Saytımızı qiymətləndirin


 
 

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib - FOTO
Tarix: 23-06-2023 | Saat: 21:04
Bölmə:Karusel / Sosial | çapa göndər

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Sahil Babayev, AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev, ASK-nın sədri Məmməd Musayev, Komissiyanın hər üç qurumdan olan üzvləri iştirak ediblər.

S.Babayev son illər ölkəmizdə aparılan sosial islahatları, habelə əməkhaqqı islahatlarını qeyd edib. O, əmək qanunvericiliyinə edilmiş, o cümlədən qadınların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edən son dəyişiklikləri diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2023-cü il 23 may tarixli Fərmanına əsasən Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində yaradılmaqda olan Əməyin Mühafizəsi Mərkəzinin əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahəsində idarəetmənin təkmilləşməsinə xidmət edəcəyi, bu Mərkəzin işçi və işəgötürənlər üçün verəcəyi faydalar qeyd olunub.

Sosial islahatlar, həmçinin əmək və sosial müdafiə üzrə qanunvericiliyin təkmilləşdirilməsi prosesində, Beynəlxalq Əmək Təşkilatı Konvensiyalarının, eləcə də son illər “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyanın ratifikasiyasında AHİK və ASK ilə sosial tərəfdaşlıqda, Üçtərəfli Komissiya platformasında görülən birgə işlərin əhəmiyyəti vurğulanıb.

Komissiyanın iclasında əmək və sosial sığorta qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlı yeni layihə və təkliflər müzakirə olunub. Habelə uşaqların müəssisəyə düşməsinin qarşısının alınması, müəssisələrdə məskunlaşan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması prosesində sosial tərəfdaşların fəal iştirakının təmin edilməsinə dair fikir mübadiləsi aparılıb.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün müvafiq qabaqlayıcı tədbirlərin görülməsi və qeyri-formal məşğulluqla mübarizə sahəsində işəgötürənlər və işçilər üçün maarifləndirici tədbirlərin həyata keçirilməsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Bu sahədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tərəfdaş qurumlarla birgə tədbirləri diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizdəki iş yerlərində də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birgə əməyin mühafizəsinə dair maarifləndirici təlimlər keçirildiyi, iştirakçılara müvafiq mövzularda Xidmət tərəfindən hazırlanmış təlimat xarakterli bukletlər paylandığı qeyd olunub.

İclasda Üçtərəfli Komissiyanın 2023-cü il üçün İş Planı da təsdiq edilib.



Xəbəri paylaş

1131 dəfə oxunub.

Digər xəbərlər