Tarix: 27-07-2023 | Saat: 17:54
Bölmə:Karusel / Qarabağ / Region | çapa göndər
Ermənistandan Qarabağa göndərilən yüklər saatlardır sərhədə yaxın ərazidədir. Düşünürlər ki, yüklər günlərlə sərhəddə ilişib qalsa, böyük dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqi artacaq və rəsmi Bakı yüklərin Laçından keçidinə icazə vermək məcburiyyətində qalacaq.
Modern.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Azərbaycan-Ermənistan sərhədində yaşanan son hadisələri şərh edərkən səsləndirib.
Politoloqun fikrincə, hadisələr fonunda bir sıra mərkəzlərin və xarici diplomatların Azərbaycan əleyhinə açıqlamaları artıb.
“Haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər. Burada bizim də günahımız var, haqlı olduğumuzu beynəlxalq aləmə ya izah edə bilmədik, ya da passiv olduq, ermənilərsə həmişəki kimi Azərbaycana qarşı var gücləriylə təxribat maşınını işə salıblar. Bütün hallarda iki yolları var. Yüklər günlərlə sərhəddə qaldıqdan sonra ya geri qaytarılacaq, ya da Ağdam variantına razılaşmaq məcburiyyətində qalacaqlar.
Fikrimcə, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası yüklərin Ağdam üzərindən çatdırılmasına etiraz etməz, məqsəd Qarabağ ermənilərinə yüklərin çatdırılmasıdırsa, İrəvan üçün yolun fərqi olmamalıdır. Ancaq radikal erməni qüvvələri hesab edirlər ki, yüklər Ağdam ərazisindən çatdırılsa, bu, İrəvanın və Qarabağ ermənilərinin faktiki Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamına gələcək, eyni zamanda Laçın yolunun “dəhliz” statusunun ortadan qaldırılmasıyla barışacaqlar”, - deyə politoloq vurğulayıb.
Qeyd edək ki, Ermənistan tərəfi 400 ton "humanitar yardım"ın Qarabağa çatdırılmasına qərar verib və dünən yüklənmiş TIR-lar Laçın istiqamətində yola düşüb. Təbii ki, həmin yük karvanı Azərbaycan ərazisinə buraxılmayıb. Ermənistan tərəfi nəqliyyat vasitələrini sərhədlərimizə cəmləməklə siyasi manipulyasiyaya cəhd edir və bununla Laçın istiqamətində vəziyyəti gərginləşdirməyə çalışır.
Digər xəbərlər