Saytımızı qiymətləndirin


 
 

İranla Ermənistan Araz çayını kanserogen maddələrlə necə çirkləndirir?
Tarix: 12-07-2023 | Saat: 14:23
Bölmə:Karusel / Region | çapa göndər

iranla-ermenistan-araz-cayini-kanserogen-maddelerle-nece-cirklendirir

Güney Azərbaycandan mühacir olan yazıçı-jurnalist, Parisdə fəaliyyət göstərən Ərk-Azərbaycan İnsan Haqlarını Müdafiə Cəmiyyətinin təsisçilərindən olan Maşallah Rəzminin News.gooya.com saytında “Araz çayının kanserogen maddələrlə çirkləndirilməsi” sərlövhəli məqaləsi dərc olunub.

“Qafqazinfo” İranın və Ermənistanın Araz çayını necə çirkləndirməsindən bəhs edən məqaləni (https://news.gooya.com/2023/07/post-77460.php) təqdim edir:

“Araz çayı Azərbaycan türkcəsində də Araz adlanır. Yunan tarixçiləri onun adını Araks kimi yazmışlar. Araz çayı Cənubi Qafqazın ən siyasi, Şimal-Qərbi İranın isə ən sulu çayıdır. Araz çayı 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi ilə Azərbaycanı Qacar İranı ilə Çar Rusiyası arasında iki hissəyə - şimal və cənub hissələrinə böldü. Araz Azərbaycanın iki hissəyə ayrılmasının simvolu olmaqla yanaşı, Azərbaycanın Arazın şimalı və Arazın cənubu olmaqla iki yerə bölünməsindən sonra yaranan həsrət ədəbiyyatında əsas mövzudur. Bu ayrılıq son iki əsrdə Azərbaycan şairlərinin, yazıçılarının, yerli aşıqların yaradıcılığını, bayatıları formalaşdırıb. 

Bu çay öz başlanğıcını Türkiyənin Rum vilayətində Mingöl (Hezər abgir) dağlarından götürür və Arpaçaya qoşulduqdan sonra Naxçıvan Muxtar Respublikasının İranla, Naxçıvandan sonra isə Ermənistanla sərhədinə çevrilir, sonra Ərdəbil vilayətinə doğru Azərbaycan Respublikasının ərazisinə daxil olana qədər İranın Azərbaycan Respublikası ilə sərhədi boyunca axır və nəhayət, Xəzər dənizinə çatmaq üçün böyük Kür çayına qoşulur. Türkiyə, Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası, Ermənistan və İran bu çaydan bəhrələnir, onun ekoloji tarazlığının qorunmasında məsuliyyət daşıyırlar. Lakin təəssüf ki, bu ölkələr arasında Araz çayının mühafizəsi ilə bağlı əməkdaşlıq müqaviləsi yoxdur.

Araz çayının Arpaçaydan Kürə qədər uzunluğu 1072 km-dir. Araz çayının eni 20 metr ilə 100 metr arasında dəyişir. Araz dağların arasından, yəni Cülfa ilə Aslandüz arasından keçəndə daralır, Muğan düzünə çatdıqda isə genişlənir. Çayın dərinliyi 2 ilə 4 metr arasında dəyişir. Yazda qar əriyəndə Araz çayında suyun səviyyəsi qalxır, yayın sonunda suyun səviyyəsi minimuma çatır. Arazın orta su verimi saniyədə 285 kubmetr, su hövzəsinin sahəsi isə 102 min kvadrat kilometrə çatır. Araz çayının ortasında Azərbaycan türkcəsində “Şam” adlanan və mal-qara üçün otlaq yeri olan 805 kiçik və iri yaşayış olmayan adalar vardır ki, bunlardan da 427 ada İrana, 382 ada isə Azərbaycan Respublikasına aiddir. Araz sularında ovlana və yeyilə bilən on növ balıq vardır.

