Tarix: 01-06-2023 | Saat: 11:32
Bölmə:Karusel / Dünya | çapa göndər
Moldova tarixinin ən böyük beynəlxalq tədbirinə ev sahibliyi etməyə hazırlaşır. İyunun 1-də Moldovanın paytaxtı Kişineudan təxminən 35 kilometr aralıda yerləşən və şərabları ilə məşhur olan Bulboaka bölgəsindəki Mimi qalasında 50-yə yaxın dövlət və hökumət başçısı bir araya gələcək.
Avropa İttifaqı Şurasının saytında yer alan məlumatda bildirilib ki, Avropa Siyasi Birliyi adlı sammitin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Qeyd olunub ki, bu siyasi koordinasiya platforması heç bir mövcud təşkilatı, strukturu və ya prosesi əvəz etmir, hazırkı mərhələdə yeni təşkilat, struktur yaratmaq məqsədi daşımır.
Avropa Siyasi Birliyinin 2022-ci ilin oktyabrında keçirilən ilk sammitində liderlər əsasən sülh və təhlükəsizlik məsələlərini, xüsusilə Rusiyanın Ukraynadakı müharibəsini və enerji böhranını müzakirə ediblər. Kişineuda keçiriləcək sammitə Avropa İttifaqının 27 üzvü, Albaniya, Andorra, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosova, Lixtenşteyn, Moldova, Monako, Monteneqro, Şimali Makedoniya, Norveç, San Marino, Serbiya, İsveçrə, Türkiyə, Ukrayna, Birləşmiş Krallığın liderləri dəvət edilib. Qərb mətbuatı yazıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasiminə görə Moldovaya getməyə bilər.
Qeyd edək ki, ilk sammitdə 44 ölkənin lideri iştirak etmişdi. Növbəti sammitlərin İspaniyada və Britaniyada keçirilməsi planlaşdırılır.
Avropa Siyasi Birliyi adlı layihənin ideya müəllifi Fransa prezidenti Emmanuel Makrondur. O, keçən ilin iyun ayında keçirilən Avropa İttifaqı Şurasının iclasında yeni ideyanı səsləndirib. Avropa İttifaqının daha suveren təşkilata çevrilməsini istədiyini deyən Makron bu istiqamətdə bir çox addımlar atıb. O, “Avropa ordusu” ideyasını irəli sürüb. Ancaq Ukraynada başlayan müharibə səbəbindən onun ordu ilə bağlı layihəsi təxirə salınıb.
Ukraynadakı müharibə Avropa İttifaqının qonşuları ilə münasibətlərini yenidən formalaşdırmaq zərurəti yaradıb. Təşkilatın şərq və cənubundakı qonşuları ilə əlaqələri dərinləşdirmək üçün nəzərdə tutulan Avropa Qonşuluq Siyasəti adlı format faktiki olaraq uğursuzluğa düçar olub və təşkilatın genişlənməsi prosesi xeyli yavaşlayıb. Hətta proses əksinə gedib və üzv ölkələrin sayı Britaniyanın təşkilatı tərk etməsi ilə azalıb. Təşkilatın sonuncu genişlənməsi 2013-cü ildə olub və Xorvatiyanın üzvlüyündən keçən 9 il ərzində heç bir ölkə Avropa İttifaqına üzv qəbul edilməyib.
İlk sammit öncəsi Avropa İttifaqının baş diplomatı Cozep Borrel deyib ki, bu görüş Rusiyasız yeni nizam axtarmaq üçündür: "Bu o demək deyil ki, biz Rusiyanı əbədi olaraq kənarlaşdırmaq istəyirik, lakin burada Rusiyanın, Putinin Rusiyasının yeri yoxdur".
Moldova Prezidenti Maya Sandu isə bildirib ki, sammitdə sülh mesajı və Rusiyanın qonşu Ukraynaya təcavüzünü pisləyən bəyanatlar veriləcək. Liderlərin görüşündə bir sıra strateji məsələlərə toxunulacaq və simvolik birlik nümayiş etdiriləcək. "Moskvada oturub yaxın qonşuluqdakı görüşdə 47 ölkəni bir yerdə görürsünüz, bu, mühüm mesajdır", - Avropa siyasətçilərdən biri deyib.
Sammitdə kibertəhlükəsizlikdən tutmuş miqrasiya və enerji təhlükəsizliyinə qədər bir çox məsələ müzakirə olunacaq. Görüş, həmçinin Azərbaycan və Ermənistandan Kosovanın şimalındakı son toqquşmalara qədər qitədəki gərginliyi müzakirə etmək imkanı verəcək. Sammit çərçivəsində Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
Ümumilikdə isə qeyd etmək olar ki, Avropa Siyasi Birliyinin məqsədi Ukrayna müharibəsinin yaratdığı yeni siyasi nizamda Avropanın rolunu artırmaqdır. Liderlər bu görüşlərdən Avropadakı və qonşuluğundakı problemləri həll etmək üçün istifadə etməlidir. Əks təqdirdə, sammit fotoçəkilişlərdən başqa heç nə ilə yadda qalmayacaq...
Digər xəbərlər