Tarix: 25-05-2023 | Saat: 12:50
Bölmə:Karusel / Dünya | çapa göndər
Kreml Ermənistanın Baş naziri Nikol Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olmalarını "diqqətə" alır.
Qarabaqinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Paşinyanla Rusiya XİN rəsmisi Mariya Zaxarova arasında söz atışmasından danışarkən deyib.
"Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlamasına özünəməxsus reaksiya verib. Zaxarova bildirib ki, Nikol Paşinyanın son bəyanatları Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub. O əlavə edib ki, Rusiya nizamlama üzrə vasitəçidir və bu baxımdan Ermənistanın Qarabağla bağlı dəqiq mövqeyinin olması vacibdir",- deyə politoloq fikirlərini sosial şəbəkə hesabında bölüşüb.
E.Şahinoğlu qeyd edib ki, Moskva Ermənistanın baş nazirini tənqid etməyə üstünlük verir:
"Bundan da dəqiq mövqe olarmı? Paşinyan açıq deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, daha nə istəyirsiniz? Mariya Zaxarovanın “Paşinyanın açıqlaması Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub” cümləsi isə ona dəlalət edir ki, Kreml Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olmalarını “diqqətə” alır. Yəni bu o deməkdir ki, Kremlin Qarabağla bağlı “fərqli” mövqeyi var. Vaşinqton Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrinə müsbət yanaşarkən, Moskva Paşinyanı tənqid etməyə üstünlük verir. Demək, Kreml separatçılarla bağlı “planlarından” əl çəkməyib".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya cavab verib. Paşinyan deyib ki, Zaxarova onun həmsöhbəti ola bilməz: "Mənim həmsöhbətlərim Rusiya Federasiyasının Prezidenti və Baş naziridir. Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, yalnız onları nəzərə ala bilər”.
Zaxarova isə Paşinyanın açıqlamalarının qarışıq reaksiyalara səbəb olduğunu bildirib.
Digər xəbərlər