Araz çayına bitişik ölkələr ya özləri bu çayı çirkləndirir, ya da öz susqunluqları ilə bu çirklənmənin ekoloji və insani fəlakətə gətirib çıxarmasına şərait yaradırlar. Muğan düzündə yaşayan yerli əhali artıq iyirmi ildir ki, Arazın çirklənməsinə qarşı etiraz edir, lakin onların səsi eşidilmir. Bu insanlar ağır metalların və radioaktiv maddələrin hissəciklərini adi gözlə görməsələr də, çay suyunun rənginin dəyişməsini, suyun dadını, pis qoxusunu, bəzi fəsillərdə balıqların ölməsini görürlər və bu hallara qarşı etiraz edirlər. Yerli məmurlar isə xalq tərəfindən təzyiqə məruz qaldıqda, öz məsuliyyətlərini danır və ölkənin (yəni İranın) Xarici İşlər Nazirliyinin Ermənistanı məsuliyyətə cəlb etməli olduğu barədə bəyanatlar verirlər.

2019-cu ildə Şərqi Azərbaycanın ətraf mühitin mühafizəsi üzrə baş direktoru Həmid Qasemi Ermənistan tərəfinin kanalizasiya sularının Araza yönəldilməsinin ətraf mühit qaydalarına, beynəlxalq protokol və konvensiyalara zidd olduğuna işarə edərək, İRNA xəbər agentliyinə deyib: “Xarici İşlər Nazirliyi kəskin etirazlarını bildirməlidir. Energetika Nazirliyi də ölkənin Ətraf Mühitin Mühafizəsi Təşkilatının çirklənmə standartlarını və meyarlarını əsas götürərək tez və ciddi şəkildə məsələni araşdırmalı, güzəştə getməməlidir”.

On ildən artıqdır ki, İran İslam Respublikasının tədqiqat mərkəzləri Araz çayının çirklənməsinin mənbəyini müəyyənləşdirsələr də, Araz suyunun çirklənməsi ilə bağlı xəbərlərin dərcinə mane olurlar. Bəzi yüksəkrütbəli məmurlar Arazın radioaktiv maddələrlə çirklənməsini yalandan inkar edir və ya məsuliyyəti öz üzərlərinə götürməkdən yayınaraq “hamısı siyasət oyunudur” deyirlər.

Göründüyü kimi, Araz çayının suyunun çirklənməsi İslam Parlamentinin, Kənd Təsərrüfatı Nazirliyi, Su və Ətraf Mühit Komitəsinin gündəliyindədir. Muğan düzünün nümayəndəsi Abbas Cahangirzadə Araz çayının su vəziyyətini araşdırmaq məqsədilə ətraf mühitin mühafizəsi təşkilatının rəhbəri Əli Selajqe ilə görüşüb. Urmiya gölü ilə də bağlı daha çox demaqogiya xarakteri daşıyan “müalicə” məzmunlu iclasların və təqib komitələrinin formalaşması illər boyu davam etdi və nəhayət, heç bir müsbət iş görülmədən göl tamamilə qurudu. 

İran İslam Respublikası Qaradağın (Ərəsbaran) bütün qızıl və mis mədənlərinin, o cümlədən Süngün mis mədəninin, çirkab sularında çoxlu miqdarda qurğuşun, civə və sianid olan Əndərian qızıl mədəninin tullantılarını Arazın sahilindəki insanların sağlamlığını nəzərə almadan ora tökür. Halbuki təhlükəsiz içməli suyu və cəmiyyətin sağlamlığını təmin etmək hökumətlərin ilk və ən vacib vəzifələrindən biridir. Ümumdünya Səhiyyə Təşkilatı təhlükəsiz içməli suya çıxışı əsas insan hüquqlarından biri hesab edir və xəstəliklərə nəzarət, sağlamlıq siyasəti və planlaşdırılması hökumətlərin əsas vəzifələrindəndir.

Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin çayın aşağı axınında yerləşdiyini və bütün çirklənmənin bu vilayətlərə getdiyini nəzərə alsaq, Araz boyu şəhər və kəndlərin sakinlərinin içməli su problemi kəskinləşir. Xudafərin bəndinin tikilməsi ilə yaradılmış göldə çirklənmə maksimum həddə çatır və məhz bu gölün suyu Araz ətrafındakı şəhərlərdə içməli suyu təmin edir, eləcə də Muğan düzündəki kənd təsərrüfatı obyektlərində, mal-qara, quşçuluq və heyvandarlıqda istifadə olunur.

Demək olar ki, İslam Respublikası İranın bütün ətraf mühitini dağıdıb, göllərin mənsəblərini qurudub və ya çirkləndirib və bununla da danılmaz bir həqiqət olan su böhranı yaradıb. Bununla belə, Araz çayı digər su ehtiyatlarından ayrıdır. Araz çayı siyasi çaydır və müstəsna geosiyasi mövqeyə malikdir, onun suyundan dörd ölkə istifadə edir və bütün dünyada su problemini nəzərə alsaq, Arazın çirklənməsi və bu sərhəd çayının istifadəyə yararsızlığı gələcəkdə kəskin regional böhrana çevrilə bilər. Ona görə də sağlamlıq riskinə varmadan Arazın çirkli suyundan istifadə edən, sağalmaz xəstəliklərə düçar olan milyonlarla insanın səssiz ölümünə ən qısa zamanda son qoyulmalıdır.

19 iyun 2023-cü il tarixində, bazar ertəsi günü “Peyam-e Ma” (Bizim xəbər) qəzetinin Araz çayının radioaktiv maddələr və ağır metallarla çirklənməsi ilə bağlı xəbərinin dərci əksər qəzetlərin və İran xəbər mediasının İran hökumətinin siyasətini şübhə altına almadan Araz çayının çirklənməsi təhlükəsini gündəmə gətirməsinə səbəb oldu. Bundan sonra İran parlamentinin gündəlikdə olan məsələlərinin müzakirəsindən əvvəl bölgənin bəzi nümayəndələri çıxış etdilər. “Peyam-e Ma” qəzetinin sənədli reportajı və bir neçə universitetin elmi araşdırması ilə Araz suyunda ağır metalların və radioaktiv maddələrin olması şübhə doğurmur. Bununla belə, regional su şirkətinin ətraf mühit və suyun keyfiyyəti şöbəsinin müdiri Mehran Xoccəste bu yaxınlarda bildirib ki, bu şirkətin və ölkənin Atom Enerjisi Təşkilatının mütəxəssisləri hər il Araza nəzarətlə bağlı monitorinq təşkil edir və indiyədək “Araz çayının suyunda normadan artıq radioaktivlik müşahidə olunmayıb”.

2022-ci ilin qışında (yəni ilin sonunda) “Research Journal of Border Studies” jurnalı özünün dördüncü sayında bu məsələyə toxunaraq “içməli suyun çirklənməsi nəticəsində Azərbaycanın sərhədyanı ərazilərindəki sakinlərinin əksəriyyətində qida borusu, mədə və dəri xərçənginin şiddəti və qaraciyər xəstəlikləri çox yüksəkdir və artmaqdadır" yazdığı halda, regional su şirkətinin ətraf mühit və suyun keyfiyyəti şöbəsinin müdiri Mehran Xoccəste belə bir halın olduğunu təkzib edib.

Ərdəbilin nümayəndəsi, İslam Şurasının Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini “Camaran” saytına bildirib ki, Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) tullantıları Araz çayına axır. O, əlavə edib ki, “bu yaxınlarda Ərdəbil Tibb Elmləri Universitetinin rektorunun səhiyyə üzrə müavini Ərdəbilin əhali sayına görə ölkədə 22-ci əyalət olduğunu, mədə-bağırsaq xərçəngindən əziyyət çəkən insanların sayına görə isə 1-ci əyalət olduğunu söyləmiş və qeyd etmişdir ki, bunun səbəblərinin öyrənilməsi üçün araşdırma aparılmalıdır”.

Ərdəbil nümayəndəsi Məşhəd nüvə konfransında dərc olunmuş məqalələrə, xüsusilə Təbriz Universitetinin nüvə fizikası sahəsindəki məqaləsinin nəticələrinə xüsusi işarə edərək deyib: “National Geographic” jurnalına görə, Ermənistanın “Metsamor” AES dünyanın ən təhlükəli elektrik stansiyası tullantılarını Araz çayına axıdır və çox güman ki, bu çayın sahillərində yerləşən əyalətlərin, xüsusən də Ərdəbilin yeraltı sularını çirkləndirir və nəticədə insanlarda mədə və bağırsaq xərçəngi riskinin yüksək olmasına səbəb olur”.

Bundan əvvəl, 2020-ci ilin sentyabr-oktyab aylarında Səhiyyə Nazirliyinin Tədqiqatlar və Texnologiyalar üzrə direktor müavini Rza Mələkzadə IRNA xəbər agentliyinə demişdir: “Mədə xərçənginə ən çox Ərdəbil əyalətində rast gəlinir. Belə ki, bu vilayətdə hər il hər yüz min adamdan 50 mədə xərçəngi hadisəsi aşkar olunur”.

Ermənistandakı “Metsamor” AES 1970-ci illərdə sovetlər tərəfindən İrəvanın 36 km-liyindəki Metsamor məntəqəsində tikilib və vaxtilə partlamış Çernobıl elektrik stansiyasının modelindədir. 7 dekabr 1988-ci ildə Ermənistanda 6,8 bal gücündə güclü zəlzələ baş verdi və 25 min nəfər həlak oldu. Həmin zəlzələ nəticəsində “Metsamor” da zədələndi və o vaxtdan radioaktiv maddələr sızmağa başladı, lakin elektrik stansiyası cəmi 6 həftə təmirə bağlandı. Ermənistan “Metsamor” AES-in yenilədiyini iddia etsə də, Avropa Birliyi bu elektrik stansiyasını çox təhlükəli adlandırıb və onu bağlamaq istəyir, xüsusən də bu elektrik stansiyası dünyanın ən böyük zəlzələ qırağı olan “Alpa” qırağı üzərində tikilib. Bununla belə, Ermənistanın elektrik enerjisinin 40%-ə qədəri bu elektrik stansiyasından verilir, yeni elektrik stansiyası tikməyə isə Ermənistanın lazımi qədər pulu və vəsaiti yoxdur. Ona görə də bu təhlükəli “atom bombası” hələ də elektrik enerjisi istehsal etmək üçün aktivdir. Atom elektrik stansiyalarının sənaye müddəti 30 il hesab edilir, lakin “Metsamor” elektrik stansiyası 50 ildən artıqdır ki, işləyir və etibarlı nəşrlərə görə, 2036-cı ilə qədər fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.

“Border Studies Research Paper” (“Sərhəd Araşdırmaları”) yazır ki, Ermənistanın sərhədyanı Aqarak (Əkərək) şəhərinin şimalında və şərqində, Araz çayının yatağından 5,2 kilometr aralıda 5 mis və molibden mədəni yerləşir. Bu mədənlərdən hər il milyonlarla kubmetr zəhərli tullantılar çaya axıdılır. Nəticədə çay suyunda kimyəvi çirkləndiricilərin və ağır metalların konsentrasiyası artır. Bu araşdırmada da deyilir ki, hazırda Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində mədə xərçəngi çox yayğındır və bu vilayətlərdə mədə xərçənginə yoluxma halları hər 100 min nəfərə 50 nəfər, qadınlarda isə hər yüz min nəfərə 25 nəfər təşkil edir. 

