Saytımızı qiymətləndirin


 
 

Sinan Oğanın şifrəli mesajı: 5 il sonra nə olacaq? 
Tarix: 07-06-2023 | Saat: 11:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sinan Oğanın şifrəli mesajı: 5 il sonra nə olacaq? 

Türkiyə prezidentliyinə keçmiş namizəd, Azərbaycan əsilli siyasətçi Sinan Oğan yenidən müzakirə obyektinə çevrilib. S. Oğan bu dəfə verdiyi bəyanatla gündəmə gəlib. 

Qarabaginfo.az xatırladır ki, tanınmış siyasətçi qarşıdakı dövrlə bağlı planlarını açıqlayıb. O, siyasi fəaliyyətinə qaldığı yerdən davam edəcəyini bildirib. S. Oğan deyib ki, onun 5 il sonra yenidən Türkiyə prezidentliyinə namizəd olacağına heç kim şübhə etməməlidir. 

S. Oğanın bu açıqlaması siyasi kuluarlarda ən müxtəlif versiyalara yaşamaq hüququ qazandırıb. Türkiyəli analitiklər siyasətçinin qarşıdakı dövrlə bağlı gizli planlarına işıq tutmağa çalışırlar.

Qeyd edək ki, S. Oğanın Ərdoğan hakimiyyətində təmsil olunacağı ilə bağlı ehtimallar mövcud idi. Türkiyə KİV-ləri onun 67-ci hökumətdə vəzifə tutacağını, hətta nazir ola biləcəyini iddia edirdi. Prezident seçkilərinin ikinci turunda S. Oğanın R. T. Ərdoğanın namizədliyini dəstəkləməsi hakim AKP çevrələrində ona qarşı rəğbət yaradıb. Hakim partiyanın “ağır topları” S. Oğanla əməkdaşlığa isti baxırlar. Onların fikrincə, keçmiş rəqiblərinin AKP hakimiyyətində təmsil olunması iqtidara yeni “qan" qata bilər. 

Prezident R. T. Ərdoğanın iyunun 3-də açıqladığı yeni hökumət kabinəsinin siyahısında S. Oğanın adının olmaması müzakirələri yenidən qızışdırıb. İndi Türkiyə cəmiyyəti və ölkə mətbuatı bu sual ətrafında gəzişmələr edir: Sinan Oğan niyə hakimiyyətdə təmsil olunmadı?

Əksər analitiklər bu sualın cavabının siyasətçinin dünənki bəyanatının arxasında gizləndiyini düşünür. Onların qənaətinə görə, S. Oğan daha aktiv siyasi fəaliyyətlə məşğul olmağa hazırlaşdığı üçün hökumətdə vəzifə tutmaq istəməyib. Siyasi dəhlizlərdə S. Oğanın tezliklə özünün partiyasını elan edəcəyinə dair xəbərlər dolaşmaqdadır. Onun bir neçə yerə parçalanmış milliyyətçi-islamçı kəsimdən elektorat qopararaq, güclü siyasi təşkilatla meydana çıxmaq niyyətində olduğu bildirilir. 

Qarşıdakı 5 ildə S. Oğanın lideri olacağı sağ milliyyətçi partiyanın AKP, MHP və İYİ Partiyasının sosial bazası hesabına nəhəng siyasi təşkilata çevriləcəyinə dair ehtimallar var. Hər 3 siyasi partiyanın isə parlament seçkilərində topladığı səsin 50%-dən çox olduğu bəllidir. Post-Ərdoğan və post-Bahçeli dönəmində S. Oğanın bu arzusunu gerçəkləşdirmək üçün münbit şəraitin yaranacağı gözlənilir. Son 2 seçkidə səsini artırmağı bacarmayan İYİ Partiyasının sədri Meral Akşenerin Türkiyənin milliyyətçi-islamçı kəsiminin şəriksiz lideri olması mümkün deyil. S. Oğanın onun yeni “şəriki” olacağı, hətta qoca M. Akşeneri sıxışdırıb tamamilə meydandan çıxaracağı ehtimal olunur.

Müşahidəçilərin fikrincə, S. Oğan qarşıdakı dövrdə uğurlu siyasi gedişlər edə bilsə, yenidən türk siyasətinin “kilid adamı”na çevriləcək. 



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər