tanımayanları da kədərə qərq etdi. Ömür vəfa etsəydi indi ən tanınmış sənətkarların cərgəsində olardı. Mənsum İbrahimovun tələbə yoldaşı olub. Sevdiyi qız da öz tələbə yoldaşı, musiqiçi idi.
Anya xalanın Əsəd adlı bir qardaşı da vardı. Köçkünlük vaxtı Murovda qar uçqunun altında qaldı. O da çox gənc idi. Bir sözlə, dərd dərd üstə gəldi.
Yazda kənd çox gözəl olurdu. Zeynəblə qar tam əriməmiş çayda ayaqlarımızı, üzümüzü yuyurduq. Hələ şaxtası (şaxı) sınmamış su üzümüzə boz salmışdı. Çayın kənarında Abbas daylgillə qonşuluqda avtobus sürücüsü Novruzun evi yerləşirdi. Sonra o həyat yoldaşı Fatma və qızları ilə Bakıya köçdülər. Evlərini Abbas dayıgilə tapşırmışdılar. Biz də gedib evə baxır, həyət-bacaya baxırdıq. Onların həyətindən gicitkən, cincilim yığırdıq.
Daha bir maraqlı, mehriban bir qonşu vardı. Hacı dayıgil. Yoldaşı Paket xala o qədər xoşsifət insan idi. Evdə yalnız bir oğlu vardı. Qalan uşaqları Bakıda oxuyurdular. Yaxınlarından bir oğlan onlarda qalırdı. Muncuqludan idi. Orada məktəb yox idi. O da məndən bir sinif yixarı-paralel sinifdə oxuyurdu. Muncuqlu adı o qədər xoşuma gəlirdi, elə bilirdim orada bar varən ağaclar, kollar muncuq formasında olur. Həm də Mirzəlinin ata-anası heyvandarlıqla məşğul idilər. Mən o qoyunların boğazlarının altında bəzən muncuq kumu sallanan düyünləri belə Muncuqluya bənzədirdim.
Paket xala dayımın yoldaşı Cəmilə müəlliməyə az qala hər axşam süd gətirirdi vedrədə. İçinə də kömür olurdu həmişə. Nə məna kəsb etdiyini bilmirəm. Hərdən məni çağırırdı ki, südə mən gedim. Onda görüm ki, sobadan, ocaqdan közü maşa ilə götürüb atır südə.
Bir dəfə məktəbə yoxlama gəlib. Kimsə “demoqoq”luq edib yazıbmış ki, mənim adım məktəvdə gedir amma dərsə getmirəm. Məni çağırdılar məkkəbə. Məktəb nədənsə boş idi. Həftənin hansı günü idi bilmirəm. Bəlkə də tətil idi. Amma payız aylarından biri kimi xatırlayırm. Mənə ordan-burdan sual verdilər. Yəqin başa düşdülər ki, məlumat səhvdir. Mən öz yerimdə idim. Bir gün belə dərs buraxmırdım. Yoxlamaya gələnlərdın biri Paşa müəllim idi. O biri yaxud o biriləri yadımda deyi. Mənə kimlərdən olduğumu soruşdu. Dedim. Atanı da əmimi də tanıdı. Hələ qohumuq da dedi deyəsən. Məktəbin direktoru Həkimxan müəllim də orada idi. Bu hadisədən sonra məni xeyli təriflədi. “Balaca qəhrəman”a çevrilmişdim. Bu söhbət dildən-dilə düşdü kənddə. Məktəbi “xilas” etmişdim. Amma doğrunu demişdim.
Bir dəfə də Cəmilə müəllimə məktəbə gəlib məni evə göndərdi ki, körpə evdə təkdir. Mən evə gəldim. Başım özümə necə qarışıb, vaxtı itirmişəm. Bibimin kosmetika çantası həmişə pəncərənin ağzında olurdu. Oturub bəzənib-düzənirəm. Birdən qapı açıldı. Bibim içəri girdi. Heç gözləmirdim belə tez gəlcəyini. Necə həyəcanlandım, necə qorxdumsa, özümü itirdim. Boyanmış yumurta kimi durdum. O iti, acıqlı baxışlar hələ də yadımdadır. Neçə gün başımı yuxarı qaldırıb onun üzünə baxa bilmirdim. O da yəqin mənə hirsindən baxmırdı.
Bir ildə o qədər xoş xatirələr yadda qalıb ki, bir ömrə bərabərdir. Bu gün Abbas dayı öz ailəsi ilə viran olmuş yurduna gedib. Oraları ziyarət edir. Anya xala, Zeynəb, bacıları, qardaşı o həyəti, kəndi gəzdikcə, mən də ruhən oraları səyahət edib, xatirələrimi ziyarət etmək qərarına gəldim. Vaqifin səsini eşitmək, Əsədin izlərini tapmaq üçün. Hər daşın altında, hər ağacın kölgəsində, hər cığırda yatan xatirələrin oyanışı 31 ildən sonra narkoz almış xəstənin oyanışına bənzəyir. Yuxu dövründə olanlar o torpaqların... yox, bizim o torpaqları yetim qoyub gəldiyimiz vaxtın itgisinə bərabərdir. Bir igidin ömrü qədər!
O zaman kəsiyi əlimizdən elə alınıb, yaddaşımızdan elə qoparılıb ki, heç nə onu bərpa edə bilməyəcək! Bütün ömrümüz boyu bizi yandıracaq, odsuz-ocaqsız.
Rəna İbrahimova
Xəbəri paylaş
Digər xəbərlər
6-05-2022, 10:23
Rus qoşunları Mariupoldan çıxır
20-12-2021, 09:52
Bakıda sabah Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu işə başlayır
14-04-2023, 11:57
İsti su sayğaclarının quraşdırılmasına başlanıldı
26-02-2021, 15:42
Putin Qarabağa görə Təhlükəsizlik Şurasını TOPLADI
15-11-2024, 15:50
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib
12-02-2022, 15:55
Bakıda üçmərtəbəli ev yanır
24-02-2022, 11:16
Rusiya Qran-prisi təqvimdən çıxarıldı
14-08-2024, 16:59
İnternet qiymətini artıran provayderlərlə bağlı araşdırmalara başlanılıb
28-01-2022, 12:56
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub