“Hazırda ölkəmizdə səhiyyə siyasəti düzgün həyata keçirilmir. Çünki səhiyyə siyasətini normalda həyata keçirməli olan qurum Səhiyyə Nazirliyidir. Faktiki isə Azərbaycanda bu dəqiqə tibbi xidməti göstərən TƏBİB-dir. O da İcbari Tibbi Sığortaya aiddir”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev söyləyib.
O, ölkədə hələ də həllini tapmayan tibbi problemlərdən, habelə Səhiyyə Nazirliyi ilə TƏBİB arasındakı çəkişmələrdən söz açıb.
A. Əliyev deyib ki, bu gün bu sahədə haçalanma, tirələnmə və intriqa var ki, bunun da əziyyətini xalq çəkir:
“Əgər insanların müalicə ilə bağlı sualları varsa, bu suallar TƏBBİ-ə yönəlməlidir. Pandemiyada da bir neçə dəfə səlahiyyətləri birindən alıb o birinə verdilər, gah poliklinikaları, gah da stasionar xidmətləri alıb, sonra geri qaytardılar. Bu sahədə güclü xaos var. Təəssüflər olsun ki, insanlar üçün də gözlədiyimiz İcbari Tibbi Sığorta xidməti yaranmadı”.
Həkim-radioloqun fikrincə, hazırda cəmiyyətimizdə İcbari Tibbi Sığortaya, TƏBİB-ə, eləcə də Səhiyyə Nazirliyinə inamsızlıq var:
“Həm də İcbari Sığortaya dair gözlənilən bir təzahür olmadı. Yəni hazırda yetərli səviyyədə xidmət yoxdur. Xüsusən də həkimlər bundan narazıdır. Çünki ölkədə tibbi xidməti həyata keçirən həkimlərdir və bunun yükü həkimlərin çiynindədir. Həkim, tibb bacısı, kömək personal və digərlərinin əksəriyyəti də İcbari Tibbi Sığortadan narazıdır. Əksəriyyəti də dövlət xəstəxanalarda, publik hüquqi şəxslərdə çalışdığına görə həkimlərin bu sahədə məmnunluğu yoxdur”.
Müsahibimiz əlavə edib ki, əgər bir sektorda yükün əsas hissəsini çiyinlərində daşıyan qrup məmnun deyilsə, təbii ki, o xidmət axsayacaq:
“İnsanlarımız da tibbi xidmət tələb edir ki, onlar da haqlıdır. Çünki işləyən vətəndaşların məvacibindən 2%, işlədiyi müəssisənin büdcəsindən 4% tutulur, işləməyən insanların – uşaqların pulunu da dövlət ödəyir. Yəni sığortanın pulları ödənilir. Amma xidmət göstərən tibb işçisinə oradan qəpik-quruş çatır”.
Həmsöhbətimiz vurğulayıb ki, bir həkim bəzən 80-ə qədər xəstəni müayinə edir:
“Bu qədər insanın şikayətini dinləmək, onlara xidmət göstərmək asan məsələ deyil. İnsan mənəvi cəhətdən çox yorulur, axı həkim də bir insandır? Bütün bunların müqabilində isə həkimə verilən pul qəpik-quruş olur ki, bu da həkimi hövsələdən çıxarır. Mənim bir çox həkim dost-tanışlarım çoxdur, amma bundan razılıq edən hələlik görməmişəm”.
Həkim iddia edib ki, xəstəxanaların maddi-texniki bazası da yaxşı deyil:
“Yaxud tibbi sərfiyyat materiallarını vaxtında vermirlər deyə tibb işçisi ilə xəstəni üz-üzə qoyurlar. Çünki pasiyentin hüquqdur ki, o, tibbi xidmət tələb etsin. Amma xəstəxanada həm materiallar, həm də kadr baxımından lazımi avandanlıqlar yoxdur ki, həkim bunu pasiyentin ürəyincə etsin. Nəticədə pasiyent də həkimdən narazı qalır, amma, əslində, bu, həkimlik deyil”.
“Doğrudur, burada epizodik hallar ola bilər, çünki tibb sahəsi bundan xali deyil. Amma bunu ümumiləşdirmək lazım deyil. Bu problemin səhvi qətiyyən həkimlərdə deyil, nə də vətəndaşda. Əksinə, işin düzgün təşkil olunmamasındadır. Bu qərarları yuxarı ranqlı tibb məmurları məsləhətsiz, məşvərətsiz verirlər. Bu absurd və gülməli qərarların əziyyətini də tibb işçiləri ilə pasiyentlər çəkir. Çünki aşağı səviyyədə üz-üzə gələn onlardır. Yuxarıdakılarda üz-üzə gəlmədikləri üçün yuxarıdakılar əsla narahat olmur”, – o, fikirlərini tamamlayıb.