“Xərçəng Mərkəzi”nin statistik məlumatlarına görə, Azərbaycan əyalətlərində mədə xərçənginə yoluxma halları Tehrandan təxminən 3 dəfə çoxdur. Belə ki, Tehranda mədə xərçənginə yoluxma halları hər 100 min nəfərə 18 nəfər təşkil edir. “Ermənistanın sərhəd bölgəsi vurğulanmaqla Araz çayının suyunun çirklənməsinin sağlamlığa və ətraf mühitə vurduğu zərərin sənədləşdirilməsi” adlı yazı Təbriz Tibb Elmləri Universitetinin “Sağlamlıq və Ekologiya Mərkəzi” və Ətraf Mühitin Mühafizəsi Təşkilatının Su və Torpağın Çirklənməsinin İdarə Edilməsi və Mühafizəsi İdarəsi tərəfindən 2020-ci ilin sentyabrında dərc edilmiş tədqiqatın nəticəsidir ki, orada xərçənglə yanaşı, Araz suyunun çirklənməsinin digər zərərləri də göstərilib. Bu monitorinq, məsələn, Araz sularının ən mühüm çirkləndiricilərindən biri kimi qurğuşunun təsirlərini araşdıraraq yazırdı: “Qurğuşunun üzvi birləşmələri daha tez udulur və buna görə daha təhlükəlidir. Üzvi qurğuşun törəmələri kanserogen ola bilər. Qadınlar, ümumiyyətlə, kişilərə nisbətən qurğuşun zəhərlənməsinə daha çox meyllidirlər. Qurğuşun menstrual pozuntulara və sonsuzluğa və spontan abortlara səbəb olur və ölü doğum riskini artırır”.

2023-cü ilin əvvəlində Şəhid Beheşti Universitetinin Siyasi Coğrafiya Departamenti tərəfindən hazırlanmış “Ermənistan və Azərbaycan ölkələri tərəfindən sərhəd Araz çayının çirkləndirilməsinin İran İslam Respublikasının təhlükəsizliyi və mənafelərinə təsiri” adlı başqa bir araşdırmada Ali Milli Müdafiə Universitetinin Geosiyasət kafedrası açıq şəkildə bildirir: “Aparılan araşdırmalar və sınaqlar Araz çayına çox zərərli sənaye və mineral tullantıların və çirkləndiricilərin daxil olduğunu göstərir”.

Bu hesabatda vurğulanır: “Çayın sərhədyanı ərazilərində çirklənmiş sudan istifadə sahəsində aparılan tədqiqatlar göstərir ki, üç əyalət - Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri üçün insan və ekoloji sferada bərpası mümkün olmayan ziyanlar baş verir və bu ziyanlar da bu vilayətlərdə irimiqyaslı böhranlar törədir. Müxtəlif ölçülərdə olan sahələrdəki həmin böhranlar yaxın gələcəkdə ölkənin milli təhlükəsizliyinə təsir göstərəcək. Bu baxımdan həmin əyalətlərin insanları ciddi risklə üz-üzədirlər”.

Ticarət Palatasının Davamlı İnkişaf Komissiyasının 2022-ci ilin dekabrında “Şərqi Anadolu Layihəsinin” (DAP) Araz çayının onlardan biri olduğu şimal-qərbin su ehtiyatlarına təsiri və nəticələri haqqında hesabatında qeyd edilir ki, “Metsamor” atom elektrik stansiyası Araz çayının ən mühüm çirkləndirici mənbələrindən biridir. 

2016-cı ilin oktyabrında Passiv Müdafiə və Davamlı İnkişaf üzrə Milli Konfransda “Ermənistanın “Metsamor” AES-də nüvə qəzaları ilə mübarizə yanaşması ilə nüvə müdafiəsi” adlı məqalə təqdim olunub. Məqalədə “Metsamor” nüvə reaktorunun texnologiyasının Çernobıl AES-lə ilə oxşarlığına istinad edərək, mümkün nüvə qəzasının baş verməsi araşdırılıb. Rəqəmsal araşdırma və simulyasiyanın nəticələri göstərir ki, “Metsamor”da nüvə qəzası baş verərsə, radioaktiv elementlər 6 saat yarımdan az bir müddət ərzində İrana, 18 saat 20 dəqiqə ərzində əhalinin sıx yaşadığı Təbriz şəhərinə, 16 saat 12 dəqiqə ərzində isə Ərdəbilə çatacaq.  

