Saytımızı qiymətləndirin


 
 

“Şahdağ” niyə ziyanla İŞLƏYİR? - Çıxış yolu üçün TƏKLİFLƏR
Tarix: 22-06-2023 | Saat: 13:08
Bölmə:Karusel / Region / İqtisadiyyat | çapa göndər

 

“Şahdağ” niyə ziyanla İŞLƏYİR? - Çıxış yolu üçün TƏKLİFLƏR

İnsanların xüsusilə qış aylarında ən çox üz tutduqları istirahət və turizm mərkəzlərindən biri olan "Şahdağ"ın ziyanla işlədiyi məlum olub. Rəsmi məlumata əsasən, 2022-ci ildə Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” 8 milyon 687,5 min manat xalis zərər edib. Şirkət 2021-ci ili 6 milyon 343.6 min manat zərərlə başa vurub.

 

Mərkəzin cəmi aktivləri 3.2% azalaraq 302.2 milyon manat, cəmi öhdəlikləri isə 37.3% azalaraq 1,9 milyon manat olub. 2023-cü il yanvar ayının 1-nə turizm mərkəzinin cəmi kapitalı 300 milyon 329.7 min manat təşkil edib ki, bu da illik müqayisədə 2.8% və ya 8 milyon 687,5 min manat azdır.

 

"Şahdağ" turizm mərkəzinin zərərlə fəaliyyət göstərməsinə dair məlumatda qeyd olunub ki, Mərkəzin birja əməliyyatı gəlirlərindəki 56,3 % artımı (müştəri sayının artımı) nəzərə aldıqda buna nisbətdə inzibati xərclərin (kompleksin köhnəlməsi ilə əlaqədar meydana çıxan təmir və bərpa xərcləri) 11,2 %, satışın maya dəyərinin 17 % olmaqla təbii şəkildə artması, eləcə də 2021-ci ilə nisbətdə cari ildə büdcədən daxil olan vəsaitin 13,6 % azalması, həmçinin ötən illərin yığılmış kreditor öhdəliklərinin 37,3 % azaldılması müəyyən kəsir və zərərlərə səbəb olub.

 

"Şahdağ"ın zərərlə işləməsi barədə xəbərlər birmənalı qarşılanmayıb. Bəzi ekspertlər bununla bağlı tənqidi fikirlər səsləndiriblər. 

 

 

Mövzu barədə Qarabaqinfo.az-a danışan turizm eksperti Ceyhun Aşurov zərər əlavə xərclər və turizm mərkəzinin mövsümi olaraq fəaliyyət göstərməsi ilə əlaqələndirib:

 

“Hesab edirəm ki, bu zərər düzgün təşkil olunmayan xərclər nəticəsində yaranmışdır. Ola bilər ki, yeniliklərlə əlaqədar əlavə aqreqatlar alınıb, əlavə xətlər açılıb və bahalı təsislər alınıb. Bununla da əlavə xərclər yaranıb. Əlavə xərcləri zərər kimi qəbul ediblər. Hər kəsin bildiyi kimi, orada qiymətlər kifayət qədər yüksəkdir. "Şahdağ"da yerləşən hotellər, kirayə verilən avadanlıqlar yetərincə bahadır. Hətta orada suyun qiyməti Bakı ilə müqayisədə bir neçə dəfə bahadır. Hesab edirəm ki, bu normal haldır".

 

Ekspert vurğulayıb ki, turizm mərkəzinin mövsümi olaraq fəaliyyət göstərməsini də nəzərə almaq lazımdır.

 

"Mərkəz mövsümi fəaliyyət göstərməsi səbəbilə ilin 9 ayı elə də mənfəətə çıxmır. Yalnız 3 ay həmin qiymətlərlə mənfəət əldə olunur. Öncə "Şahdağ" turizm mərkəzinin mövsümi olaraq fəaliyyət göstərməsi, ikinci səbəb olaraq isə ora çəkilən əlavə xərclər və investisiya xərcləri səbəbilə o qədər ziyanın yarandığını düşünürəm. Mən ilkin səbəb olaraq bunları görürəm” - deyə Ceyhun Aşurov əlavə edib.

 

 

İqtisadçı ekspert Natiq Cəfərli isə ziyanın səbəbinin "Şahdağ" turizm mərkəzinin xərcinin gəlirindən çox olmasında gördüyünü qeyd edib. 

 

“Əslində ziyanla işləmək gəlirlə işləməmək anlamına gəlmir. "Şahdağ" sadəcə mənfəətlə işləmir. Gəliri, satışı olur, amma mənfəətə çıxa bilmir. Mənfəətə çıxa bilməməsinin səbəbi xərc hissəsi ilə bağlıdır. Gəlir hissəsi ilə yox. Oraya xeyli sayda insanlar gedir və bahalı hotellər fəaliyyət göstərir. Kifayət qədər doluluq səviyyəsi də olur. Xüsusilə qış aylarında. Hətta demək olar ki, həftə içi günlərdə belə yerlər dolu olur. Yəni bu mərkəzin yetərincə qazancı var. Problem odur ki, xərci daha çoxdur. Bu tipli obyektlərin, dövlətin mülkiyyətində olan obyektlərin problemi əsasən xərc hissəsinin azaldılmasına yönəlik addımların olmamasıdır. Burada təmir xərcləri, avadanlıq xərcləri, müəyyən xərclər şişirdilmiş şəkildə balansa salındığına görə sonda xərclər gəlirdən çox olur. Xərclər gəlirləri obrazlı desək yeyib bitirir. Mənfəətə çıxmaq olmur və xalis ziyan yaranır. Uzun illərdir ki, bu tipli obyektlərdə, dövlətin nəzarətində, mülkiyyətində olan obyektlərdə eyni problem müşahidə olunur. Bu, birinci il deyil, təəssüf ki, sonuncu da olmayacaq", - o bildirib.

 

Ekspertin sözlərinə görə, bu tipli obyetlərin fəaliyyətinə yenidən baxılmalıdır.

 

“Əsas məsələ xərclərin optimallaşdırılması, artıq xərclərə yol verilməməsi, xərclərin reallığa uyğun şəkildə sənədləşdirilməsi olmalıdır. Bütün bunlar baş verdikdən sonra gəlirlə xərclər arasında balans yaranacaq və həmin obyektlər mənfəətlə işləməyə başlayacaq. Məntiqlə deyə bilərik ki, əgər bu dövlətə yükdürsə, ziyanla işləyirsə, o zaman dövlət bu yükü daşısın. Özəlləşmə elan etsin, xarici şirkətlərə müraciət etsin. Böyük özəlləşmə layihəsi çərçivəsində bu obyetlərin xarici şirkətlərə satılması da mümkündür. Bu zaman dövlət ikiqat qazanc əldə edir. Həm özəlləşmədən büdcəyə əlavə vəsaitlər daxil olacaq, həm də büdcənin zərərindəki o yük aradan qalxacaq. Bu nöqteyi-nəzərdən belə obyektlərin işləmə fəlsəfəsinə, işləmə qaydalarına yenidən baxılmalıdır. Əgər ziyanla işləyirsə və xərclər çoxdursa, özəlləşmə proqramı haqqında düşünməkdə yarar var", - Natiq Cəfərli sözlərini belə yekunlaşdırıb



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər