“Şuşada keçirilən IV Beynəlxalq Qlobal Media Forumu zamanı Prezident İlham Əliyev bununla bağlı məsələlərə aydınlıq gətirərək bəyan etdi ki, Laçın dəhlizində sərhəd-buraxılış məntəqəsinin qurulması, birincisi, Azərbaycanın suveren dövlət olaraq hüququdur”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.
O, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi çərçivəsində səsləndirdiyi fikirlərə, habelə rəsmi Vaşinqtonun alternativ marşrut təkliflərinə toxunub.
Öz növbəsində, E. Manafov xatırladıb ki, buraxılış məntəqəsinin qurulmasında məqsəd heç də Qarabağdakı erməni icmasını Ermənistan cəmiyyətindən təcrid etmək, yaxud Qərb siyasətçilərinin qeyd etdiyi kimi, erməni icmasını humanitar fəlakət həddinə gətirmək deyil:
“Əksinə, alternativ marşrutlar təklif etmək icmanın maddi, sosial və digər məzmunlu problemlərinin həllində Azərbaycan dövlətinin dəstək siyasətindən irəli gəlir. Sadəcə olaraq o yolda müşahidə olunan hallar, hətta Ermənistan hakimiyyətinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin əli ilə Qarabağa silah-sursatın daşınmasıyla bağlı bəlli hərəkətləri Azərbaycan dövlətini belə bir addım atmağa vadar etdi.
Bütövlükdə bu addım perspektivdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına hesablanmış bir addımdır. Azərbaycan bu yolla həm də bölgədə maraqları olan bəlli güc mərkəzlərinə də öz ismarışlarını verir ki, İrəvanla münasibətlərdəki mövcud problemlərin həlli üçün rəsmi Bakı irəli sürülən 5 məlum şərt ətrafında danışıqların aparılmasında israrlıdır və problemin həlli daha çox erməni hakimiyyətinin ata biləcəyi konstruktiv addımlarda asılıdır!.
Onun fikrincə, bu siyasət erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyasına xidmət edən bir siyasətdir:
“Ermənistan hakimiyyəti, o cümlədən ona havadarlıq edən dairələr də çox gözəl başa düşürlər ki, erməni icmasının cəmiyyətimizə reinteqrasiyası ilə bağlı proseslərin uğuru nəticəsində onların Azərbaycan dövlətinə təhdid və təzyiq imkanları aradan qalxacaq və bundan məhrum olacaqlar. Ona görə də bu cür bəyanatlar verilir.
Təəssüflər olsun ki, bu bəyanatlar təkcə Ermənistan hakimiyyəti tərəfindən deyil, o cümlədən Paşinyan iqtidarının hakimiyyətə gəlməsində bu və ya digər şəkildə rol oynamış Birləşmiş Ştatların siyasi istəblişmenti tərəfindən də verilir. Hətta Azərbaycan hakimiyyətinə ünvanlanmış ismarışlarda ABŞ Azərbaycanı Qarabağdakı separatçı rejimlə birbaşa danışıqlara getməyə təklif etmişdi. Halbuki Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyanın zərərsizləşdirilməsi və tutulub təhvil verilməsi barəsində rəsmi Bakının bəlli mövqeyi var. Vaşinqton isə bizə separatçılarla danışıqlara getməyə təklif edib”.
Siyasi təhlilçi aydınlaşdırıb ki, bəlli münaqişənin yaratdığı bütün məlum mənfi reallıqları aradan qaldırmaq üçün Azərbaycan Prezidenti Xocalıda erməni tərəfi ilə danışıqlara getməyin tərəfdarı olduğunu bəyan etmişdi:
“Danışıqların birinci raundu da artıq arxada qalıb. Bütün bunların müqabilində Qərbin bunları görməməzlikdən irəli gələrək israrla Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinin götürülməsini təzyiq etməsi onların Ermənistan hakimiyyəti üzərindəki korporativ maraqlı kontekstindədir. Qərb hər şeyi edir ki, bu problem həllini tapmasın. Onlar üçün Qarabağ problemi bölgədə gec işləyən mina xarakteri daşıyır”.
Analitik düşünür ki, alternativ dəhlizlərlə bağlı Azərbaycanın ortaya qoyduğu mövqeyə baxmayaraq, ABŞ-ın Laçında yerləşən nəzarət-buraxılış məntəqəsinin götürülməsi məsələsindəki israrı onu göstərir ki, beynəlxalq güclərin münaqişənin ədalətli həlli istiqamətində atdığı addımlar o qədər də səmimi deyil:
“Əlbəttə ki, beynəlxalq güclər bu problemin həllini istəyirlər, lakin onun ədalətli həlli ilə bağlı məsələlərdə Azərbaycanın kifayət qədər şübhə etməyə əsasları var. Bunlar dövlətimizə təzyiq və təsir mexanizmlərini saxlamaq üçün düşünülmüş bir siyasətdir. İstisna edərdim ki, Azərbaycanla bundan sonra bu formada danışmaq mümkün olmayacaq. Çünki Azərbaycan ordusunun 44 gün ərzində əldə etdiyi qələbə bölgədəki geosiyasi reallıqları əhəmiyyətli şəkildə dəyişib. Qərb isə əsasən, bu reallıqları dəyişmək istəyir. Bu isə Rusiya-Ukrayna müharibəsi ampluasında bütün çalarları ilə özünü qabarıq şəkildə büruzə verir. Qərb eynilə Cənubi Qafqazda da Rusiyanın bölgədəki hərbi mövcudluğunu həzm edə bilmir və bölgədə Rusiyanın nüfuz dairəsini daraltmaq üçün bu problem və digər problemlərdən bu kontekstdə istifadə edir və bu cəhdlərdən əl çəkmir”.