Saytımızı qiymətləndirin


 
 

Ermənilərə “Ağdam bazarı” təklifi - orada daha “atom bombası” satılmır...
Tarix: 15-07-2023 | Saat: 09:21
Bölmə:Karusel / Yazar | çapa göndər

Ermənilərə “Ağdam bazarı” təklifi - orada daha “atom bombası” satılmır...

Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşdə deyib ki, “erməni sakinlərin digər tədarük ehtiyacların” Ağdam-Xankəndi yolundan istifadə etməklə qarşılamaq imkanı var.

Nazirin konkret nəyi təklif etdiyini bir az açıq desəydi, daha yaxşı olardı. Mənim başa düşdüyüm budur ki, Azərbaycan ermənilərə yaxınlıqdakı Ağdamdan istənilən qida məhsulunu almaq təklifi verir. Əgər qorxuları varsa, onları “Qızıl Xaç”da müşahidə edə bilər. Nazir bunu da deyib.

Bayramov əlbəttə ki, haqlıdır, məsələn, ərzaq almaq üçün Xankəndidən ən azı Gorusa getməyə nə ehtiyac var? Xankəndidən Ağdama olsa-olsa, 22-25 kilometr olar...

Ağdam bazarının nə olduğunu ermənilər yaxşı bilir. O zamanlar İrəvandan da gəlib “tapılmayan malları” Ağdamdan alıb aparardılar. Düzdür, indi xaraba qoyduqları Ağdam kimi o bazarı da qurub-yaratmaq çətin işdir. (Lal Taryeli, tum satan Ağcanı, “Aslan-piston”u hardan tapasan e?) Amma erməni vətəndaşların ehtiyaclarını ödəyə biləcək supermarket tikmək 1 ayın işidir. Hətta onlara qiymətlərdə müəyyən güzəştlər də etmək olar. Ətindən tutmuş yağına kimi gəlib alıb aparsınlar, gözləri də doysun, qarınları da, dünyaya da yalandan “acından ölürük” harayı salmasınlar.

Nazirin bu təklifi şübhəsiz ki, bu görüşdə ortaya çıxmayıb, bunun arxasında dövlət dayanıb. Yəqin ki, bu ərzaq məsələsi Bakıya zənglərdə dövlət rəhbərliyi ilə də müzakirə də edilir. İndi dövlət də Xankəndi və ətrafda yaşayan ermənilər üçün çox əlverişli variant təklif edir.

Ermənilər onu da bəhanə edə bilər ki, bəs hansı valyuta ilə ərzaq alacaqlar? Bunu da valyutadəyişmə məntəqəsi yaratmaqla həll etmək olar.

Ermənistan dramın var, buyur manata dəyiş... Amma onu da şərt kimi qoymaq olar ki, erməni dramı məsələn, yalnız 1 il ərzində dəyişdiriləcək və ya sülh müqaviləsi imzaladıqdan sonra Ermənistanın pul vahidi dəyişdirilmək üçün qəbul ediləcək. Prinsipcə, bunlar texniki məsələ kateqoriyasına aiddir, ən müxtəlif həll yoilları var.

Ermənilərin bu təklifi qəbul edəcəyinə ümid azdır, çünki yenə ən müxtəlif bəhanələr düşünəcəklər. Ağdamın yerli sakinləri hələ orada məskunlaşmayıblar, ermənilər zəruri ehtiyacları üçün bazarlığa gələrlərsə, onlarla qarşılaşmayacaqlar ki, qorxsunlar, ya da “ağdamlılar bizimlə məzələnirlər” desinlər. Adam kimi gəlib zəruri ərzaqlarını alıb apara bilərlər.

Ağdam ermənilərin həmişə çəkindikləri şəhər olub. Yəqin həm də ağdamlılarının davakarlığına bələd olduqlarından onlarla məsafəli davranıblar. O səbəbdən işğaldan sonra sanki acığa bu şəhərdə daşı-daş üstündə qoymayıblar, vəhşi tayfa kimi darmadağın ediblər. İndi Ağdamın özünə gəlməyinə ən azı 10 il var, ən çətin məskunlaşma da məhz bu şəhərdə olacaq məncə...

Ağdamda olmamısınsa, bu şəhəri, adamlarını, bərəkətli torpaqlarını, bazarını, hətta yayda istisini sözlə anlatmaq mümkün deyil. Qarabağda erməninin ona görə Ağdamı gözü götürmürdü ki, bu şəhərin adamları “od-yalo”, tikib-yaradan, zəhmətkeş və fərasətli idi. Ağdamdakı kasıbın evi o zaman Qarabağda varlı ermənilərin imarəti qədər dəbdəbəli idi, ağdamlılar ev tiklirdisə, yaxşı ev olmalı idi. Erməni isə paxıllıq edirdi hər Ağdamı görəndə. Çünki Xankəndidən bir neçə kilometr aralıdakı bu şəhər böyük yaşayış yeri olmaqla, həm də iri ticarət mərkəzi idi. Ağdam bazarında bütün rayonlardan(hətta yaxın respublikalardan) gəlmiş adamlarla rastlaşardın. Ağdam bazarından “atom bombası da tapa bilərsən” deyimi əlbəttə ki, zarafat idi, amma bu şəhərin bazarında axtardığın hər hər şeyi tapırdın da...

Biz Şuşada dərsdən qaçıb Ağdam bazarında gizlənərdik. Gəzdikcə bitməyən bazarda hər sort mal da tapa bilərdin, hər sort adamla rastlaşa da...

Ağdam mənim anamın vətənidir. Ağdam üçün də darıxıram. Zamanı geri çevirmək olsaydı, bəlkə də Ağdam bazarından başlayırdım.

Ermənilər isə Ağdam bazarına gedərlərsə, ilk növbədə ağıl axtarsınlar, bəlkə də “altdan satışda” tapdılar, indi onların ən ehtiyacı olan da məhz yemək yox, ağıldır axı...

Nazim SABİROĞLU

Musavat.com



Xəbəri paylaş

11 185 dəfə oxunub.

Digər xəbərlər