Şəhid Beheşti Universitetinin Siyasi coğrafiya kafedrası və Milli Müdafiə Universitetinin Geosiyasət kafedrasının hesabatına əsasən, “Ermənistandakı 1 və 2 nömrəli “Metsamor” AES ildə cəmi 288 ton uran istehlak edir. “Metsamor” AES-in tullantı suları 3937,738 şimal eni və 556,4448 şərq coğrafi mövqedə yerləşən Sədərəkin cənubunda təmizlənmədən Araza daxil olur”. Bu tədqiqat Arazın radioaktiv çirkləndiricilərinin ən ciddi sənədi hesab olunur. Köhnəlmiş və qeyri-standart “Metsamor” AES-in hissələrinin köhnəlməsi səbəbindən radioaktiv materialların Araz çayına sızması regional və beynəlxalq ekspertlər və Avropa İttifaqı tərəfindən təsdiqlənib.  

Yuxarıdakı araşdırmalara əsasən aydın olur ki, Araz çayında iki növ güclü çirklənmə var. Biri köhnəlmiş “Metsamor” AES-dən sızan radioaktiv materiallardan, digəri isə ağır metallardan qaynaqlanır. Onlar əsasən Ermənistanın mis, qızıl və alüminium mədənlərindən və Ermənistanın sərhəd sənaye şəhərinin, yəni Aqarak (Əkərək) şəhərinin sənaye müəssisələrindən Araz çayına axır. Bu hallar İran İslam Respublikasının siyasi, təhlükəsizlik və hətta hərbi hakimiyyət orqanlarına yaxşı məlumdur, lakin onlar bunu siyasi səbəblərlə ört-basdır edir və üç şimal-qərb vilayətinin zəhərlənməsinin, insan və ətraf mühitin mühafizəsinin qarşısını almaq üçün heç bir tədbir görmürlər. 

Əminliklə demək olar ki, Arazın radioaktiv materiallar və ağır metallarla çirklənməsi Urmiya gölünün qurumasından sonra Azərbaycanda ikinci ən böyük ekoloji fəlakətdir. Çayın yuxarı axınında artıq suyun çıxarılması üçün çoxsaylı bəndlərin yaradılması çayda axan suyun həcmini azaldıb. Sənaye və mədənlərin inkişafı ilə çaya çirkləndirici maddələrin daxil olması da artmış və bu iki amilin nəticəsində “Arazın özünü təmizləməsi”nin qarşısı alınmışdır. Çirkləndiricilərin konsentrasiyası çayda suyun axını ilə tərs mütənasibdir, yəni suyun axımı nə qədər az olarsa, çirkləndiricilərin konsentrasiyası bir o qədər yüksək olur, ona görə də yayda suyun aşağı olduğu vaxtlarda çirkləndiricilərin konsentrasiyası xeyli yüksək olur. Ümumilikdə, son illər Arazın suyu keçmişlə müqayisədə üç dəfə azalıb. Bu azalma insan faktoru və çaydan daha çox su götürməsi ilə bağlıdır, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur. 

2022-ci ilin yayında "Promosyonel Su Resurslarının Ekologiyası” jurnalında çap edilmiş "Aras çayının və bəndin çirklənməsi: İnsan fəaliyyəti və ya iqlim dəyişikliyi" başlıqlı yazıda deyilir ki, ağır metallar kimi tanıdığımız elementlər üzərində aparılan araşdırmalara əsasən, Araz çayı sularında 59, ardıc çöküntülərində isə 61 metal nümunəsi var. Bu jurnal həmçinin Araz suyunda qurğuşun və arsenin olduğunu vurğulayır, hətta balıqlar üzərində aparılmış sınaqlar da bunu təsdiqləyir.

