Saytımızı qiymətləndirin


 
 

Nə Moskva, nə də Bakı qırmızı xətləri keçməyə çalışır - Rusiyalı ekspert
Tarix: 19-07-2023 | Saat: 11:18
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Nə Moskva, nə də Bakı qırmızı xətləri keçməyə çalışır - Rusiyalı ekspert

Rəsmi Bakı nümayəndələri Rusiya XİN-in bəyanatında qeyri-məqbul nə gördülər ki, Azərbaycan XİN-in cavab bəyanatının müəllifləri Moskvanın mövqeyini “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında Bəyannaməyə” uyğunsuz saydılar? Çox güman ki, “Dağlıq Qarabağın normal həyatının bərpası” tezisi nəzərdə tutulur. Bu cümlədə rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünə və onun Qarabağ ərazisi üzərində müstəsna suverenliyinə qəsd gördü.

Yenisabah.az xəbər verir ki, bu fikri rusiyalı beynəlxalq politoloq Sergey Markedonov özünün "Telegram" kanalında bildirib.

O qeyd edib:

“Rusiya və Azərbaycan diplomatları Qarabağ nizamlanmasının problemləri və perspektivləri ilə bağlı kəskin fikir mübadiləsi aparıblar.

Qısaca olaraq hadisələrin konturları belədir: İyulun 15-də Rusiya Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağda vəziyyətlə bağlı” bəyanat yayıb. O, məhz Avropa Şurasının sədri Şarlz Mişelin moderatorluğu ilə Brüsseldə münaqişənin həlli üzrə üçtərəfli danışıqların keçirildiyi gün işıq üzü görüb. Ancaq məsələ təkcə Aİ-nin himayəsi altında keçirilən toplantıda deyil. “DQR”-lə bağlı gərginliyin dərəcəsi artır.

Onun "rəhbərliyi" aparıcı dünya dövlətlərinə müraciət edir və Xankəndidə kütləvi aksiyalar göz qabağındadır. Çünki münaqişə tərəflərinin maraqları arasında uyğunsuzluq var. Ermənistan Qarabağın Azərbaycan ərazisi kimi tanınmanı "mübahisəli bölgə"nin erməni əhalisi üçün təhlükəsizlik zəmanəti və humanitar vəziyyətin normallaşması ilə şərtləndirməyə çalışır. Ortaya çıxan Rusiya-Türkiyə fikir ayrılıqları da vəziyyətə sabitlik qatmır. "Qarabağ işi" ilə birbaşa əlaqəsi olmasa belə, bunun üçün mühüm fon amilidir.

Bu əhvalat Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyasının Bakıya yeni təyin olunmuş nümayəndəsi Mixail Yevdokimov arasında izahatların mövzusu olub. Rusiyalı diplomatın səfirlik vəzifəsinə girişi “gəmidən ziyafətə” rejimində baş tutub.

Belə hallarda tez-tez olduğu kimi, “fəal ictimaiyyətin” çıxışları da olub. Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev (o, ölkəsinin adının Şimali Azərbaycan adlandırılması kimi çoxsaylı ekstravaqant təşəbbüsləri ilə tanınır) bəyanatını bir sıra sərt ifadələrlə müşayiət edərək, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb edib.

Bunun cavabı tanınmış rus diplomatı, hazırda senator, Federasiya Şurasının profil komitəsinin sədri Qriqori Karasinin qəzəbli məzəmməti olub. Bununla belə, Rudenko, Karasin və Bayramov “qırmızı xətləri” keçməməyə çalışıblar. Onların hamısı həm Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərin vacibliyini, həm də sülh prosesinə konstruktiv yanaşmanın zəruriliyini etiraf ediblər.

Onu da nəzərə almaq lazımdır ki, vaxtaşırı belə “atışmalar” baş verir. Ən azı Azərbaycan Müdafiə Nazirliyinin, hətta prezident İlham Əliyevin Qarabağın yekun demilitarizasiyasında Rusiya tərəfinin enerjisinin yetərincə olmaması ilə bağlı açıqlamaları xatırlamaq olar. Bu açıqlamlar 2023-cü ilə qədər səsləndilər.

Tərəflər arasında sistemli münaqişələrin aradan qaldırılması vacibdir. Əgər Azərbaycan döyüş meydanında öz qələbəsini siyasi, diplomatik və hüquqi müstəvidə möhkəmləndirməyə çalışırsa, o zaman Rusiya Bakı və İrəvanın, eləcə də Ankara və Tehranın maraqları arasında balans yaratmağa məcburdur.

2022-ci ildən sonra Qərblə diplomatik/sülhməramlı səmərəlilik baxımından rəqabət də yaddan çıxarılmamalıdır. Mövcud münaqişələr o demək deyil ki, Rusiya Federasiyası və Azərbaycan üçün münasibətlərin pisləşməsi qabaqdadır. Söhbət eyni problemə fərqli yanaşmalardan gedir. Amma hər hansı uyğunsuzluqlar müzakirə oluna bilər (və müzakirə olunmalıdır), bununla da xərcləri və riskləri minimuma endirmək olar”.



Xəbəri paylaş

1170 dəfə oxunub.

Digər xəbərlər