Sözügedən çirklənmələr barədə məlumatlar Ətraf Mühitin Mühafizəsi Təşkilatının Su və Torpağın Çirklənməsinin İdarə Edilməsi və Mühafizəsi İdarəsi ilə Təbriz Tibb Elmləri Universitetinin Sağlamlıq və Ətraf Mühit Araşdırma Mərkəzinin birgə apardıqları yoxlamaların nəticəsi əsasında əldə edilmişdir.
İslam İslam Respublikası Araz çayı suyunun çirkləndirilməsi xəbərlərini senzura edir və çirklənmə ilə bağlı məsuliyyəti qəbul etmək istəmir. Çünki İran hökuməti ətraf mühitlə bağlı bir neçə qonşu ölkə ilə danışıqlar aparmaq və beynəlxalq təşkilatlardan məsləhət almaq üçün çoxtərəfli diplomatiya həyata keçirə bilmir. Bu səbəbdən o, statistika və rəqəmləri gizlədir, ekspertlərin fikirlərini təkzib edir. Hökumət orqanları Araz çayının çirklənməsi ilə bağlı məlumatların dərc edilməsindən sonra belə məsələni ört-basdır etməyə çalışırlar.

Nəticə:

Çoxsaylı sınaqlara, hesabatlara və sənədləşdirilmiş araşdırmalara görə, Araz çayının çirklənməsi insan fəlakətinə çevrilən ekoloji fəlakətdir və gördüyümüz kimi, İran İslam Respublikasının hakimiyyət orqanlarının bu bəşəri fəlakətin qarşısını almaq üçün lazımi güc və iradəsi yoxdur. Ölkənin ətraf mühitinin tamamilə məhv edilməsi son 44 ildə İslam Respublikasının səmərəsiz idarəçiliyinin nəticəsidir. İslam Respublikasının başçıları ancaq təbii sərvətləri necə talan etməyi düşünürlər. Azərbaycandakı bu talan hakim ruhanilərin, möhtəkirlərin və islami dünyagörüşünə malik yeni bank sələmçilərinin saysız-hesabsız sərvətlərini artırmaq üçün maksimum həddə çatmışdır.

Hakimiyyətdə məsuliyyət hissi olmadığı halda, vətəndaş cəmiyyəti, müstəqil mətbuat (əgər varsa) və virtual şəbəkələr xalqı məlumatlandırmalı və hökuməti üzərinə düşən vəzifələri yerinə yetirməyə məcbur etməlidir.

Araz bölgəsi ölkələri arasında əməkdaşlıq və birgə ekspert qruplarının formalaşdırılması, ümumi Avropa çaylarında mövcud olan konvensiyalara bənzər Arazın mühafizəsi konvensiyasının yaradılması Arazı xilas edə bilər. Bu asan deyil, lakin mümkündür. Araz bölgəsi ölkələrinin birgə siyasi və təhlükəsizlik problemləri vardır. Arazın əsas çirkləndiricisi olan Ermənistanın Türkiyə ilə tarixi mübahisəsi var və Azərbaycan Respublikası ilə də müharibə vəziyyətindədir. İran İslam Respublikasının Azərbaycan Respublikası ilə də gərgin münasibətləri var və Türkiyə ilə siyasi rəqabət aparır.

Ən azı üç ölkənin, yəni Ermənistan, Azərbaycan və İranın gələcəyi Araz çayının suyunun sağlam olması ilə bağlıdır. Arazın çirklənməsindən ən böyük itkiləri İran və Azərbaycan Respublikası görür. Onlar uzunmüddətli perspektivdə Arazın çirklənməsinin artmasının təhlükələrinə və Araz sahillərində yaşayan sakinlərə təsirlərinə biganə qala bilməzlər və bunun həllini tapmalıdırlar.

Arazı xilas etmək üçün Araza bitişik ölkələr arasındakı fikir ayrılıqları bir yana qoyulmalı, ən doğrusu isə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Departamenti və Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti altında beynəlxalq Araz Konvensiyası yaradılmalıdır”.



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər